Qarşılaşmaq istəmədiyimiz COVİD sualları – “Vaşinqton Post”
Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Qarşılaşmaq istəmədiyimiz COVİD sualları” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Meqan Makardldır.
Bir ildir çoxumuz pandemiyaya yalnız bir metodla – kütləvi immunitet yolu ilə son qoyulacağını düşünürük. Elə bilirdik ki, vaksin gələnə qədər evə qapansaq, ya da keçmişdəki kimi virusun təbii şəkildə yayılmasına imkan versək, kollektiv müqavimət formalaşacaq və infeksiyadan canımız qurtaracaq. Amma heç birimizin ağlına gəlməyib ki, bu çıxış yolları da işə yaramaya bilər.
Gəlin belə bir sual verək: əgər koronavirus infeksiyası 1918-ci ildə ilk dəfə Böyük Britaniyada üzə çıxan qrip virusu kimi daha yoluxucu və ölümcül olarsa, onda nə baş verəcək? Virus tez-tez cildini dəyişib dondan-dona düşərsə və ona qarşı kollektiv müqavimət yaratmaq üçün hər dəfə yeni peyvənd hazırlamağa ehtiyac yaranarsa, onda nə edəcəyik? Birdən bu pandemiya heç vaxt bitmədi, onda nə olacaq?
Məni bu sualları verməyə Braziliyanın Manaus şəhərindəki vəziyyət məcbur edir və cavabları heç də xoşuma gəlmir.
Braziliyanın Amazon bölgəsində yerləşən, 2 milyon insanın yaşadığı Manaus şəhəri əsasən peyvəndlənməyə, karantinə şübhə ilə yanaşanların yolu ilə getməyə üstünlük verdi: nəticədə məhdudiyyət az, yoluxma isə çox oldu. Ötən ay bəzi alimlər Manausda əhalinin artıq 75%-nin koronavirus xəstəliyi keçirdiyini ehtimal etdiklərini açıqladılar. Bu şəhər demək olar ki, kollektiv immunitetin yaranmasına yaxın idi.
Amma Manaus belə bir dövrdə infeksiyanın yeni bir ölümcül dalğasına məruz qaldı. Xəstəxanalarda oksigen tükəndi, ölüm çoxaldı. Ölənlərin əksəri kütləvi məzarlıqda basdırıldı. Braziliyada infeksiyanın əvvəlki yoluxma səviyyəsini hazırkı durumla müqayisə etdikdə virusun P.1 adlandırılan formasının COVİD-19 xəstəliyindən sağ çıxmış insanlara yenidən yoluxduğunu ehtimal etmək olar. Təkrar yoluxma isə pasiyentlərin vəziyyətini daha da ağırlaşdıra bilər.
“Vaşinqton Post”a danışan epidemioloq Noaldo Lusena bildirib ki, əvvələr virusun yeni ştamının sürətlə yayıldığı, amma onun təhlükəli olmadığı deyilirdi: “İndi Manausdakı vəziyyət bunun əksini düşünməyə əsas verir. Bu bir hiss deyil, bu, faktdır”.
Koronavirusun Cənubi Afrikada ortaya çıxan başqa bir forması ilə bağlı oxşar narahatlıqlar olsa da, ümidverici məqamlar da var. Birincisi, Manausda yoluxma həddi tədqiqatçıların kollektiv immunitetin formalaşması üçün ehtimal etdikləri həddən aşağı ola bilər. İkincisi, vəziyyət çox acınacaqlı həddə çatsa, virusun yeni formasını zərərləşdirəcək peyvənd hazırlamaq da mümkündür. Nəzəri cəhətdən kütləvi peyvəndlənmə aparmaqla yoluxma sayını azaltmaq olar. Virusun inkişafının qarşısını elə almaq olar ki, o, insanın müqaviməti qarşısında aciz qalsın və yayılmağa yer tapmasın.
Amma nəzəriyyə başqa şeydir, həyat başqa. Çox güman ki, yoxsul ölkələrdə əhalinin hamısının peyvəndlənməsi uzun illər mümkün olmayacaq. Hətta ABŞ-da da tam peyvəndlənmə aparılmaya bilər. Ölkədə qocalar evində çalışanların yarıya qədəri vaksinasiyanın ilk mərhələsində öz iş yerlərində peyvənd olundu. Bəs həssas qruplarla işləməyən amerikalıların peyvəndlənməsi nə səviyyədə olacaq? Əgər ABŞ əhalisinin yalnız 50%-i peyvəndlənsə, necə olacaq? Bu göstərici daha aşağı olarsa, nə baş verəcək?
Belə vəziyyətdə ümid ona qalır ki, peyvənd olunmaqdansa immuniteti yoluxma ilə qazanmağa üstünlük verənlər yeni dalğa meydana çıxanda səhv etdiklərini anlasınlar. Onlar koronavirusun üçüncü dalğasına məruz qalmaq riskinə getməkdənsə peyvənd olunmaq riskinə getsəydilər daha yaxşı olardı. Onda daha az insan həyatını itirə bilərdi. Ancaq deyəsən, bundan da pis ehtimallar var.
Peyvəndə mənfi yanaşanlar infeksiya mənbəyinə çevirilə və nəticədə virusun yeni formaları peyda ola bilər. Virus müqaviməti zəif olan insanlara yoluxmaqla immun sisteminə qalib gəlmək üçün sınaqlar keçirə bilər, yəni onların orqanizmindən bir növ laboratoriya kimi istifadə edə bilər. Açıq-aşkar görünür ki, biz əbədi olaraq karantin rejimində qalmaq fikrində deyilik. Bu isə yoluxmanın qarşısını alan məhdidiyyətləri qırağa qoyub bir millət kimi ölümü göz altına almaq deməkdir.
Alternativ variant kimi biz ölümlərin artmasından bezib bu günədək ABŞ-da müzakirələrdən kənarda qalan başqa vacib addımları ata bilərik: peyvəndlənməyə dair sübut olmadan yaşamağı və işləməyi mümkünsüz hala gətirmək; təyyarəyə və ya gəmiyə minən, konsert zalına və ya kinotetara gələn adamlardan peyvənd kartlarını göstərməyi tələb etmək; tibb bacısı, ofisiant işləyənlər və bu kimi digər peşələr üçün peyvəndlənməni məcburi etmək; sertifikatların saxta olub-olmadığını tez yoxlaya bilmək üçün mərkəzi məlumat bazasından yararlanmaq…
Bilmirəm bu üsullardan hansı reallaşa bilər. Şübhəsiz ki, onların hər biri dəhşətlidir. Bu ehtimalların ən azı birinin həyata keçirilməsi belə adama pis təsir bağışlayır.
Təəssüf ki, amerikalılar arasında bu və digər məsələlərdə çox böyük fikir ayrılıqları mövcuddur və insanlar vahid qərar verməkdə çətinlik çəkirlər.
Riskə getmək istəməyən zəngin, savadlı və ölkəni hazırda idarə edən Demokratlar Partiyasına meylli insanlar Amerikanın qalan hissəsini taleyin axarına buraxaraq özlərini peyvəndlənmiş insanlarla əhatə edə bilərlər. Hansısa xalqın yarısının peyvəndlənmiş, yarısının peyvəndlənməmiş vəziyyətdə yaşaya biləcəyinə əmin deyiləm. Ancaq əminəm ki, bu məsələni daha çox araşdırmaq istəməzdim.