22 İyun 2025

“QHT məktəbi”nin yaz proqramı başa çatıb

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi tərəfindən Ağcabədi rayonunda həyata keçirilən “QHT məktəbi”nin yaz proqramı çərçivəsində təlimlər başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova keçmiş SSRİ məkanında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan QHT Məktəbinin başlıca məqsədinin vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlığı ilə bərabər, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Təşkilat tərəfindən indiyədək 1600-dən çox şəxsin QHT məktəbinin təlimlərinə cəlb edildiyini, təlimçilərə QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması mexanizmi, ictimaiyyətlə əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, kargüzarlıq işinin təşkili və sair mövzuların keçirildiyini bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialından və Ağcabədi Pedaqoji Kollecindən məktəbə müraciət etmiş 83 nəfərdən 18 nəfəri təlim kursunu uğurla başa vurub.

Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara və GTM Qarabağ ofisində könüllülük proqramına bitirmiş bir qrup gəncə diplomlar təqdim edilib.