22 Dekabr 2024

Qriqori Yavlinski Aleksey Navalnını faşizmdə və populizmdə suçlayıb

Rusiyanın liberal-demokrat yönümlü “Yabloko” partiyasının qurucusu Qriqori Yavlinski şəxsi saytında müxalifətçi Aleksey Navalnını sərt tənqid edən məqalə yayımlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məqalə “Putinsiz və populizmsiz” deyə adlanır.

Qriqori Yavlinski burada ölkədə demokratik dəyişikliklər arzulayan vətəndaşları Aleksey Navalnının “qorxu və repressiya” ilə dolu yolu getməməyə çağırıb.
“Korrupsiya ilə əsl savaş talançı məmurların malikanələrini dronlarla çəkib göstərməkdən deyil, yeni Rusiya dövləti uğrunda mübarizədən ibarətdir”,-deyə Q.Yavlinski bildirir.

Bundan başqa liberal müxalifətçi Aleksey Navalnını populizm və millətçilikdə də suçlayır. O, bununla bağlı fikirlərini əsalandırmaq üçün ictimai xadim Valeriya Novodvorskayanın 2011-ci ildəki sözlərini misal gətirib: “A.Navalnı gələcəkdə ağlını itirmiş və nasiszmə meylli kütlələrin lideri ola bilər”.

Qriqori Yavlinski kütlələrin Aleksey Navalnının arxasından getməsi halında ölkədə faşizmin bərqərar olacağını iddia edib. “Bu gün qalxan və enən dalğalar heç də Putinə qarşı deyil. Bu dalğa Ruisyanın qeyri-demokratik gələcəyi üçün qalxır. Bu dalğa ya keçmiş kommunizm, ya da gələcək faşizm üçün yüksəlir. Və Navalnı bütün bu bu prosesin ən potensial liderlərindən biridir”,  – deyə o qeyd edib.

Bundan başqa Qriqori Yavlinski Aleksey Navalnı və onun ətrafını insanları icazəsiz mitinqlərə səsləyərək və nəticədə onları həbsə atdıraraq vətəndaşların talelərini sındırmaqda ittiham edib.