Qoşulmama Hərəkatı Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane deyil
Ekspertlər deyir ki, bu məsələdə əsas söz sahibi xalq və dövlətdir
Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdiriləcəyi barədə son günlərdə yayılan xəbərlər gündəmdən düşmək bilmir. Azərbaycan Müdafiə Nazirliyinin bu xəbərə verdiyi təkzibdə keçən bir cümlə maraq doğurub. Həmin cümlə belə idi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.
Hər kəsə bəllidir ki, 44 günlük II Qarabağ savaşında dönəm sədri olduğumuz bu hərəkat Azərbaycana çox ciddi dəstək verdi və hətta ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətli mövqelərindən dolayı onları “kişi” adlandırdı. Bütün bunlardan çıxış etsək, Müdafiə Nazirliyinin təkzibində keçən o cümlənin ciddi suallara yol açacağı gözlənilən idi.
Qoşulmama Hərəkatı bizə Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə əngəldirmi? Türk bazalarının Azərbaycanda olması mümkünsüzdürmü? Hüquqən, başqa hansısa yollar varmı və hansı anlaşmalar əsasında, Türk Ordusunun Azərbaycanda qalıcı olmasını təmin etmək mümkündür?
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev türk ordusunun Azərbaycanda olmasını hər kəsin istədiyini bildirdi: “Azərbaycan öz ərazisində hansı ölkənin qoşunlarını yerləşdirməklə bağlı qərarı özü verir. Qoşulmama Hərəkatının bu məsələyə aidiyyətinin olması mən bilən yoxdur. Azərbaycan müharibəyə hazırlaşmır. O qoşunları öz ərazisində yerləşdirəndə bunu hər hansı bir təhlükəyə qarşı etmir, yaxud başqa bir ölkəni işğal etmək istəmir. Bütün bunlar tam şəffaf olaraq qarşılıqlı etimad, qardaşlıq, dostluq münasibətlərinə uyğun yerinə yetirilir. Qoşulmama Hərəkatına üzv ölkələrin ərazisində digər ölkələrin qoşunları var. Bu o demək deyil ki, hərəkata üzv olan ölkənin ərazisində digər ölkənin qoşunları olmasın. Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı qərarı xalqın tələb etməsi yerinə düşür, amma bu ictimai rəylə çözülən məsələ deyil. Bunun olması üçün Azərbaycan və Türkiyə hazırda regionda olan durumu nəzərə alır. Bunun yerinə yetirilməsi üçün Azərbaycanda işlər aparılır. Bilirsiniz, hər şeyi açıq demək olmur. Bəyanatla hər şeyi açıq şəkildə səsləndirmək də düzgün olmazdı. Amma bu məsələ diqqətdədir. Dövlət heç də bunu tələb edənlərdən az istəmir. Lakin müəyyən məsələlər var ki, o məsələlərin uyğunlaşdırılması lazımdır. Bundan sonra Azərbaycan öz qərarını verə bilər. Dövlət də, bizlər də maraqlıyıq ki, Türkiyə ordusu ölkəmizdə olsun. Mənim üçün Azərbaycan və Türkiyə eyni dövlətdir. Bizim üçün problem olan deyil. Bir dövlət də ola bilərik, bir millət olaraq, iki dövlət də. Millət də, ölkə rəhbərliyi də belə bilir”.
Hüquq müdafiəçisi Əvəz Həsənov burada əsas söz sahibinin Azərbaycan olduğunu söylədi: “İnanmıram ki, Qoşulmama Hərəkatı Azərbaycana hər hansı bir əngəl yarada bilər. Hərəkatın o səlahiyyəti və bağlayıcılığı olmamalıdır. Üstəlik, Azərbaycan bu hərəkatın dönəm sədridirsə, ümumiyyətlə, Qoşulmama Hərəkatının heç bir bağlayıcılığı yoxdur. Türkiyə məsələsinə gəlincə, qardaş ölkə savaşın başlamasından və bitimindən, eləcə də 9-10 noyabr və 11 yanvar görüşü də daxil olmaqla, bir müəmmadır. Türkiyə öz müəmmalığını qoruyur. Qardaş dövlətin sanki bura gəlməsində həvəsli deyilik kimi mənə elə gəlir. Düzdür, deyirlər ki, Rusiya buna mane olmur, yaxud Türkiyənin özü hələ ki gəlmək istəmir. Bunların olması da mümkündür. 11 yanvar görüşü də üçtərəfli oldu və əslində biz onun dördtərəfli olmasını gözləyirdik. Heç bir sənəddə və görüşdə rəsmi Ankaranın adı keçmədi. Düzdür, bizə təskinlik verirlər ki, Türkiyə buradadır, bazasını qurur və s. Diqqət edirəm, qardaş ölkədə də narahatdırlar ki, Türkiyə masada niyə yoxdur. Ümumiyyətlə, bu görüşlərin müəmmalı tərəfləri çoxdur. Hesab edirəm ki, Türkiyənin gəlməsində bir narahatlıq hökm sürür. Niyə bunu istəmirlər, kim istəmir, Rusiya, yoxsa Azərbaycan, bunlar başqa mövzunun söhbətidir. Amma buna mane olanlar varsa, bunun Qoşulmama Hərəkatına bir aidiyyəti yoxdur. Türk bazalarının ölkəmizdə qurulması çox rahat bir məsələdir. Bu, Azərbaycan və Türkiyəni bir-birinə bağlayan məsələdir. Hər iki qardaş ölkə arasında müqavilə imzalanıb. Bu hərbi müqavilədir və 2010-cu ildəkinin təkrarı olub. Müqavilənin yenilənmə vaxtı 2021-ci ilin fevralında olmalıdır. İndi biz bu məsələdə Rusiya və Türkiyənin yaxınlıq, yaxud düşmənçilik etdiyini tam ayırd edə bilmirik, çox mürəkkəb bir məsələdir. Burada əsas məsələlərdən biri də odur ki, Azərbaycan xalqı informasiya mühasirəsində saxlanılır. Bütün hallarda Qoşulmama Hərəkatının bəhanə gətirilməsini doğru hesab etmirəm. Bu hərəkatlıq burada heç bir şey yoxdur. İnanın ki, Rusiyalıq da burada bir şey yoxdur. Burada toy sahibi Azərbaycandır. Dəvətnaməni o göndərir. Biri var ki, ”Facebook”dan elan verəsən ki, ay millət, övladıma toy edirəm, istəyən gəlsin, heç kim təbii ki, gəlməz. Amma biri də var ki, dəvətnamə yazırsan, adama zəng edirsən, evinə gedirsən, dəvətnaməni verirsən, deyirsən ki, sən çox önəmli adamsan, sən olmasan toyum toy olmaz. Baxın, Azərbaycan Türkiyəni belə dəvət etməlidir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”