22 Dekabr 2024

Qərb yeddi fevral seçkisindən bu səbəbdən qorxur: “Daha güclü Prezident Əliyev…”

Anti-Azərbaycan qüvvələr prezident seçkisinin nəticələrini tanımamaq üçün “siyasi mühit” qurmağa çalışırlar; prezidentliyə namizədlər, deputat və ekspertlərdən fərqli açıqlamalar

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə deputatlar “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. 

Qərar layihəsi alman deputat Frank Şvavenin təşəbbüsü ilə ortaya çıxıb. Formal səbəblər kimi Azərbaycanda “insan hüquqlarının pozulmaqda davam etməsi, siyasi məhbusların sayının artması və 7 fevral prezident seçkisini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyasının nümayəndələrinin dəvət olunmaması” göstərilib. Bəzi ekspertlərə görə, buna səbəb ölkədə bəzi həbslər və bu sıraya son dövrlər şərti olaraq “Qərbin uşaqları”nın da əlavə olunmasıdır. Onlar hesab edir ki, Qərbdən təzyiqlər iki ölkə arasında sülh müqaviləsi imzalanana qədər davam edəcək. 

Fransanın, eləcə də Avropa strukturlarının formalaşdırmağa çalışdığı vahid mövqenin Azərbaycanda seçkilərlə bağlı olduğu haqda da rəylər var. Məsələn, siyasi təhlilçi Bahəddin Həzi yazır ki, Qərbdə Azərbaycanda növbədənkənar prezident seçkisinin nəticələrini tanımamaq üçün bir siyasi mühit qurmağa çalışırlar: “Bunu əvvəllər başqa dövlətlərə münasibətdə də sınaqdan keçiriblər və nəticə, demək olar ki, bütün hallarda uğursuz olub. Kimi prezident kimi tanımayıblar, hələ də prezidentdir. Hansı parlamentin seçilməsini qəbul etməyiblərsə, hələ də parlamentdir. 7 fevral seçkisinin şəksiz favoriti var və Qərb strukturlarının bu seçkinin nəticələrini tanımaqdan başqa yolu yox idi. 

Çünki heç bir sorğu keçirmədən də məlumdur ki, seçicilərin əksəriyyəti kimi prezident seçəcək. Bu qaçılmaz nəticəni şübhə altına almaq  üçün seçkiqabağı mühitin adekvat olmadığına dair ortaq mövqeni indidən formalaşdırmağa cəhd edirlər. Avropada çox yaxşı bilirlər ki, hazırkı prezident cəmiyyətin əksəriyyətindən yenidən hakimiyyət mandatı alacaq və pressinq qarşısında daha da dözümlü olacaq. Xüsusilə Ermənistanla sülh müqaviləsini bəhanə edərək regiona nüfuz etmək istəyənlər üçün Azərbaycanda yeni seçkidən yenidən və daha da güclənərək çıxmış bir prezident arzuolunan deyil. O üzdən təzyiqlər artıb və daha da artacaq”. 

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

 Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Qərbdən olan təzyiq və qərəzli bəyanatların bir səbəbi də 7 fevral seçkisidir. Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli mövqe ilk növbədə Fransadan gəlir. Deputat hesab edir ki, bu ölkədəki erməni icması sülh prosesini dayandırmaq və Ermənistanı yeni faciələrə sürükləmək məqsədi güdür. A.Mollazadə vurğuladı ki, bu oyunların hər hansı nəticəsi olmayacaq: “Azərbaycan güclü dövlətdir və bizə nəyisə diktə edə bilməzlər. Avropada gedən kampaniya və Qarabağ ermənilərinin guya etnik təmizləməyə məruz qalması iftiraları da effekt verməyəcək. Çünki bu haqda dəlil-sübut yoxdur”. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Prezidentliyə namizəd Elşad Musayev isə qəzetimizə açıqladı ki, Azərbaycana basqı olacağını əvvəldən söyləmişdi: “Ölkəmizə sanksiyalar tətbiq etməyə hazırlaşırdılar. İndi bu fürsəti əldə ediblər və seçkinin nəticələrini şübhə altına almaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, hesablanmış kampaniyadır. Amma nəticələrə hər hansı təsiri olmayacaq və biz normal seçki keçirəcəyik”. E.Musayev qeyd etdi ki, sanksiyaların tətbiqi neft-qaz sənayesinə mümkün deyil, lakin siyasi təzyiqlərin davam edəcəyi gözləniləndir: “Azərbaycanda normal seçki prosesi gedir, namizədlər görüşlərini davam etdirir. Qərbin təşkilatlarının qarnının sancısı odur ki, bizi sıxışdırsınlar, seçkiləri gözdən salsınlar. Ancaq nəticələri tanımamaq, legitimliyi şübhə altına almaq onların həddində olan iş deyil. Xalqımız müdrikdir və beynəlxalq təzyiqləri, qərəzli və düşmən münasibətini hansı ölkələrin, təsisatlarını göstərdiyini görməkdədir. Avropa Şurası, Avropa Parlamenti, onları idarə edən Makron Fransasının bu addımları atacağı təəccüb doğurmur”.

Fuad Əliyev: Xarici siyasətdə qazanılan uğurların davamı və daha da  genişləndirilməsini tətəfdarıyam

Fuad Əliyev 

Prezidentliyə namizəd Fuad Əliyev isə bildirdi ki, seçkinin favoriti İlham Əliyevdir: “Onun Ali Baş Komandan olaraq Qarabağ zəfərini Avropada həzm edə bilmirlər. Ona görə də rüşvətə bulaşmış avropalı deputatlar, siyasətçilər qərəz qusmağa başlayıblar. Fevralın 7-nə qədər təzyiqlərin güclənməsi mümkündür, amma Azərbaycan bu cür çirkin siyasi oyunları çox görüb. Biz insidentsiz, müdaxiləsiz seçki kampaniyası keçiririk. Qərbdə olan dairələr iyrənc və düşmən siyasətini davam etdirirlər. Xankəndi və ətraf bölgədə “boz zona”nın təmizlənməsindən sonra Azərbaycan əleyhinə qətnamələr, qərarlar veriləcəyini bilirdik. Amma biz beynəlxalq hüquqa uyğun antiterror əməliyyatı keçirmişik, Avropa təşkilatlarının nə deməsinin əhəmiyyəti yoxdur”.

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi ekspert Asif Nərimanlı hesab edir ki, təzyiq dalğasının seçki öncəsi və sonrasında güclənəcəyi istisna deyil: “AŞ PA-nın Azərbaycana qarşı qaldırdığı məsələdə “Qarabağdan erməni sakinlər zorakılıqla çıxarılıb” iddiasını səbəb kimi göstərməsi əsas hədəfin nə olduğunu anlamağa imkan verir. Qərbdə erməniləri Qarabağa istədikləri formada – “təhlükəsizlik zəmanəti” altında qaytarmaq istəkləri hələ də var, lakin Bakının bunu qəbul etməyəcəyini bilirlər, bu baxımdan, “Qarabağın erməni əhalisi” kartını Azərbaycanı sülh danışıqlarını Qərb düşərgəsində aparmağa məcbur etmək siyasətində istifadə edirlər. Fransa Senatının qətnaməsi, Avropa Parlamenti, AŞ PA, eləcə də Borrelin son açıqlamaları eyni siyasətin tərkib hissəsidir”.

Rusiya Azərbaycandan ÇOX ŞEY İSTƏYİR" - Bakı buna getsə....

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Avropa Şurası Qarabağ erməniləri, keçmiş Laçın dəhlizi, Ermənistanın ərazi bütövlüyü ilə bağlı kimi spekulyasiyalardan istifadə edərək regionda sülhü əngəlləyir: “Ümumiyyətlə, Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur. Azərbaycan Zəngəzur dəhlizindən imtina etmişdi. İran ərazisindən Naxçıvana yol çəkilir. Amma Zəngəzur yolu ilə bağlı maneəsiz giriş-çıxışı Azərbaycan tələb edir. Azərbaycan bu məsələni gündəliyə çıxarıb. Bu, sülhün əsas komponentidir. Amma burada Rusiya pozucu fəaliyyət göstərir. Rusiya çalışır ki, Azərbaycanla Qərbin bütün bağları qopsun. Avropa Şurası da Azərbaycana qarşı Rusiyanın siyasətinə əsasən oynayır. Avropa Şurasından çıxmaqla Azərbaycan xarici siyasətində Qərblə əlaqələrdə müəyyən problemlərə yol aça bilər”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”