24 İyul 2024

QMİ Həcc ziyarəti haqda saziş imzaladı – qiymət neçə olacaq?

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu idarə ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi arasında 2023-cü ildə Həcc ziyarətinə dair saziş imzalanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin 9 yanvar tarixli məlumatında deyilir.

Bu il Həcc ziyarəti iyunun sonu – iyulun əvvəlində baş tutacaq. Azərbaycan vətəndaşları üçün kvota hələlik açıqlanmayıb.

Ötən il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 5350(9106 manat) ABŞ dolları müəyyən olunub.  Ötən il Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test veriblər. Eyni zamanda iki doza vaksin tələb olunub. 1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilməyib. Bəs bu il tələblər və qiymət necə olacaq? Hansısa məhdudiyyət düşünülürmü?

Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir - Hacı Şahin  Həsənli

Hacı Şahin Həsənli

QMİ sədrinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu il Həcc ziyarətində məhdudiyyətlərin olmayacağının anonsunu verdi: “Hansısa məhdudiyyət və tələbləri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi irəli sürür. Lakin bugünlərdə oxudum ki, həmin qurum bildirib ki, bu il heç bir əlavə məhdudiyyət olmayacaq. Amma yenə də dəqiq informasiya müqavilənin şərtləri tam məlum olduqdan sonra bəlli olacaq və təxminən fevral ayında artıq məlumat veriləcək. Qeyd etdiyim kimi, həm kvota, həm maliyyə məsələlərini, həm də məhdudiyyətləri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi müəyyənləşdirir”.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı hakimiyyəti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVİD-19-la əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracağını açıqlayıb.  Qeyd edək ki, bu il Həcc ziyarəti iyunun 26-da başlamalıdır.