22 Dekabr 2024

Qubadlıya öz sahibləri qayıdıb

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub.Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi – Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.Oktyabrın 25-də – Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan edib.

Müzəffər Ali Baş Komandan prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu.İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.İşğaldan azad edildikdən sonra şəhərdə mühüm infrastruktur layihələr həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Qubadlıya səfər edib. O, Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılış mərasimində iştirak edib. Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi ilə tanış olub. Bundan başqa prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

II Qarabağ müharibəsindən sonra tarixi qələbə günlərimiz əbədiləşdirilir və xatırlanır. Həmin vaxtdan 25 Oktyabr- Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı