21 Noyabr 2024

Qorqud Ata Türk Dünyası Film Festivalı başa çatdı – qaliblər sırasında Azərbaycan da var

Türkiyənin Bursa şəhərində 5 gündür davam edən Qorqud Ata Türk Dünyası Film Festivalı uğurla başa çatıb.

“Yeni Müsavat”ın tədbirdə iştirak edən əməkdaşı bildirir ki, yüksək səviyyədə təşkil olunan tədbirdə Türk dövlətlərinin, həmçinin türklərin yaşadığı bir sıra ölkələrin kino xadimləri, rəsmi şəxsləri, media nümayəndələri, həmçinin çoxsaylı tamaşaçılar qatılıb.

İştirakçılar sırasında olan böyük sənətkar Türkan Şorayı zal ayaqda alqışladı. Öncə Türk xalqının əzəmətindən bəhs edən, mədəniyyətini, milli kimliyini, incəsənətini özündə ehtiva edən musiqi nömrələri, rəqslər təqdim olunub. Daha sonra 5 ölkənin kino yaradıcılarına (Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə) Türk mədəniyyətinə xidmət ödülü təqdim olunub. Vəfa ödülünə Osman Sınav Türkiyə) layiq görüldü. Ən yaxşı belgesel filmləri ilə bağlı mükafat da sahiblərinə verildi. Bu sırada Türkiyə də vardı, “Balkanların türkcə hafizəsi” filminə görə.

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy çıxışında Film Festivalının iştirakçı və qaliblərini təbrik etdi, bu birliyin, əməkdaşlığın uğurla davam etdirilməsi vacibliyindən danışdı.

Türk Dünyası Film Festivalında müsabiqədə iştirak edən Azərbaycan filmləri də böyük maraqla qarşılanıb. Festivalda Azərbaycandan “Dalan” (Teymur Şahinoğlu) filmi də liderlik uğrunda mübarizə aparıb. Müsabiqədən kənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri nümayiş olunublar. “Ən yaxşı rejissor işi” nominasiyası üzrə Qorqud Ata mükafatına Azərbaycanın Xalq artisti, dövlət mükafatı laureatı Vaqif Mustafayev (“Həyat deyəsən gözəldir” filminə görə) layiq görülüb.

V.Mustafayev çıxışında bildirib ki, buradakı ortam çox möhtəşəmdir, hamı öz dilində danışır, amma hamı bir-birini başa düşür.
Festivalın bağlanış mərasimində elan olundu ki, 2023-cü ildə Üçüncü Qorqud Ata Türk Dünyasə Film Festicalına Azərbaycan ev sahibliyi edəcək. Belə ki, tədbir Mədəniyyət Paytaxtı Şuşada keçiriləcək.

Bundan sonra Film Festivalının simvolu nazir Anar Kərimova təqdim olunub.

Nazir çıxışında “gələn il hamınızı azad Şuşada gözləyirik”-söyləyib. Mükafatların təqdimatından, rəsmi hissə başa çatandan sonra Xalq artisti Azərin möhtəşən konsert proqramı ilə Türk ellərindən gəlmiş qardaşların ruhunu coşdurdu. Azərin xanım Krıma salam söylədi, Kərkükə ilk uçan Türkiyə təyyarəsinə görə təbriklərini çatdırdı, Türk dillərində gözəl mahnılar oxudu, sonda da möhür vurdu: “Türkün şanlı bayrağını, Qarabağdan asmışıq”-deyə.
Möhtəşəm gecə sürəkli alqış sədaları ilə yekunlaşdı.

Elşad Paşasoy,
Musavat.com,
Türkiyə, Bursa 

Böyük türk sənətkarı Türkan Şoray çıxışında Azərbaycanla bağlı kövrək xatirələrini də bölüşdü.