17 Noyabr 2024

Qızılca “gəncləşir”: Yeniyetmələr də risk altında, nə etməli? – SOS!

Vaqif Qarayev: “Hələ də “qızılcalı uşağa iynə-dərman olmaz” düşüncəsi ilə yaşayan insanlar var”

Azərbaycanda qızılca, təəssüf ki, daha bir can alıb. Şirvanda 12 yaşlı Ömər Kürdoğlu Şahbazzadə infeksiyanın ağır fəsadları nəticəsində dünyasını dəyişib.  TƏBİB-dən bildirlib ki, 2011-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə dekabrın 13-də saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. 

Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub. Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Lakin bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində baş verib. 

Qeyd edək ki, bu indiyədək qızılcadan vəfat etmiş uşaqlar arasında yaşca ən böyüyüdür. 

Məlumdur ki, virus yoluxmasına qarşı əsasən immunoterapiya əsas götürülür. Bəs qış aylarında valideynlər bu xüsusda daha nələrə diqqət etməlidir? 12 yaşlı Ömərin ev şəraitində yanlış müalicə aldığı deyilir. 

Bununla belə, uşağın valideynləri bildirib ki, 20 gün əvvəl qızılca peyvəndi etdirmək istəsələr də, həkim bunun mümkünsüz olduğunu deyib. Azyaşlının babası Əkbər İsmayılov “ATV xəbər”ə deyib ki, hər iki nəvəsini iyirmi gün əvvəl peyvənd üçün aparıb: “Kiçik nəvəmi peyvənd etdilər, amma o birinin 12 yaşı olduğuna görə dedilər böyükləri peyvənd etmirik”. 

Qeyd edək ki, hələ ki, ölkəmizə böyüklər üçün qızılca əleyhinə peyvənd gətirilməyib. Bununla bağlı TƏBİB-dən “Yeni Müsavat”a məlumat verilib. Odur ki, 10 yaşdan yuxarı peyvənd olunmayan uşaqlar da risk altındadır. 

Ötən gün isə daha bir uşaq- Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Vaqif Qarayev - E-tibb.az

Vaqif Qarayev:

Bununla da, son bir ayda artıq qızılcadan yeddinci uşaq vəfat edir. 

Tanınmış pediatr Vaqif Qarayev uşaq ölümləri ilə bağlı fikrini belə izah edib: “Düşünürdük, qızılca ilə bağlı vəziyyət stabilləşir, amma olmadı. Yeni bir azyaşlının ölüm xəbəri paylaşılır mətbuatda. Bir ayda 6-7 uşaq ölüb. Ən pisi bilirsiniz nədir? Təcili Yardım gələnədək uşaq ölüb. Xəstəxanaya aparılarkən uşaq yolda ölüb”. Bu xəbərlər çox pisdir. Peyvəndə “top” atırlar. Tibb işçilərinin dedikləri alınmır. Onda çıxış yolu da göstərin ki, uşaqlar ölməsin. Heç olmasa, xəstə uşağı vaxtında həkimə çatdırın, ya evə çağırın həkiminizi ki, uşaqlar ölməsin. Hələ də qızılcalı uşağa iynə-dərman olmaz düşüncəsi ilə yaşayan insanlarımız var. Nəticə də göz qabağındadır. Belə etməyin”. 

“Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır”. Bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova deyib. O bildirib ki,  Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir.

Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir. Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir”. 

Həkim, qızılcanın  fəsadları barədə məlumat verib: “Virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər. Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rast gəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir. Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomlarını müşahidə etdiyiniz təqdirdə, digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə, 72 saat ərzində peyvənd və ya təmasın 5-ci günündən gec olmayaraq insan immunoqlobulinin yeridilməsi məsləhət olunur. Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür.

Virusdan qorunmağın ən asan yolu nədir ? Dr.Aytən İsmayılzadə - YouTube

Aytən İsmayılzadə

Pediatr Aytən İsmayılzadə isə deyib ki, uşaq vaxtı olunan peyvənd insanı ömürlük qoruyur: “Uşaq vaxtı edilən peyvəndin davamlılığını analiz verməklə yoxlaya bilmək olar. Anti Measles İgG testi verməklə qanda  qızılcaya qarşı immunitetin necə vəziyyətdə olduğunu bilə bilərsiz.  Mən özüm bu günlərdə yoxladım, və nəticə qənaətbəxş oldu. Bəzən sual verirlər, uşaqda səpkilər, hərarət var. Biri deyir qızılcadırsa, biri deyir skarlatina. Necə fərqləndirək? Qızılcada uşaq çox halsız olur. Skarlatinada o qədər deyil. Qızılcada öskürək olur. Skarlatinada boğaz ağrısı. Qızılcada səpkilər üzdən başlayır, skarlatinada yanaqlar qızarır. Qızılcada yumşaq damaqda tək – tək  qansızma kimi səpkilər olur, skarlatinada isə boğaz sanki yanır. Qızıcada gözlər qızarır, skarlatinada dil qırmızı olur.  Qızılcada səpkilər getdikcə qəhvəyiləşir, skarlatinada isə olmamış kimi keçir. Qızılcada dəri fonu çəhrayı olur, skarlatinada isə səpkilər ağ dəri fonunda olur.  Skarlatina mikrob xəstəliyidir və bu haqda aşağı postlarımda geniş var. Dəqiq diaqnoz üçün evə laborator xidmət çağırıb boğazdan yaxma ilə Strep A Antigen – testini verə bilərsiniz”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, qızılca əleyhinə vaksinin birinci və ikinci dozası vurulan uşaqların sayı illər üzrə aşağıdakı kimi olub: 2020-ci ildə, birinci doza: 109 min, ikinci doza: 125.5 min. 2021-ci ildə birinci doza: 122.3 min, ikinci doza: 134.8 min. 2022-ci ildə birinci doza: 95.6 min, ikinci doza: 120 min. Beləliklə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”