“Qönçeyi-ülfətin ünlü şairi – Qönçəbəyim
Media1.az Milli Məclsiin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın növbəti yazısını təqdim edir.
***
“Bəyim” təxəllüsü ilə lirik şeirlər yazan XIX yüzil şairi Qönçəbəyim (1827- ?) Naxçıvan torpağında yaşayıb-yaradan istedadlı qadın yazarlarımızdan olub. O, sonuncu Naxçıvan xanının oğlu Ehsan xanın qızıdır. “Qönçeyi-ülfət” ədəbi məclisinin iştirakçılarından olan, incə ruhlu şeirləri ilə qəlbləri titrədən Qönçəbəyimin ruha yaxın bir poeziya dünyası vardır:
Könül verib sən tək cavan sevmişəm,
Halım qanıb, dərdə yanan sevmişəm.
Xalq şeiri üslubunda yazan şairin “Şahzadə İbrahim” dastanında Bəyimin dilindən deyilən şeirlərin müəllifi olduğu ehtimal edilir. Deyilənə görə, Qönçəbəyim İbrahim adlı bir zabiti sevmiş, lakin başqasına ərə verildiyindən unutmadığı aşiqinə şeirlər yazmışdır. Bu eşq macərası dillərə düşərək el aşıqları və ya şairin özü tərəfindən dastana çevrilmişdir.
Qönçəbəyim Naxçıvan ədəbi mühitinin parlaq imzalarından olmuş, onun şeirləri təkcə həmyerlilərinin deyil, yaşadığı şəhərin qonağı olan əcnəbi aydınların da rəğbət və sevgisi ilə qarşılanmışdır. Fransız yazıçısı və tədqiqatçısı Sent Böv Qönçəbəyim haqqında yazırdı: “Bu qadın yalnız şair deyildir, onun bütün varlığı poeziyadır”. Gürcü şairi Nikoloz Barataşvili Naxçıvanda mahal rəisi işlədiyi vaxtlar “Qönçeyi-ülfət”in şeir yığıncaqlarının tez-tez qonağı olmuş, burada Qönçəbəyimin poeziyasına valeh olmuşdur. O, Naxçıvanlı şairə “Qoncabəyimin nəğməsi” adlı şeir həsr etmiş, şairin şeirlərindən birini isə gürcü əlifbası ilə köçürərək tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. Barataşvili həmin şeirin məclislərdə oxunması üçün xanəndə Səttara və Şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. Çox keçmədən həmin şeir məclislərin bəzəyi olmuş, dildən-dilə gəzmişdir. Görkəmli ədəbiyyatşünas və nekropolist İvan Konstantinoviç Yenikolopovun yazdığına görə, Barataşvilinin özü də Qönçəbəyimin bir şeirini tərcümə etmiş, xanəndə Səttar isə gürcü dilində məclislərdə oxumuşdur.
Əzizə Cəfərzadə Azərbaycanın açıq və şair qadınlarından söz açdığı tədqiqatında qeyd edirdi ki, İslam Şərqində yaşayan qadınların şairlik etməsi, sevgisini, nifrətini, arzu və istəyini, bir sözlə, ürəyindən keçənləri vərəqə köçürməsi böyük hünər və cəsarət idi. Belə cəsarətli qadınlardan biri də Naxçıvanda Ehsan xanının ailəsində dünyaya gələn, yazdıqlarında nakam məhəbbəti və acı taleyindən çəkdiklərini misralara pıçıldayan “romantik taleli” Qönçəbəyim olmuşdur.
Qönçəbəyim haqqında ilkin bilgilərə ədəbiyyatşünas Salman Mümtazın tədqiqatlarında rast gəlirik. Bir çox ensiklopediyada da şairin haqqında bəhs olunur. Lakin bu məlumat xarakterli yazılar onun həyat yolu, yaradıcılığı və ədəbi şəxsiyyəti haqqında dolğun təsəvvür yaratmır.
Mərhum tədqiqatçı Dilarə Əliyevanın “Azərbaycan-Gürcüstan ədəbi əlaqələri” monoqrafiyasında Qönçəbəyim yaradıcılığına həsr olunan səhifələr şairin daha aydın ədəbi portretini yaradır. Azərbaycan-gürcü ədəbi əlaqələrini geniş kontekstdə araşdıran Dilarə Əliyeva gürcü şairi Nikoloz Barataşvilinin məktublarını da tədqiqata cəlb edib ki, bu məktublarda şairə Qönçəbəyim haqqında daha dəqiq bilgilər öz əksini tapıb. Məsələn, Nikoloz Barataşvili məktublarından birində dayısı qızı Maiko Orbelianiyə Qönçəbəyim haqqında yazırdı: “İndi Naxçıvanda Qönçəbəyim adında on səkkiz yaşlı bir qızın mahnıları məşhurdu. O, xan qızıdır. Çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz, gözəl bir romandır”. Bu sətirlər Qönçəbəyimin yalnız gözəlliyi, şair məşhurluğu ilə bağlı təsəvvür yaratmır, həm də onun şəxsi taleyinin uğursuzluğu, erkən yaşda ərə verilməsi və şeirlərindəki taledən küskünlük, bəxtdən şikayət motivinin gerçək səbəbi haqqında konkret fikir formalaşdırır.
Qönçəbəyim 1827-ci ildə Azərbaycan tarixində özünəməxsus yeri və mövqeyi olan Ehsan xan Kəngərlinin ailəsində dünyaya göz açmışdır. Çar-Rus ordusunda general-mayor olmuş Ehsan xan Kəngərli sonuncu Naxçıvan xanı Kəlbəli xan Kəngərlinin oğludur. O, Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi olub.
…Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində bulaqlar qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su çəkdirmiş, Naxçıvanda ilk Rus-Tatar (Azərbaycan) qəza məktəbini açdırmışdı.
Xanın qızı Qönçəbəyim də 1837-ci ildə həmin Rus-Tatar məktəbinə daxil olub, burada rus və fars dillərini öyrənib, Şərq ədəbiyyatına maraq göstərib, şeirlər yazıb. Ehsan xan 1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmiş, sonralar döyüşlərdə göstərdiyi şücaətə görə Çar Rusiyasının nüfuzlu “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Abbasqulu ağa Bakıxanov və Aleksandr Qriboyedov vaxtilə (Qacarlar ölkəsinə gedərkən) Ehsan xan Kəngərlinin “Xan diki” adlanan yüksək təpə üzərindəki sarayında qonaq olmuşlar. A.S. Qriboyedov “İrəvan yürüşü” haqda yol qeydlərində bu barədə bəhs etmişdir.
Qönçəbəyim gördüyü kübar ailə tərbiyəsi və təhsili sayəsində zəngin dünyagörüşünə yiyələnib. Həyatı və yaradıcılığı geniş və özəl araşdırma mövzusu olmayan şairin haqqında yazılanlar onu xalqımıza gərəyincə tanıtmaq üçün yetərli deyildir. Lakin müxtəlif vaxtlarda şairin yaradıcılığı, şəxsiyyəti barədə məqalələr yazılıb. 04 aprel 2007-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Şairə Qönçəbəyim haqqında” adlı məqalə və ondan bir qədər öncə, həmin qəzetin 26 yanvar 2007-ci il sayında gün üzü görən “Birinci Kəlbəli xan və onun hərbçi varisləri” adlı yazılarda isə bir-birini təkzib edən fikirlərə rast gəlinir. Yazı müəllifinin “Qönçəbəyim Ehsan xanın qızıdır, ya yox?” sualının cavabını axtarması ədəbi-tarixi qaynaqlarda, şairin çağdaşlarının qeydlərində, eləcə də bir qədər öncə Nikoloz Barataşvilinin haqqında bəhs etdiyimiz məktubunda Qönçəbəyimin xan qızı olması haqqında sətirləri inkar etməkdir.
“Ey mənim laləzər çiçəkli bağçam, Gülüstan qoynunda fəvvarə vuram” deyə şeir gülzarını vəsf edən, özünü bu gülüstünın qaynayan söz bulağı hesab edən Qönçəbəyim dövrünün şeirsevərlərinin diqqətini öz üzərində toplamışdı. Şairin yaradıcılığının əsas mövzusunu saf və nakam məhəbbət, taleyindən narazılıq, qadın hüquqsuzluğu motivləri təşkil edir. Özünü “hicran sənətkarı, qəm xiridarı” adlandıran şairin lirik “mən”i “Ərzi-halım yazdırmışam ərzədə, Qara bağrım yar zədədir, yar, zədə”, “Eşq oduna nahaq yanmaq əbəsdi” deyə fəryad edir. Bu misralar Qönçəbəyimin nakam sevgi əzabından xəbər verir. İnsafsız aşiqə ünvanlanan “de gəlsin” səslənişi isə vüsala bir ümid qapısı açır:
Aşiq bilər məşuqunun halını,
Qismət olsa, ələ alaq əlini,
Gözləməkdən bimürvətin yolunu,
Gözümdə qalmadı qarə, de gəlsin.
Bizə sək rəqiblər deyirlər asi,
Mövlaya bağladıq yəni ixlası,
Mən Bəyiməm İbrahimin butası,
Gizli deyil, var aşkara, de gəlsin.
Qönçəbəyimin günümüzə gəlib çatan az sayda şeirlərindən belə onun necə səmimi və ruha yaxın bir poeziyası olduğu anlaşılır. Əsasən lirik-aşiqanə şeirlər yazan şairin sadə, anlaşıqlı bədii dili, dövrünün poeziyasında ərəb-fars tərkibli sözlərə üstünlük verilməsinə baxmayaraq, onun doğma türk sözlərindən yararlanması bu şeirləri daha oxunaqlı edir:
Ey ağalar, məni neçin qınarsız?
Eyləsə dərdimə bu dərman elər.
Eşqə düşənləri axırda bu dərd,
Əridər, incəldər, natəvan elər.
Görüm aralıqda yox olsun yaman
Uzüm payəndazdır, başım tərciman,
Səndən qeyri mənim dərdimə dərman
Nə Əflatun bilər, nə Loğman elər.
Şairin sənətkar şəxsiyyəti bir çox araşdırmaçının diqqətini cəlb etmişdir. Qönçəbəyimin həyat və yaradıcılığına həsr edilən bir sıra məqalələr XIX yüzilin bu tanınmış şairi haqqında müəyyən təsəvvür yarada bilmişdir. XX yüzilin qələm sahiblərindən biri, Naxçıvan torpağının yetirməsi olan Müzəffər Nəsirli isə Qönçəbəyimin nakam məhəbbətindən və sevgi dolu yaradıcılığından ruhlanaraq “Qönçəbəyim nəğməsi” adlı mənzum dram yazmışdır. Bu pyes 2010-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur.
Yaradıcılıqları ilə ədəbiyyat və mədəniyyətimizin formalaşmasında, çiçəklənməsində özünəxas rol oynayan, xalqımızın zəngin tarixinə yeni rəng çalarları qatan Kəngərli nəslinin qadın nümayəndəsinin – Qönçəbəyimin verdiyi töhfələr milli-mədəni irsimizin bəlli dönəmə aid qiymətli inciləri sırasındadır.
Ruhu şad olsun !
Milli Məclsiin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva