Qaradağda dəfn olunan Şəhidlərin nəşi Şəhidlər Xiyabanına köçürüldü – problem həll olundu
Qaradağda, uyğunsuz yerdə dəfn olunan Şəhidlərin mübarək nəşi Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına (İkinci Fəxri Xiyaban) köçürülüb.Media1.az bildirir ki, bu barədə Musavat.com -a rəsmi mənbələrdən məlumat daxil olub.
Bununla da haqsızlığa son qoyulub, Şəhid analarının günlərdir davam edən əzabları dindirilib.
Xatırladaq ki, günlərdir İkinci Qarabağ müharibəsində həlak olan 18 şəhidin valideynləri övladlarının Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edirdilər. Buna səbəb həmin ərazidə yerləşən məzarlığın əvvəllər bataqlıq olması və qəbirləri su basması idi.
Məmur etinasızlığı ucbatından baş verən bu məsələ az qala 44 günlük şərəfli tarixə kölgə salacaqdı.
Artıq problem həll olub və Şəhidlərimiz yeni salınmış Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanında, öz qardaşlarının yanında uyuyacaqlar.
****
Bu mövzuda APA agentliyinin yaydığı xəbərdə isə bildirilir:
Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.
Məlumata görə, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub.
Yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.
Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.
Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.