22 Dekabr 2024

Qarsda Türkiyə-Azərbaycan birgə təlimləri – düşmənə son xəbərdarlıq

Ermənistan başına gələnlərdən nəticə çıxarmasa…

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021″də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə ötən həftə mərasim keçirilib. Bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsi ilə Türkiyəyə gediblər.

Azərbaycan və Türkiyə arasında hərbi təlimlər, dövlətlər arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mütəmadi olaraq keçirilir. Ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə “Qış təlimi”, “Erciyes”, “Anadolu Ulduzu”, “Anadolu Ankası”, “Kurtaran”, “Anadolu Qartalı”, “Mustafa Kemal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “Eternity”, “Turaz Qartalı” və “Qafqaz Qartalı” aid edilir.

Türkiyə Müdafiə Nazirliyinin 17 yanvarda paylaşdığı məlumatda Azərbaycan hərbi qulluqçularından ibarət heyətin qardaş ölkəyə daxil olduğu məlum oldu. Hər iki qardaş ölkənin silahlı qüvvələrinin bölmələrinin təlimləri sərt iqlimi ilə seçilən Qars şəhərində həyata keçiriləcək. Genişmiqyaslı “Qış təlimi-2021″ fevral ayının 1-dən 12-nə qədər keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrini təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil edəcək. Təlimlərdə hər iki ölkənin xüsusi təyinatlı, kəşfiyyat, tank, artilleriya, snayper bölmələri və helikopterləri iştirak edəcək. Təlimdə iştirak edəcək Azərbaycan hərbi qulluqçuları təlimlərin başlanmasına 2 həftə qalmasına baxmayaraq, artıq Türkiyədədir.

Azərbaycandan olan şəxsi heyətin vaxtından əvvəl qardaş ölkəyə səfər etməsi, təlimlərin hazırlıq mərhələsinin də birgə həyata keçirilməsi ilə əlaqədar olduğu ehtimal edilir. İndiyə qədər bütün bu təlimlər TSQ-nin 9-cu Ordu Korpusunun tabeliyində olan briqadaların bazasında və onların qar örtüyü 1.5 metrə qədər çatan təlim poliqonlarında keçirilib. Bu dəfə də təlimlərin eyni ərazidə keçiriləcəyi gözlənilir.

Təlimlərdə ənənəvi olaraq Türkiyə müdafiə sənayesinin əldə etdiyi son məhsulların sərgisi də təşkil edilir.

Hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a deyib ki, təlimin keçiriləcəyi Qars rayonunun ərazisi Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundan bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır. Bu, ilk növbədə Qarabağda iştirakını artırmağa meylli olan sülhməramlılara verilən bir ismarışdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks-hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə ”Dəmir Yumruğun” istənilən çoğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir.

Ədalət Verdiyev: Azərbaycan ərazisinə atılan hər bir daş bizim üçün real  təhdiddir - ARB24 - YouTube

Təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması, terror ocaqlarının məhv edilməsi, vacib obyektlərin (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək. Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə  verilə biləcək ən təsirli siqnal olacaq”.

Qeyd edək ki, ötən ilin yayında Azərbaycan və Türkiyə hərbi qüvvələrinin keçirdiyi  genişmiqyaslı hərbi təlimlərdən sonra Qarabağda müharibə başlandı. Azərbaycan Vətən müharibəsində qalib gəldi. Bu dəfə də eyni vəziyyət təkrarlana bilərmi? Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Turan Ordusunun yaradılması istiqamətində ciddi addım sayıla bilərmi?

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, vahid Turan Ordusunun yaradılması artıq günün tələbinə çevrilib. ABŞ NATO yaradırsa, Rusiya ona cavab olaraq öz “NATO”sunu  yaradırsa, biz nə üçün öz Ordumuzu qurmamamlıyıq. Buna tam haqqımız var: “Proseslər ona doğru gedir. Yeni müharibə olsa da, olmasa da bu ordu yaranacaq”.

A.Nağı hesab edir ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı qalır. 44 günlük müharibə də ermənilərin günahı ucbatından başladı, biz məsələnin dinc yolla nizama salınmasının tərəfdarı idik: “Ermənistan xoş niyyətimizi zəiflik kimi başa düşdü və hücuma keçməyə, yeni ərazilərimizi ələ keçirməyə cəhd etdi və cəzasını aldı. İndi də başa düşəcəksə ki, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və digər ərazilərdə təcili olaraq Azərbaycan hakimiyyəti tam bərpa olunmalıdır, o zaman müharibə olmayacaq, əgər başa düşməsə, onda müharibə qaçılmaz olacaq. Bu müharibə də Azərbaycanın tam qələbəsi ilə başa çatacaq və bu qələbə növbəti uğurlarımıza, o cümlədən Turan Ordusunun qurulmasına təkan verəcək. Türkiyə hərbçiləri ilə Azərbaycan hərbçilərinin gələn ay Qarsda birgə təlimlərinin keçirilməsi Azərbaycan Ordusunun gücünə güc qatacaq, peşəkarlığını bir az da artıracaq. Ermənistan bunu da unutmamalıdır. Ötən ilin yayında keçirdiyimiz birgə təlimlər də Ordumuzun 44 günlük müharibədə qələbəsində öz təsirini göstərmişdi. Bu dəfə də göstərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”