26 Aprel 2024

Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanır

Misir Mərdanov: “Bu, hər birimizin üzərinə düşən çox ciddi məsuliyyətdir, müqəddəs bir işdir”

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da işləməliyik: “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış konsepsiyası olmalıdır”.

Göründüyü kimi, ölkə başçısı çox böyük və tarixi məsuliyyətli bir  işə məhz dövlət səviyyəsində start verildiyini bəyan edib.

“Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü qayıdış konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb”. Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfüqar bildirib. Qayıdış konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib ki, İcma olaraq bu konsepsiyanı vaxtında yekunlaşdırmaq istəyirlər. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək. 

Rəhbər elmdən başı çıxan şəxs olmalıdır” - Misir Mərdanov

Misir Mərdanov

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirdi ki, yaxın gələcəkdə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyət planı hazırlanacaq. Bu, çox ciddi proqram xarakterli sənəd olacaq: “Cənab Prezidentin proqram xarakterli çıxışında işimizin hansı istiqamətlər üzrə qurulmasının səmərəli ola biləcəyinə dair fikirlər, tövsiyələr əksini tapır. Hesab edirəm ki, biz ilk növbədə beynəlxalq ictimaiyyətdə Qərbi Azərbaycan haqqında, orada tarixən kimlərin yaşaması haqqında, Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə aydın təsəvvürlər yaradan məlumat bazası formalaşdırmalıyıq. Məlumatları müxtəlif dillərə tərcümə edib yaymalıyıq. Dünya ictimaiyyətinə biz hələ başa sala bilməmişik ki, 20-ci əsrdə süni şəkildə yaradılan Ermənistan adlı respublika azərbaycanlıların ata-baba torpaqları üzərində yaradılıb. Məncə, ilk addım kimi bu məsələnin üzərində dayanıb ciddi məlumatlandırma işlərini reallaşdırmalıyıq. Bunun üçün də çox işləmək lazımdır. Təəssüf ki, biz əsasən çox danışıb az yazmışıq. Ona görə də çox məsələləri sübut eləməkdə çətinlik çəkirik. Tarixi olduğu kimi mənbələrə əsasən yazmalıyıq. Yalnız özümüz deyib özümüz eşitmək üçün deyil, dünyaya eşitdirmək üçün müxtəlif dillərdə yaymalıyıq. 1988-ci il depotasiyasını bilavasitə yaşamış, o dəhşətli hadisələrin şahidi olmuş qərbi azərbaycanlılar var ki, yaşayırlar. Həmin canlı şahidlərlə, deportasiya qurbanları ilə görüşlər keçirmək, onların xatirələrini dinləmək, onların dediklərini sənədləşdirmək lazımdır. Onlarda fotoşəkillər, arxiv sənədləri, digər sənədlər var ki, o maddi sübutları toplamaq, arxivləşdirmək lazımdır. Cənab Prezident görüşdə vurğuladı ki, biz heç kəsin torpağına göz dikməmişik və biz o ata-baba torpaqlarımıza müharibə yolu ilə qayıtmaq istəmirik, biz dinc yolla qayıtmaq istəyirik. Bunun üçün də konseptual fəaliyyət, məqsədyönlü fəaliyyət qurulmalıdır.

Yaxın gələcəkdə proqram xarakterli sənəd hazırlasaq, bununla həm Prezidentin tapşırıqlarını yerinə yetirmiş, həm də arzu və istəklərimizi həyata keçirmiş olarıq. Güman edirəm ki, 2023-cü ilin ilk günlərində icmanın rəhbərləri və əsas üzvləri bir araya gələcək. Prezidentin proqram xarakterli çıxışından irəli gələn vəzifələrimizi müəyyənləşdirəcəyik. Artıq mən bəzi yoldaşlarla əlaqə saxladım. Sənəd tərtib edəcəyik. Əvvəlcə həmin sənəddə nəzərdə tutulan məsələlərin hansını kimin idarə edəcəyi müəyyənləşdiriləcək. Prezident öz çıxışında hüquqi məsələlərə, təbliğati işlərin təşkilini xüsusi diqqət yetirib. Yeni portalın yaradılması, mətbuat, beynəlxalq əlaqələrlə bağlı danışıb. Bunların hamısı müzakirə edilib müəyyənləşdirilməlidir. Ümid edirəm, yanvar ayının ortalarında qayıdış konsepsiyası adlı sənədlə tanış ola biləcəyik”.

Misir Mərdanovun sözlərinə görə, sənədin hazırlanması üçün icmanın idarə heyəti, müşahidə şurası bir yerə toplaşacaq, müzakirələr aparılacaq: “Həmçinin digər insanların da təklifləri alınacaq. Bütün bunlardan sonra sözügedən konsepsiya hazırlanacaq. Bu, cənab Prezidentin tapşırığına əsaslanan sənəd olacağı üçün diqqətlə hazırlanmalıdır. Dövlət başçısı öz ad günündə vaxt tapıb Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. O bildirdi ki, mən ad günümü həmişə öz ailəmlə – qaçqın və məcburi köçkünlərlə keçirmişəm. Bu gün yenə öz ailəmin içərisindəyəm. Bu, çox ciddi məsələdir. Ona görə də hörmətli Prezidentimizin bu addımına müvafiq ciddi addımlar atmağa hazırıq və hazır olacağıq. Bu hər birimizin üzərinə düşən çox ciddi məsuliyyətdir, müqəddəs bir işdir”.

M.Mərdanov qeyd etdi ki, təkcə 1988-ci ildə Qərbi Azərbaycandan 250-300 mindən çox adam deportasiya olunub. Bu qədər azərbaycanlını doğma vətənlərindən məcburi köçürüblər: “Qərbi azərbaycanlılar evlərindən heç bir şey götürmədən çıxıblar. Tikdikləri evləri, imarətləri, məktəbləri, əyin-başlarını, hətta şəkillərini də orada qoyublar. İnsanlar dövlətin təkidi ilə silah gücünə bir-bir evlərindən çıxarılıb. Bütün bunlar faktlardır. Bu məsələ barədə ayrı-ayrı məqalələr də, kitablar da yazılıb. Statistik rəqəmlər də bəllidir. Onları dəqiqləşdirməliyik. Çünki biz dünya ictimaiyyətinin qarşısında çıxış edəndə deyəcəklər ki, hansı sənədlərə əsaslanırsız. Ona görə biz həmin tarixin şahidi olmuş insanları eşitməliyik, yazılmış kitablardan gətirilən faktları dəqiqləşdirməliyik, sənədlər toplamalıyıq. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib. Orada doğulmuş, yaşamış biri kimi deyirəm ki, ermənilər bu siyasəti həmişə həyata keçirib. Mən Bakıya gəldim, universiteti bitirdim. Bildim ki, geriyə qayıtsam, orada mənə iş olmayacaq. Sonra qardaşım və bacım da gəldi. Atamla anam orada tək qaldığı üçün gəlməyə məcbur oldular. Uzun illər proses belə davam etdi və sonda orada yaşayan 250-300 mindən çox adam dövlət səviyyəsində deportasiya olundu. Bizim kəndin kolxoz sədri olmuş Səmayə xanım o dönəmdən danışır. Deyir ki, bizə dedilər ki, gecə ikən çıxıb gedin, ya da sabah silahlılar gələcək. Rəsmi vəzifəli insan bunu deyir. Bəlkə də o vaxta qədər olan deportasiyalar bu cür xarakter daşımayıb. 1988-ci ilin noyabr-dekabr ayında baş verən deportasiya isə birbaşa Ermənistan və onun arxasında duran qüvvələrin dəstəyi ilə həyata keçirilib. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar. Deportasiya olunan insanların o dövrkü pasportları da qalır. Biz qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün beynəlxalq səviyyədə ciddi işlər aparmalıyıq, Ermənistanın yüz minlərlə insanı deportasiya etdiyini, etnik təmizləmə həyata keçirdiyini, Ermənistan adlanan qondarma dövlətin yerləşdiyi torpaqların azərbaycanlılara məxsus tarixi torpaqlar olduğunu dünyaya ardıcıl iş aparmaqla tanıda bilərik. Cənab Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib. Bizim fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Çünki özümüz bilməklə iş bitmir. Gərək dünya ictimaiyyəti də bu həqiqətlərdən xəbərdar olsun”.

Etibar SEYİDAĞA