22 Dekabr 2024

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ölkəmizin dayanıqlı iqtisadi inkişafını aydın şəkildə göstərir. Bu, həm də verilən vədlərin iqtisadi baxımdan da reallaşdırılmasını stimullaşdırır. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” fikri bu gün özünün əyani təsdiqini tapmaqdadır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə nailiyyətlər əldə edir, ölkə qarşısında duran ən böyük problem həllini tapıb. Hazırda xalqımız qarşısında daha bir taleyüklü məsələ qalmaqdadır ki, bu da Qərbi Azərbaycana qayıdışla bağlıdır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır.

Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır. Prezident İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdir ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq: “Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək… biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.” Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirmişdir: «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər”.Göründüyü kimi, haqqdan qaçmaq olmaz və Qərbi Azərbaycan torpaqların hər qarışı bizə məxsusdur. Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: “Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı