22 Dekabr 2024

Qurban Qurbanov: “Yaxşı komandaya qarşı oynayacağıq”

“Yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızln üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis son günlərdə mətbuatdan uzaq olmağa çalışdığını bildirib: “Gördüm ki, Çerçesovla mənim haqqımda çox fikirlər səsləndirilir. Bəlkə də maraqlı qarşılaşmadır. Məndə hər hansı həyəcan yoxdur. Əksinə, yaxşı komandalara qarşı oynamaq mənim üçün yaxşı olur. Həm təcrübəmi, həm də potensialımı artırmaq baxımından önəmlidir. Bu, gələcək düşüncələrimiz üçün də maraqlı qarşılaşma olacaq”.

O, Premyer Liqanın ilk turunda keçirəcəkləri matçın təxirə salınması üçün PFL-ə müraciət etmədiklərini söyləyib: “AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur”.

Qurbanovun sözlərinə görə, “Ferentsvaroş” bu mərhələyə gəlib çatıbsa, deməli, daha yaxşı formadadır: “Amma bu raundu keçən tərəf daha yaxşı vəziyyətdə olacaq. Burada ölkələrin çempionları oynayırlar. Macarıstan çempionatı bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmalıyıq. Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq”.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.