19 Aprel 2024

QƏLƏBƏ NİDASI

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. İlham Əliyev-Azərbaycan Respublikasının Prezidenti
Bəli, 30 illik torpaq həsrətinə 44 gündə son qoyduq. “Dəmir Yumruq” əməliyyatı noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi.
Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində öz sözünü dedi. Düşmənin kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Azərbaycan Zəfər qazandı.
Beləliklə, hər günü bir tarix oldu 44 günün. Vətən müharibəsi dövründə hər bir vətəndaş Vətənə olan borcunu yerinə yetirdi. Məhz buna görə də döyüş meydanında, həm də siyasi, ideoloji və diplomatik müstəvidə – hər cəbhədə – qalib gəldik. 30 illik münaqişəni 44 gündə həll edən Azərbaycan Ordusu, öz gücünü, xalqımızın birliyini bəşəriyyətə sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz qürur mənbəyimizdir.
44 günlük Vətən müharibəsində hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərinin yalnız bir amalı var idi: ədalət zəfər çalsın.
Bildiyimiz kimi, təkcə Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü anlamağa kifayət etdi. Ordumuz Şuşa döyüşləri ilə dünya hərb tariximizə yeni, misilsiz tarix yazdı. Hətta, Şuşa döyüşlərində Azərbaycan əsgərinin apardığı hərbi gedişlər, taktikalar indi bir çox hərbi məktəblərin dərs vəsaitinə, mövzusuna çevrilib. Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə açmaqla yanaşı, həm də dünyaya göstərdi ki, bizim əsgər ən humanist əsgərdir.
Bəli, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin sevincini yaşadı. İgid-igid Azərbaycan oğulları mənfur düşməni doğma torpaqlarımızdan “iti qovan” kimi qovaraq, qələbə qazandı.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyir, onların ruhları qarşısında baş əyirəm.
Qələbəmizin əsas memarları olan Müzəffər Ali Baş Komandanımız və Rəşadətli Ordumuzun hər bir fərdinə minnətdarıq!
Yaşasın müstəqil Azərbaycan!
Eşq olsun Müzəffər Ordumuza!
Qarabağ Azərbaycandır!

Fidan Nəsirli – Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi