Qazaxıstanlı biznesmen Azərbaycanın azad edilmiş torpaqlarının bərpasında iştirak etməyə hazırdır
Qazaxıstanlı biznesmen Kuanış Kalijanovun “Report”a müsahibəsi:
– Son iki ildə Azərbaycanda biznes-layihə həyata keçirirsiniz. Ölkəmizdə iş qurma təcrübənizdən danışa bilərsinizmi? Azərbaycanda biznes qurmaq üçün şərtləri necə qiymətləndirə bilərsiniz? Bu müddət ərzində hansı işlərinizdə hansı çətinliklərlə qarşılaşmısınız?
– Bəli, həqiqətən, uzun müddətdir Almaniyanın “Thyssenkrupp elevator” konserninin liftlərinin quraşdırılması layihəsi çərçivəsində Bakıdayam. Böyük tikinti şirkəti üçün bir layihə həyata keçiririk.
Bizimki kimi, tikinti layihələri nüfuzlu və beynəlxalq aləmdə tanınmış keyfiyyətli alət və tikinti texnikası parkı brendləri yerli bazarın inkişafı üçün hərəkətvericidir qüvvədir.
Rusiya bölməsi ilə təmsil olunan alman konserninin Azərbaycan şöbəsi olduğumuz halda Türkiyə şirkəti ilə birlikdə Azərbaycan layihəsi üzərində işləyirik, başqa sözlə, çoxvəzifəli, çoxvektorlu mühitdə çalışmalıyıq.
Bu şərtlərdə yerli gömrük, vergi qanunvericiliyi, mühasibat və hesabat sistemlərinin xüsusiyyətlərini ana şirkətinizin və sifarişçi şirkətin tələb və standartları ilə düzgün uyğunlaşdırmaq lazımdır.
Bəzən tikinti çertyojlarının, tikinti norma və parametrlərinin unifikasiyası səy və vaxt tələb edir və quraşdırma texnologiyalarını, demək olar, elə iş gedə-gedə dəyişdirməli oluruq. Bu işdə azərbaycanlı mütəxəssislərin də böyük xidmətləri və köməyi var. Montajçılar tam şəkildə yerli işçilərdir, çalışqan və vicdanlı uşaqlardır.
Ümumilikdə Azərbaycanda biznesi qeydiyyatdan keçirmək çətin deyil. Dünya Bankının hesabatlarına əsasən tərtib edilən “Doing Business” reytinqinə görə, Azərbaycan Gürcüstan və Özbəkistandan sonra ilk onluqdadır.
ASAN vasitəsi ilə dövlət xidmətləri göstərən sistemdən, karantin şəraitində icazə və SMS icazələrin avtomatlaşdırılması da məni məmnun etdi.
– Qazaxıstan və Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Ticarət əlaqələrimizin inkişafı üçün, sizcə, nə lazımdır?
– Birincisi, potensialı nəzərə alsaq, son illərdəki 200 milyon dollarlıq dövriyyə ölkələrimiz üçün çox deyil. Xarici ticarət dövriyyəsi bir milyarda çatdırıla bilər və bu, realdır.
İkincisi, ölkələrimizin biznes cəmiyyətləri bir-birlərinin imkanlarını zəif bilir. Ümid edirəm ki, Qazaxıstanda və Azərbaycanda açılacaq Ticarət Evləri ölkələrimizin sahibkarlarını bir-birinə yaxınlaşdırmaq üzrə planlarını həyata keçirə biləcək.
Üçüncüsü, Qazaxıstanın Gömrük İttifaqı çərçivəsindəki öhdəlikləri Azərbaycanda ticarət və investisiya azadlığını məhdudlaşdırmamalıdır.
Dördüncüsü, qarşılıqlı ticarətdə tarazlıq yoxdur, dövriyyənin əhəmiyyətli hissəsi (təxminən 80%) Qazaxıstan buğdasının, neft məhsullarının, bəzi neft-qaz maşınqayırması növlərinin ixracıdır; Azərbaycandan Qazaxıstana ixracat isə 20-40 milyon ABŞ dolları (10-20%) təşkil edir.
Beşincisi, ticarətlə yanaşı, Azərbaycanda Qazaxıstan şirkətlərinin və Qazaxıstanda isə Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrin qiymətləndirilməsi maraqlıdır.
Köhnəlmiş və vaxtı keçmiş stereotipləri qırmaq lazımdır. Biz, qazaxıstanlılar aydın başa düşməliyik ki, indi azərbaycanlı inşaatçılar yaxşı tikinti aparmağı bilirlər, özü də yüksək seysmik aktivliyi olan ərazilərdə. Məsələn, Nur-Sultanda “Caspian Service” şirkəti Azərbaycan layihələri əsasında bir neçə yaşayış kompleksi inşa edib. Mənim doğma Aktobe vilayətimdə yolların tikintisində tanınmış Azərbaycan şirkəti “AzVirt” iştirak edir. Azərbaycanda pilotsuz uçan aparatlar yığılması artıq hamıya bəllidir.
Azərbaycan Qazaxıstan üçün ekzotik hesab olunan meyvə və tərəvəzi yetişdirməyə imkan verən doqquz iqlim tipi olan unikal ölkədir.
Azərbaycanın sənayesi və imkanları barədə sonsuza qədər danışmaq olar.
Qazaxıstan da öz növbəsində azərbaycanlıların özünəməxsusluğunu kifayət qədər yaxşı bilmədiyi ağır və neft maşınqayırması, heyvandarlıq, qoyunçuluq, kimya sənayesi və digər ənənələrə malikdir.
Bir-birimizi qarşılıqlı şəkildə tamamlaya bilməmiz üçün bir-birimizi intensiv şəkildə tanımalıyıq, bir-birimizə daha tez-tez baş çəkməliyik, vergi və gömrük qanunvericiliyi, sığorta, pensiya sistemlərini uyğunlaşdırmalı, standart və reqlamentlər unifikasiya edilməlidir. Ölkələrimiz arasındakı inzibati və digər maneələrin aradan qaldırılması üçün işləmək lazımdır.
– Bildiyiniz kimi, keçən il Azərbaycan üçün tarixi il oldu – ölkə çoxdan gözlənilən ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Artıq azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb. Qazaxıstan biznesinin nümayəndəsi olaraq, Qarabağın bərpasında iştirak etməkdə maraqlısınızmı və bu gün nə təklif edə bilərsiniz?
– Azərbaycan xalqını qələbə və torpaqlarının azad edilməsi münasibətilə təbrik etməkdən şadam! Şəhid ailələrinə başsağlığı verirəm. Tarixi hadisələrin şahidi oldum. Hər şey gözümün qabağında baş verdi. Qurtuluş müharibəsi sentyabrın 27-də başladı. Noyabrın 8-də Şuşa azad edildi. Noyabrın 10-da səhər saat 4-də bütün Bakı qələbəni bayram edirdi. Dekabrın 10-da da Zəfər Paradı keçirildi.
İşğaldan azad edilmiş ərazilərdən videolara baxarkən Azərbaycanın bu torpaqları bərpa etmək üçün görəcəyi işlərin nə qədər çox olacağı barədə düşündüm. Aydındır ki, biz, qardaş xalqlar kənarda dayanmamılıyıq.
Bu səbəbdən də Qazaxıstanın Azərbaycandakı səfirliyinə şirkətimin Qazaxıstanın tərəfdaş müəssisələri ilə müştərək qaydada azad edilmiş ərazilərin bərpasında iştirak etməsi üçün təkliflərlə dolu məktub göndərmişəm.
Realist olmaq lazımdır, Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərinə yaxınlığı və inşaat sahəsindəki səlahiyyətləri danılmaz dəlillərdir.
Bu səbəbdən də ciddi irəliləyişlər əldə etdiyimiz sahələrdə – iqtisadiyyat sahələrinin rəqəmsallaşdırılması, o cümlədən bunun Yerin məsafədən zondlama kosmik sisteminin məlumatlarının tətbiqi ilə həyata keçirilməsi, geoinformasiya texnologiyaları, bərpa olunan enerji mənbələri sahəsində texnologiyalar və s. səriştələrimizə və təcrübələrimizə arxalanmalıyıq.
Bundan əlavə, Qazaxıstan biznesinin informasiya texnologiyaları, təhlükəsizlik və “Smart City” konsepsiyası sahəsində rəqabət imkanları barədə ətraflı danışdım.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvarın 26-da yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə məhz bu təlimatları verib: işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “smart city”, “smart village” konsepsiyası əsasında yaradılmalıdır.
Bu istiqamətdə rəqabətədavamlı və tələbatlı ola bilərik. İlkin mərhələdə mühəndislik və dizayn işləri üçün metodoloji zəmin yaradacaq texnologiyalardan və rəqəmsal həllərdən istifadənin çox vacib olduğunu yaxşı bilirik.
Qazaxıstanda seysmik zonalarda hidrotexniki, enerji və mülki tikililərin layihələndirilməsi və inşası sahəsində çox nüfuzlu layihəçilər, mühəndislər məktəbi var. Bundan əlavə, “Smart city” konsepsiyasının yaradılması, geoskanlama, mühəndis kommunikasiyaları bazasının yaradılması və onların monitorinqi üçün rəqəmsal həllərdə təcrübə əldə edilib.
Bununla əlaqədar Qazaxıstanın “Smart City” sistemləri yaratmaq təcrübəsi ilə tanış olmaq və bunu diqqətə almaq üçün Azərbaycan Hökumətinə təklif irəli sürməyi məqsədəuyğun hesab etdik.
Yəni “Smart city” yaradılması sahəsindəki təkliflərimizin nəzərdən keçirilməsini və işğaldan azad edən ərazilərin bərpası üçün sosial-iqtisadi konsepsiya layihəsinə daxil olunmasını xahiş edirik.
Təkliflər ərazilərin bərpasına və inkişafına kompleks yanaşma təmin edilməsi konsepsiyasının ilkin mərhələsinin proqramına uyğundur və infrastrukturun idarəedilməsi və təhlükəsizliyi məsələlərinin həllini özündə cəmləşdirir.
Şuşa şəhərinin inkişafı üzrə keçiriləcək tədbirləri nəzərə alaraq, şəhər və strateji obyektlər üçün təhlükəsizlik sistemləri sahəsindəki layihələndirmə təcrübəmizi nəzərdən keçirməyi təklif edərdik.
Bu konsepsiya şəhərin və bölgənin ağıllı videomüşahidə və cavab tədbirlərinə əsaslanan inteqrasiya olunmuş əməliyyat idarəetmə sistemini əhatə edir.
Ölkənin təhlükəsizliyini izləmək üçün vacib vasitə hava, su və torpaq keyfiyyətinə nəzarət edilməsi üzrə inteqrasiya olunmuş sistemdir. Sistem onlayn olaraq saatlıq yeniləmələrlə ölkənin və bölgənin ətraf mühitinin çirklənməsi (yolxuması) xəritəsini yaratmağa imkan verir.
Əməliyyat idarəetmə mərkəzi əvvəlcədən görülməyən texnogen və terror təhdidlərini davamlı izləmək və ona qarşı cavab vermək qabiliyyətinə malikdir.
Digər mühüm istiqamət bütün yeraltı, yerdəki və yerüstü kommunikasiya və infrastrukturu əhatə edəcək şəhərin rəqəmsal xəritəsinin, başqa sözlə “Geoportal” sisteminin yaradılmasıdır. Bu, bərpa tədqiqatı, layihələndirmə və tikinti-quraşdırma işlərinin başlanğıcından etibarən hər bir obyektin rəqəmsal pasportunu və bütövlükdə şəhərin rəqəmsal xəritəsini formalaşdırmağa imkan verəcək.
Növbəti addım şəhərin 3D layihəsinin hazırlanmasıdır. “Smart City” konsepsiyasının tərkibinə nəqliyyat blokları, mənzil-kommunal təsərrüfatları, vətəndaşların müraciətləri, tibbi xidmətlərin təşkili, rəqəmsal dəfn tətbiqi, şəhər nəqliyyat vasitələrinin monitorinqi, turizm, təhsil və s. daxildir.
Onların hamısı birlikdə idarəetməsi və sakinlərinin təhlükəsizliyi üçün böyük imkanlar yaradır. Faydalı həllər əldə etmək üçün ekspert cəmiyyəti ilə əlaqə qurmağa hazırıq.
Yuxarıda deyilənlərin hamısından əlavə, maraqlı olduğunu hesab etdiyim müşahidələrimi də bölüşmək istəyərdim. Ölkəni gəzərkən olduğum yerlərin potensialını qiymətləndirməyə çalışıram.
Azərbaycanda turizm sektoru əhali məşğulluğunun əhəmiyyətli mənbəyinə və ayrıca sənayeyə çevrilə bilər. Təbəit və tarixi parkların misilsiz imkanları ilə az tanışıq. Burada turizmin rəqəmsallaşdırılmasında, marşrutların və görməli yerlərin vizuallaşdırılmasında mənbələr var.
Şamaxı Astrofizika Rəsədxanasında olan zaman hava və günün vaxtı teleskopla ulduzları müşahidə etməyimə imkan vermədi. Bura mənim kimi çox sayda turist gəlir. Burada hətta Nəsruddin Tusinin özü də öz məlumat bazasından istifadə edərək planetarium inşa edilməsini istəyərdi.
Yeri gəlmişkən, artıq tarixi olan teleskopların modernləşdirilməsinə baxmayaraq, birlikdə rəsədxananın çəkilişlərin rəqəmsallaşdırılmasından tutumuş unikal planetarium avadanlıqlarına qədər modernləşdirilməsi üçün proqram hazırlaya bilərik.
Qazaxıstanda özündə okeanarium, cəngəllik və digər istiqamətləri birləşdirən əyləncə kompleksinə rəhbərlik etmişəm. Yeri gəlmişkən, Nur-Sultandakı okeanarium dənizdən ən uzaq bu cür obyekt olması ilə bənzərsizdir.
Təbii ki, Bakıda, dəniz şəhərində okeanarium olub-olmaması məni maraqlandıran sual idi. Çünki bizdə çölün ortasında dəniz suyu təşkil etmək olduca xərcli məsələ idi, dəniz suyu hazırlamaq üçün onlarla ton dəniz duzu almalı olmuşduq.
Bakıda dəniz suyunu hazırlamaq üçün yalnız onun təmizlənməsi lazımdır. Bildiyim qədərilə, okeanarium layihəsi Moskvada, Krasnoqorskda “Crocus Group” tərəfindən həyata keçirilib. Sayta əsasən deyə bilərəm ki, bu, əla layihədir, investorlar çox şey əldə ediblər, ən əsası isə bu layihənin yeni reallıqda – əyləncənin “entertainment” formatı gündəmə gəldiyi zaman daha da inkişaf edə biləcəyini görürəm.
Bakının şəhər təsərrüfatı metro və liftlər də daxil olmaqla, nəqliyyat kommunikasiyaları və mexanizmlərini özündə cəmləşdirən çox mürəkkəb orqanizmdir.
İntensiv rejimdə işləyən və aşınmaya məruz qalan avadanlıqlar üçün monitorinq sisteminin rəqəmsallaşdırılması böyük əhəmiyyət kəsb edir. Təmir siqnallarına reaksiya verməkdən mexanizmlərin və avadanlıqların aşınmasını gözləməyə keçmək lazımdır.
Bunun üçün isə hər bir mexanizmin istehsalından başlayaraq son yağ dəyişikliyinə qədər maksimum detallı rəqəmsal tarixçəsinə ehtiyacımız var.
Belə tarixçə sıravi mexanikdən tutmuş ən başda oturana qədər hamı üçün kağız məlumat daşıyıcılarından planşetə və smartfona transformasiya olunmalıdır.
Ağıllı şəhərin və ya ağıllı kəndin həqiqi sahibi planşetində bütün kommunikasiyalara, şəhərin 3D formatlı layihəsinə, videoanalitik ilə istənilən videokameraya girişə sahib olacaq.
Şəhər sahibi dərhal risklər və təhdidlər haqqında məlumat almalı və onlara operativ reaksiya göstərməlidir.