“Qüdrət Həsənquliyev Rusiyanın tapşırıqlarını gözəl yerinə yetirir” – Sərdar Cəlaloğludan İTTİHAM
“Azərbaycanda hansısa ölkənin hərbi bazası qurulacaqsa, bu, yalnız Türkiyə ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Teleqraf.com-a müsahibəsində Azərbaycanda Rusiya hərbi bazasının yaradılmasının məqbulluğu haqda fikirlərinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədrinin sözlərinə görə, bu, Azərbaycanın müstəqilliyini böyük şübhə altına alan çox zərərli yanaşmadır:
“Qüdrət Həsənquliyev bundan əvvəl də bir neçə dəfə buna bənzər təklif səsləndirib. Əksəriyyət bilir ki, Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı adamlarından biridir. Ona görə də bu adamın belə danışması təəccüblü deyil.
Əvvəla, Konstitusiya ölkə ərazisində başqa ölkənin hərbi bazasının yerləşdirilməsinə imkan vermir. İkincisi isə Azərbaycanda hansısa ölkənin hərbi bazası qurulacaqsa, bu, yalnız strateji müttəfiqimiz Türkiyə ola bilər.
Rusiyanın Azərbaycanda hərbi bazasının yaradılması ölkənin müstəqilliyinin, suverenliyinin məhdudlaşdırılması deməkdir. O adamın Rusiya ilə çox sıx bağlılığı var və verilən tapşırıqları da gözəl yerinə yetirir”.