23 Dekabr 2024

Rəsmi Bakı sərt və qətiyyətli qərarlar qəbul edir: Tezliklə Xankəndi Azərbaycan bayrağına qovuşacaq, az qaldı…

Azərbaycan dövləti tələsmədən və gecikmədən, tədricən öz siyasi iradəsini Ermənistana qəbul etdirməkdədir; Əvvəlcə Laçın dəhlizi erməni nazirlərin üzünə həmişəlik qapadıldı, ardınca Ermənistan ordusunun tör-töküntülərinin Xankəndi və ətraf ərazilərdən çıxarılması prosesi başladıldı, indi isə xarici ölkə təmsilçilərinin bölgəyə səfərləri üçün rəsmi Bakıdan icazə alınması qaçılmaz olacaq…

Ermənistan son savaşın reallıqları ilə boğuşmaq məcburiyyətində qalıb. Rəsmi İrəvan hansı istiqamətə üzünü çevirsə, mütləq qarşısına 44 günlük müharibədə məğlubiyyətin ağır nəticələri çıxır. Və bu nəticələrin mövcud reallıqlarından yayına bilmir.

Təbii ki, bütün reallıqlar güc faktoruna birbaşa bağlıdır. Onları doğuran amil məhz qüvvələr nisbətidir. Yəni, kim daha güclüdürsə, məhz həmin tərəfin şərtləri, tələbləri həlledici xarakter daşıyır.

Maraqlıdır ki, hazırda rəsmi İrəvan da belə bir qüvvələr nisbətinə bağlı situasiyanın ağır şərtləri altında əzilməkdə davam edir. Bu situasiyanın məzmununu dəyişib, öz xeyrinə çevirməyin isə tək bir çıxış yolu var.

Bu, yenidən savaşa başlayıb, qüvvələr nisbətinin fərqli paylaşımına nail olmaqdır. Əks halda, ikinci yol kimi, mövcud situasiya ilə barışıb, reallıqları qəbul etmək, yeni şərhlərin tələblərinə boyun əymək qaçılmazdır.

İndi rəsmi İrəvan da məhz belə bir vəziyyətin sancılarını yaşayır. Mövcud situasiya ilə barışmağın yaxın gələcək üçün ümidverici olmadığını Paşinyan hakimiyyəti də çox yaxşı anlayır.

Ancaq buna müqavimət göstərib, vəziyyəti dəyişmək imkanlarından da məhrumdur. Xüsusilə də, qüvvələr nisbətinə fərqli keyfiyyət və məzmun qazandıra biləcək önəmli hərbi-siyasi və maliyyə-iqtisadi resurslara sahib deyil. Belə vəziyyətdə əks həmlə cəhdləri isə ümumiyyətlə, daha ağır nəticələr vəd edir.

Ona görə də, Paşinyan hakimiyyəti hələlik proqmatik davranır. İstəməsə də mövcud reallıqları qəbul edib, onların doğurduğu şərtlərə uymağa çalışır. Bununla da, Ermənistanın bir dövlət kimi gələcək mövcudluq şanslarını təminat altına almaq istəyir.

Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin rəsmi İrəvanın maraqlarına maksimum səviyyədə həssas yanaşacağına bəslənən ümidlər də istənilən səviyyədə özünü doğrultmur. Düzdür, rus sülhməramlıların ermənilərin bəzi pozucu davranışlarına göz yummaları barədə müəyyən məlumatlar hər halda, mövcuddur.

Ancaq rusların “qapalı gözlər”ini Azərbaycanın “dəmir yumruğu” tarazlayır. Və bu “dəmir yumruğun” real təsirindən yayınmaq qətiyyən mümkün deyil.

Xatırladaq ki, rəsmi Bakı hələlik bəzi qəbuledilməz məqamlara mümkün qədər səbrli yanaşmağa üstünlük verir. Açıq reaksiya verilməsinə ehtiyac olan bəzi olaylara diplomatiya üzərindən müdaxilə etməyə çalışır. Və qarşı tərəf bundan yanlış nəticə çıxartdığına əmin olduğu an isə dərhal “yumruğunu masaya çırpır”, hər kəsə həddini bildirir.

Ermənistanın kapitulyasiya sənədini imzalamasından sonra baş verən olaylara verilən reaksiyalarda bu, açıq-aşkar nəzərə çarpdı. Belə ki, erməni nazirlər tez-tez Xankəndi istiqamətində səfərlərə çıxırdılar.  Rəsmi Bakı isə əvvəlcə buna mümkün qədər səbrlə yanaşmağa çalışırdı. Öz reaksiyasını diplomatik kanallar ilə biruzə verirdi.

Ancaq rəsmi İrəvan bundan lazımi nəticə çıxartmadı. Əksinə, həddini daha da aşmağa başladı. Məhz bu halda, rəsmi Bakı öz “dəmir yumruğunu” Ermənistanın başı üzərinə növbəti dəfə qaldırdı.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev sərt xəbərdarlıq etdi. Növbəti “nazir səfəri”nin Ermənistana baha başa gələcəyini bəyanladı. Və rəsmi İrəvan atdığı addımların fəlakət olaraq, geri dönəcəyini nəhayət ki, anladı.

Eyni zamanda, erməni silahlıları ilə bağlı da müəyyən problemlər mövcud idi. 10 noyabr anlaşmasında Ermənistan ordusunun Azərbaycan ərazilərindən tamamilə çıxarılması nəzərdə tutulurdu. Halbuki, darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri Xankəndi ətrafında qalmaqdaydı.

Ermənistan əvvəlcə bunu qondarma “dqr” ilə bağlı silahlı qruplaşmalar olduğu iddiası altında gizlətməyə çalışırdı. Ancaq sonra rəsmi İrəvana anlatdılar ki, qondarma “dqr” artıq mövcud deyil. Bunu iddia edənlər separatçılardır və Xankəndidə qala bilməzlər. Həmin ərazidən mütləq çıxarılacaqlar.

Ermənistan ordusunun oradakı törtöküntüləri isə silahlı terrorçular elan edildi. Erməni terrorçu qruplaşmalarına qarşı antiterror əməliyyatları keçirilə biləcəyi vurğulandı.

Nəticə isə göz qabağındadır. Ermənistan tez-tələsik öz darmadağın edilmiş ordusunun törtöküntülərini Xankəndi bölgəsindən çıxartmağa başlayıb. Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da təsdiqləyir.

Əlbəttə, keçmiş erməni səfir bu məlumatı ictimailəşdirərkən ilk növbədə siyasi məqsədlər güdür. Belə ki, bu məlumatdan Paşinyan hakimiyyətinə qarşı əks təbliğat mövzusu kimi istifadə etməyə çalışırlar. Guya ki, keçmiş erməni səfirin qaynatası Serj Sarkisyan hazırda hakimiyyətdə olsaydı, nəticə fərqli olacaqmış.

Əlbəttə ki, bu, belə deyil. S.Sarkisyan və ya Robert Köçəryan da hakimiyyətdə olsaydı, Ermənistan yenə də mütləq məğlubiyyətə uğrayacaqdı və indiki situasiyanın şərtlərinə boyun əymək məcburiyyətində qalacaqdı. Çünki darmadağın edilmiş Ermənistan ordusu məhz onların klan hakimiyyəti dönəmində qurulmuşdu.

Onu da qeyd edək ki, hətta rus sülhməramlıların belə, ötən ilin sonlarında erməni silahlılarına tərksilah olunmaq üçün konkret vaxt verdiyi barədə məlumatlar var. Həmin məlumatlara görə, bu ilin 11 yanvarına qədər silahların təhvil verilməsi yekunlaşmalıydı.

Çünki, həmin gün Moskvada növbəti dəfə üç ölkənin rəhbərləri görüşəcəkdilər. Yəqin ki, həmin görüşə qədər terrorçu elan edilmiş erməni silahlıları ilə bağlı problemin həll edilməsi barədə Rusiya sülhməramlı qüvvələrinə təlimat verilmişdi. Əks halda, onlar bu məsələdə belə israrçı olmazdılar.

Digər tərəfdən, 11 yanvar görüşündən sonra rus sülhməramlıları Laçın dəhlizi üzərindən keçid prosesinə nəzarəti də gücləndirmək məcburiyyətində qaldılar. Və bu məsələdə Türkiyənin mövqeyi də önəmli faktor rolunu oynayır.

İndi isə bu önəmli prosesin üçüncü ayağı işə salınıb. Belə ki, Xankəndiyə səfər etmək istəyən xarici ölkə vətəndaşları artıq Laçın dəhlizindən keçə bilməyəcəklər. Onların səfərləri üçün Ermənistanda akkreditasiya yetərli deyil. Belə akkreditasiyalar artıq etibarsız hesab olunur.

Bu barədə məlumat yenə də Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan tərəfindən yayılıb. Onun iddiasına görə, rus sülhməramlıları Ermənistanda akkreditasiya olunmuş fransız jurnalistləri Laçın dəhlizindən buraxmayıblar və geri qaytarıblar.

Fransız jurnalistlərə bildirilib ki, onların akkreditasiyaları etibarsızdır. Xankəndiyə getmək üçün onlar mütləq Azərbaycanda akkreditasiyadan keçməlidirlər. Və bu, olduqca önəmli yenilikdir.

Maraqlıdır ki, M.Minasyan bu məsələyə Ermənistan baş naziri Nikol Paşinyanın reaksiyasını da açıqlayıb. Onun sözlərinə görə, baş nazir N.Paşinyan Fransanın Ermənistandakı səfirinin etirazına cavab olaraq, bildirib ki, 11 yanvar görüşündə Xankəndiyə getmək istəyənlərin Azərbaycanda akkreditasiyadan keçmələrinin vacibliyi razılaşdırılıb. Və rəsmi İrəvan bu anlaşmanı poza bilməz.

Əslində, burada təəccüblü və qeyri-adi heç nə yoxdur. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Xankəndi və ətraf bölgə Azərbaycan ərazisidir. Azərbaycan ərazisinə səfər etmək üçün isə Ermənistanda akkreditasiya olunmaq beynəlxalq hüquqa ziddir.

30 illik işğal dövründə bu məsələdə beynəlxalq hüquq dəfələrlə tapdalansa da, artıq qanunlara riayət etmək lazımdır. Çünki Azərbaycan öz ərazilərini düşmən işğalından azad edib və öz suveren hüquqlarının bərpasına nail olub. Deməli, bundan sonra kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan ərazilərində hərəkət etmək üçün ilk növbədə rəsmi Bakıdan icazə almağa məcburdur.

Göründüyü kimi, rəsmi Bakı öz parlaq hərbi zəfərindən sonra işğaldan azad olunmuş Azərbaycan əraziləri üzərində suveren hüquqlarının bərpa olunması istiqamətində qətiyyətli addımlar atmaqda davam edir. Əvvəlcə, Ermənistan nazirlərinin Xankəndiyə səfərləri qətiyyətlə bloklandı. Laçın dəhlizi onların üzünə həmişəlik bağlandı.

Ardınca Ermənistan ordusunun tör-töküntülərinin Xankəndi və ətraf ərazilərdən çıxarılmasına başlanıldı. İndisə, Xankəndiyə getmək istəyən xarici ölkə təmsilçilərinin Azərbaycanda akkreditasiya olunmasının məcburi xarakter daşıdığı hər kəsə qəbul etdirildi.

Beləliklə, rəsmi Bakı Azərbaycan dövlətinin suveren hüquqlarının bütün ölkə ərazisində bərpası istiqamətində sərt və qətiyyətli addımlar atır. Üstəlik, bu addımları tələsmədən və gecikmədən qəbul edilmiş qərarlarla reallığa çevirir. Və artıq qətiyyən şübhə doğurmur ki, bu prosesin sonu Azərbaycan bayrağının Xankəndi üzərində dalğalanması ilə nəticələnəcək.

Yəni, olduqca az qaldı. Tezliklə Xankəndi Azərbaycan bayrağına qovuşacaq…

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu