03 Noyabr 2024

Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək

İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik.

Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək. Azərbaycan öz ərazisində döyüşlər aparırdı. Bu, bizim hüququmuz idi. Bizə BMT Nizamnaməsinə uyğun olan özünümüdafiə hüququnu tanıyan məsələ idi.

Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı.

Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi.

Ermənistanın rəhbərliyi bir tərəfdən deyirdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi.

Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik. Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar.

20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır.

2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.

Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Artıq “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur.

Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi