22 Dekabr 2024

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır

2019- cu ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə 2019 – 2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibinə çevrilməyə başladı. Ölkəmizin bu təşkilata verdiyi töhfələri nəzərə alaraq üzv dövlətlər Azərbaycanın sədrlik müddətini 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul etdilər. Bu müddət ərzində Qoşulmama Hərəkatının Bakıda çox əhəmiyyətli və dünya üçün vacib bir neçə Zirvə toplantısı keçirilmişdir.

Cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVİD-19 qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti, pandemiya ilə mübarizədə təşkilatın sədri qismində Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından, eləcə də dünyada hökm sürən ikili standartların mövcud olması səbəbindən bir çox ölkələrin bundan əziyyət çəkmələri barədə çıxışı böyük rəğbətlə qarşılandı.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Koronavirusla mübarizədə dünyada səylərin səfərbər edilməsi üçün Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və bu sessiya baş tutmuşdu. “Peyvənd millətçiliyi”nə qarşı , eləcə də peyvəndlərin bütün dövlətlər arasında ədalətli paylanması təşəbbüsü də məhz cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkə başçımızın bu təklifi bütün dünya tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qoşulmama Hərəkatının inkişafı və güclənməsi istiqamətində təşkilatın sədri kimi Prezident cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdu. Məhz ölkə başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. Prezident cənab İlham Əliyev dünyanı narahat edən ən böyük problem – Şərq-Qərb qarşıdurmasını və bundan bir çox dövlətlərin əziyyət çəkməsini gündəmə gətirdi. Özünü demokratik, insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransa, əslində kiçik, zəif dövlətləri müstəmləkə altında saxlayan, xalqları soyqırıma məruz qoyan bir dövlətdir. Fransa Afrika, Cənub-Şərqi Asiya və digər bölgələrdə Qoçulmama Hərəkatına üzv olan ölkələrdə qanlı cinayətlər törətmiş və bu ölkələri öz müstəmləkəsinə çevirmişdir.

Ölkə başçımız Zirvə görüşündə qətiyyətli şəkildə Fransanın törətdiyi cinayətləri bir daha bütün dünyaya bəyan etdi. Bu vaxta qədər heç bir dövlət başçısı Fransanın törətdiyi bu cinayətləri açıq şəkildə söyləməmişdir. Fransa kimi bir dövlətin BMT TŞ -nın daimi üzvü kimi qalması qəbuledilməzdir. Müstəmləkə siyasəti aparan Fransanın Təhlükəsizlik Şurasında başqa ölkələrin taleyinin həllində rol oynaması yol verilməzdir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı