Qurban Qurbanov: “Çox intizamlı komandaya qarşı oynayacağıq”
“Çox intizamlı komandaya qarşı oynayacağıq”.
Media1.az-ın Report-a istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis rəqibin baş məşqçisinin uzun illər postunda olduğunu bildirib: “Frayburq” çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. İstədiklərimizi gerçəkləşdirməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir”.
Qurbanov rəqib baş məşqçiyə hər hansı bir sürprizinin olmadığını sözlərinə əlavə edib: “Onlardan bizə qarşı da bunu gözləmək lazımdır. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. “Frayburq”un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir və göstərilən etimatı da doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”.
Təcrübəli baş məşqçi “Frayburq”un Bundesliqada və Avropa Liqasındakı şanslarından söz açıb: “Analiz edəndən sonra bu onlara marağım çox böyük olub. Uzun illər eyni baş məşqçiyə güvənirlər. Bu, onların gələcəkdə uğurlar qazanmasına gətirib çıxara bilər. Çox istəklidirlər. Baş məşqçi nə vaxtsa bunun qarşılığını almalıdır. Növbəti mövsüm Çempionlar Liqasında olsalar, onları təbrik edəcəyəm və bundan şad olacağam”.
Qurbanov “köhlən atlar”ın avrokuboklarda rəqibdən daha təcrübəli olmasına münasibət bildirib: “Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə onları üstələyirik. “Frayburq” hər mövsüm vacib matçlara çıxır”.
Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdən təhlükəli olduğunu xatırladıb: “Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginlimiz yoxdur”.
Baş məşqçi İbrahima Vadjinin Fransanın “Sent-Etyen” klubuna keçidinə də toxunub: “Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o,Ş yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularlar qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qurbanov Almaniya klubunun hər mövqedə bir-birini başa düşən yaxşı oyunçularının olduğunu vurğulayıb: “Demək olar ki, bütün futbolçuların adlarını əzbər bilirəm. Amma hansınınsa adını xüsusi çəkmək istəmirəm. Onlar daha çox kollektiv oyuna üstünlük verirəm. Bu rəqibə qarşı diqqətli olmalıyıq”.
Qeyd edək ki, “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.