24 Dekabr 2024

Qənirə Paşayevadan böyük şirkətlərə, qurumlara ÇAĞIRIŞ FOTO VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xətai Sənət Mərkəzində keçirilən “AKVAREL TƏƏSSÜRATLARI” adlı akvarel əsərlərindən ibarət satış sərgisində çıxış edib və böyük şirkətlərə, qurumlara çağırış edib.

Sərgi Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalareyasının təşkilatçılığı ilə hazırlanıb. Məqsəd ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunub.

Sərgi iştirakçıları və qonaqları Od çərşənbəsi münasibətilə təbrik edən Komitə sədri Qənirə Paşayeva öz ürək sözlərini, sərgi ilə bağlı təəssüratlarını bölüşüb: “Hər xalq gələcəyə öz mədəniyyəti, mədəni irsi ilə gedir. Ancaq mədəniyyəti güclü olan xalqlar gələcəyə güclü şəkildə getməyə qadirdir. Azərbaycan xalqı dünya mədəniyyətində özünəməxsus yeri olan bir xalqdır. Ümumilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlara olan dəstəyini hamımız bilirik və o dəstəyi özümüzçün nümunə hesab edirik. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın incəsənətə olan dəstəyi də hər kəsə bəllidir. Bu elə bir sahədir ki, hər birimiz əlimizdən gələni etməliyik. Yaradıcı insanların həm mənəvi olaraq, həm də onların sənətinə verdiyimiz dəyəri açıq şəkildə göstərməyimizə ehtiyacları var. Bəzi yaradıcı şəxslərimiz var ki, onların sosial durumu yaxşı deyil. Digər yandan, pandemiyanın da incəsənətə mənfi təsirləri var. Mədəniyyət Komitəsi, bəzi dost təşkilatlarla birgə yaradıcı insanlara, özəlliklə gənc istedadlara əlimizdən gələn dəstəyi verməyə çalışırıq.

Mənə akvarel sərgisi keçirməklə bağlı təklif gələndə, düşündüm ki, maraqlı bir layihədir. Çünki rəssamlarımız akvarel sənət növünə tərəddüdlə yanaşır. Amma görürsünüz ki, necə gözəl əsərlər çəkilib. Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın rəhbəri Gəray Əlibəyov sərgiyə gələrək rəssamlarımıza dəstək oldu. Xüsusilə Xətai Sənət Mərkəzinin rəhbərliyinə çox təşəkkür edirəm. Çünki Xətai Sənət Mərkəzi bu mövzularda çox fəaldır və hətta maddi imkanları məhdud olan rəssamlarımıza da mümkün olan köməkliyi göstərməyə çalışır. Beynəlxalq Akvarel Cəmiyyətinə də öz təşəkkürümü bildirirəm. Çünki nə qədər qurumlar bu sahəyə dəstək olsa, o qədər gözəl nəticələr əldə olunar.

Hər zaman dediyim bir fikir var, hədiyyə üçün xarici ölkələrdən nələrsə almayın. Yaradıcı insanlarımızın əsərlərini alsanız, bu, həm rəssamlarımıza dəstək olar, həm də ödənilən vəsait ölkəmizdə qalmış olar”.
Mədəniyyət Komitəsi və Firəngiz Balakişiyevanın rəhbərlik etdiyi “NƏFƏS” İB adından 16 əsər alındığını deyən Qənirə Paşayeva, sərgi iştirakçılarını da satış sərgisində fəal olmağa çağırıb.
Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub. Sonda əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub.

Arzu edənlər sərgi ilə bağlı materialı bu “link”dən izləyə bilər: