08 Sentyabr 2024

Qazi ailəsi Göyçayın başçısından PREZİDENTƏ ŞİKAYƏT ETDİ + FOTOLAR

Artıq neçənci dəfədir ki, redaksiyamıza Göyçayın icra başçısının şəhid və qazi ailələrinə qarşı ədalətsiz və laqeyid münasibətinə dair şikayət məktubu daxil olur. 
Bu dəfə Göyçay rayonu Mallı-Şıxlı kənd sakini olan qazi anası Məmmədova Maygül Bahadur qızının ölkə Prezidenti və Birinci vitse-prezidentə ünvanladığı məktubun bir nüsxəsi də Neqativ.com-a daxil olub.
Məktubda göstərilir ki, ağır yaralanan qazi Məmmədov Yusif Müşfiq oğlu olduqca ağır sosial problemləri olan ailədə, çətin durumda yaşayır: “Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən Müharibəsi qazisidir. 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan müharibədə iştirak edən oğlum 1 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub. Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir. Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq, hərəkət edə bilmir. Böyrəkləri işləmir, sidiyi şlank vasitəsilə ifraz edilir.”
Qazi anası həkimlərdən heç bir şikayəti olmasa da Göyçayın icra başçısının saymaz və laqeyid münasibətindən gileylənir: “Oğlum hazırda hospitaldan evə məzuniyyətə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur. Əksinə, onlardan tam razıyam. Ancaq Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəm də, nə qəbul etmədi, nə də köməklik göstərmədi. Mənə köməkçisi vasitəsilə sözü bu oldu ki, “biz qazi ailələrinə kömək etmirik, Prezident özü kömək edəcək”. 

Biz, yararsız, qəzalı daxmada yaşayırıq. Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yaradır, səhhətini daha da ağırlaşdırır. Həyat yoldaşım rəhmətə gedib. Yetimçiliklə 4 övlad böyütmüşəm. Uzun illərdir Yusif və qardaşı Rəvan fəhləlik etməklə həyətdə ev tikdirdik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb üstü bağlansa da tavanı, döşəməsi qapıları yoxdur, qazı, işığı çəkilməyib. Buna isə bizim maddi imkanımız yoxdur.”

M.Məmmədova yazır ki, ailənin tikintisi yarımçıq qalan evi başa çatdırmaq və heç olmasa onun bir otağını qazi üçün hazırlamaq imkanı yoxdur: “İstəyim odur, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə köməklik göstərsin. Ancaq o, yaramaz hərəkət edərək, bizi qəbul etmədi və heç bir köməklik göstərmədi. Bircə o sözü bizə çatdırdı ki, gedin deyin başçı qazi ailələrinə köməklik etmir, bu işlərə Prezident baxır. Mən, həmçinin, kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm. Ancaq o da kömək etmədi. Qeyd edim ki, biz özümüz Yaşat fonduna müraciət etmişik.İcra başçısı Mehdi Səlimzadə isə “reklam xəstəliyinə” tutulub. Bir-iki qazini yığıb otağına şəkil çəkdirməklə, özünün əlində saxladığı saytlarda nümayiş etdirərək Prezidenti və ictimaiyyəti aldadır. Ancaq əslində, Mehdi Səlimzadə vətəndaşlara qarşı çox ədalətsiz və laqeyid icra başçısıdır…”
Sonda qazi anası ölkə başçısından və Mehriban xanımdan xahiş edir ki, ailənin probleminin araşdırılmasına və ağır yaralı qazinin normal yaşayışının təmin olunmasına kömək etsinlər.

Neqativ.com