Qızını boğaraq öldürən 61 yaşlı şəxsin işi- Namus cinayəti
Qubada qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə ittiham edilən 61 yaşlı Məhərrəm İmanquliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham altını elan edib. Məhərrəm İmanquliyev ittihamla özünü təqsirli bilib.
Qeyd edək ki, ötən il oktyabrında Quba rayonunun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin məlumata görə Məhərrəm İmanquliyev qətli namus üstündə törətdiyini deyib.