23 Dekabr 2024

““ Qürur” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi Qarabağ bölgəsində çalışan jurnalistləri fəxri fərmanla mükafatlandırıb

“ Qürur” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 44 günlük Qarabağ müharibəsində xidmətləri olan jurnalistləri fəxri fərmanlarla təltif edib.

Media1.az xəbər verir ki, oktyabrın 10-da “ Qürur” şəhid ailələrinə dəstək İctimai Birliyi   “Qarabağ Media Assosasiyası” ilə  birgə 44 günlük Qarabağ müharibəsinə dair tədbir keçirib.

Tədbir Bərdə şəhər 6 saylı tam orta məktəbdə baş tutub.

“ Qürur” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həmsədri Bəxtiyar Hüsiyev əvvəlcə 44 günlük müharibədən bəhs edərək Azərbaycan xalqının əzmkarlığından,qəhrəmanlığından danışıb. Tədbirin məqsədini izah edərək bildirib ki, 44 günlük müharibə vaxtı media nümayəndələri , jurnalistlərin də böyük fədəkarlığı olub. Şöhrət Eyvazov- İctimai televiziya, Şamxal Adıgözəlov- Xəzər tv, Daşqın Abdullayev- ARB tv, Elnur Tofiq oğlu- Aztv, Emin Babayev- Speys tv, Habil Aslanoğlu- ARBtv həyatlarını təhlükəyə ataraq atəş altında cəbhə xəttinədən operativ xəbərlər hazırlayıblar. Bununla yanaşı Bəxtiyar Hüsiyev qeyd edib ki, Bərdə şəhəri raket hücumuna məruz qalan zaman, şəhidlərin dəfn mərasimləri və ondan sonra şəhid ad günlərinin, ildönümlərinin işıqlandırılmasındada jurnalistlər yazılar yazıb, reportajlar hazırlayıblar. Bu günkü tədbirin də məqsədi  istər cəbhə xəttində , istərsə də arxa cəbhədə iştirak etmiş bütün jurnalistlərin daha geniş şəkildə fəxri fərmanlarla qiymətləndirilməsidir.

“Qarabağ Media Assosasiyası”-nın sədri Şöhrət Eyvazov jurnalist təşkilatı olaraq həmkarları adından “ Qürur” şəhid ailələrinə dəstək İctimai Birliyinə təşəkkür edərək bildirib ki, müharibə dövründə ordu- xalq birliyi ilə yanaşı media mənsubları da informasiya cəbhəsində özünün töhfəsini vermək naminə çalışıb.

“Bir neçə ay əvvəl yaradılmış “Qarabağ Media Assosasiyası” da  gələcək  fəaliyyətində  şəhid , qazi ailələrinin diqqət mərkəzində saxlanılması,onlara lazım gələndə media dəstəyinin verilməsi , müharibə qəhrəmanları haqqında filmlərin yaradılması, şəhid və qazilərin döyüş yolunun işıqlandırılması, onların ictimaiyyətə daha yaxından tanıdılmasını nəzərdə tutub-“ deyən Şöhrət Eyvazov media təşkilatının dövlət qeydiyyatından keçəndən sonra “ Qürur” şəhid ailələrinə dəstək İctimai Birliyi ilə yaxından əməkdaşlıq edəcəklərini vurğulayıb.

Şəhid qardaşı, I Qarabağ müharibəsinin iştirakçısı Rizvan Qasımov isə öz növbəsində  iştirak etdiyi döyüşlərdən danışaraq ordunun təchizatının zəif təmin olunduğunu, buna baxmayaraq  fədəkarlıq sayəsində düşmənə qarşı çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirdiklərini bildirib. 1988-ci ildən başlayan münaqişənin müharibəyə çevrilməsindən indiyə qədər Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirib.

  “Qarabağ Media Assosasiyası”-nın sədr müavini Şamxal Adıgözəlov 44 günlük müharibədə qazanılan qələbədə Azərbaycan mediasının da rolunun olduğunu qeyd edib. “ Media təmsilçiləri arxa cəbhədə yox, orta cəbhədə olub. Buradan isə həm ön cəbhə, həm də arxa cəbhəni yaxşı görmək olurdu. Torpaqlarımızın azad olunması, qələbə xəbərlərini efirdən vermək isə bizim üçün sevindirici hal idi, qürurvericiydi”-deyə Şamxal Cəliloğlu o günlərin sevincin belə ifadə edir.

Qarabağ müharibəsinin dövrlərə bölünməsinə özünəməxsus yanaşan telejurnalist Daşqın Abdullayevin fikrincə Qarabağ müharibəsi 1988-ci ildən başlayıb, indiyə qədər də davam edib. I Qarabağ II Qarabağ müharibə terminlərinin işlədilməsi yanlışdır. Qarabağ müharibəsinin I aktiv fazası II aktiv fazası kimi adlandırılsa daha məqsədə uyğun olar.

Arantv.az-ın təsisçisi Vüsal Bayramov müharibə zamanında cəbhə xəttinə yaxın təhlükəli ərazilərdə işləyən jurnalistlərin işini yüksək qiymətləndirib. Gələcəkdə cəbhə jurnalistləri haqqında filmin çəkilməsini təklif edib, və bu filmə dəstək olmağa hazır olduğunu bildirib.

Media1.az-ın təsisçi və  baş redaktoru Musa Muradlı 44 günlük müharibədən danışarkən qeyd edib ki, Azərbaycan xalqı 2020-2021-ci illərin xalqı elan olunmağa layiqdir. 1990-cı ildə əliyalın russovet ordusuna məğlub olmadığına görə dünyada ilin xalqı elan olunması ilə yadda qalan Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə yenidən sözünü demiş oldu. Postsovet məkanında yaradılmış münaqişələrin aradan qaldırılmasında Azərbaycan yeganə dövlət kimi dünyaya qəhrəmanlıq nümunəsi göstərib.

Onu da qeyd edək ki, tədbirdə 30-a qədər media nümayəndəsi fərxi fərmanla mükafatlandırılıb.

Musa Muradlı, Media1.az