21 Dekabr 2024

“Quran”ı yandıran Rasmus Paludan: “Peşman deyiləm”

“İctimaiyyətin bu qədər sərt reaksiya verəcəyini gözləmirdim, amma peşman deyiləm”.

Media1.az xəbər verir ki, bunu sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Quran”ın yandırılması aktı ilə bağlı açıqlama verərkən deyib. O bildirib ki, bu addımı Türkiyəyə münasibətini ifadə etmək istədiyi üçün atıb: “Düşünürdüm ki, Türkiyəyə münasibətimi göstərərəm, bununla da bitər, amma hər şey başqa cür oldu. Hərəkətimə görə peşman deyiləm, çünki mühüm siyasi səbəblər var idi. Buna baxmayaraq, bu qədər adamın məni öldürməklə hədələməsindən kədərlənirəm”.

Rasmus Paludanın sözlərinə görə, indi ona ünvanlanan təhdidlər əvvəlkilərdən qat-qat ciddidir: “Mən çox konkret təhdidlər alıram. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj alıram, onlardan beşi təhdiddir”.

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Paludan NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını da göstərib və “Quran”ı yandırıb. Bir sıra ərəb ölkələri və təşkilatları hadisəni pisləyib.

Nigar HƏSƏNLİ