08 Sentyabr 2024

Qardaşlıq münasibətlərinin təcəssümü

Azərbaycan və Özbəkistan arasında münasibətlərin qədim tarixi var. Təbii ki, iki ölkə arasında münasibətlərin mövcudluğunun bir sıra səbəbləri vardır. Bu səbəblərə xalqlarımızın eyni soy-kökə, ortaq mədəniyyətə malik olmaları, həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistan rəhbərləri olmuş Şərəf Rəşidov və İslam Kərimov ilə olan dostluq münasibətləri də daxildir. Bir sözlə, bütün bunlar iki ölkə arasında münasibətlərin bugünkü inkişafının təməlini təşkil edir. Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır.

Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.

Ümumilikdə Azərbaycan və Özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Beləki bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib. Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub və Ulu Öndər Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində bu iki ölkə arasındakı münasibətlər sonrakı mərhələlərdə yüksələn xətt üzrə inkişaf etdirilmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkənin əməkdaşlığına mühüm töhfələr verdi və Azərbaycan – Özbəkistan strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirdi.

Qürurverici məqamlardan biri də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qarabağa səfəri idi. Qarabağa səfəri zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə məktəb binasının açılışında hər iki dövlət başçılarının və birinci xanımların iştirakı isə böyük simvolik əhəmiyyət kəsb edir. Bütün bu amillər iki ölkə arasında qardaşlıq və həmrəyliyin bariz nümunəsidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi