08 Sentyabr 2024

Qədim tarixə söykənən dostluq münasibətləri

İki ölkə  Özbəkistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət keçmiş sovetlər birliyinin tərkibində müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.Müstəqillik illərində iki qardaş ölkə arasında ələqələrin inkişafında və münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistan sabiq Prezidenti İslam Kərimovun Müstəsna xidmətləri olub. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb.

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Məlum olduğu kimi Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən  prezident seçkilərində xalqın növbəti dəfə etimadını qazanaraq yenidən  Prezident seçildi. Bu səfərin özəlliyi ondadır ki,  cənab Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz  Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki,  Azərbaycan və Özbəkistan  iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin  yeni mərhələyə yüksəlməsini şərtləndirir.

Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi.  Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.

Bu səfərin ayrı-ayrı məqamlarına xüsusi diqqət çəkərək qeyd etmək olar ki, hər iki dövlət Azərbaycan və Özbəkistan arasında münasibətlər daha yüksək səviyyədə inkişaf edəcəkdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini