29 Mart 2024

Qobustanda 3 avtomobil toqquşub, yanacaqdaşıyan maşın yanıb, ölən var – YENİLƏNİB-3, FOTOLAR, VİDEO

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

BDYPİ-dən Musavat.com-a bildirilib ki, bu gun Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.10.05

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.

Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb, bir nəfə ölüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. 

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Hadisə barədə ətraflı məlumat veriləcək.

***

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.