08 Sentyabr 2024

Qarabağı alan dövlət cəbhədəki əsgərimizi unuda bilərmi – reallıqlar və…

44 günlük savaşın sonunda müzəffər Azərbaycan Ordusu Qarabağda qələbə çaldı. Cəsur döyüşçülərimiz, əsgərlərimiz qəhrəmanlıq salnaməsi yazdılar, sözün əsl mənasında.

Sosial şəbəkələrdə real döyüşlərdən videolar yayılır tez-tez: İgidlərimiz hansı qəhrəmanlıqları edirlər! Adam bu millətin övladı olması ilə fəxr edir.

Beləcə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 44 günlük savaşda ordumuz möhtəşəm qələbə çaldı, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşanı, Hadrutu, digər bir sıra əraziləri döyüşlə azad etdi və 10 noyabrda Ermənistan kapitulyasiyaya məcbur qaldı. Bəllidir ki, 10 noyabr bəyanatına uyğun olaraq da Ağdam, Kəlbəcər və Laçın da döyüşsüz Azərbaycana təhvil verildi.
Təsəvvür edin, bütün bu proseslər cəmi 2 aya həyata keçirildi. 2 ay ərzində 30 illik işğala tamamilə son qoyuldu.

Əlbəttə, müharibə asan olmadığı kimi, müharibəsonrası vəziyyəti də doğru qiymətləndirməliyik. Cəmi 1 aydır ki, Qarabağda abadlıq, quruculuq və mövqelərin möhkəmləndirilməsi işləri başlayıb. Bu qədər qısa zamanda bütün işləri dərhal qaydasına qoymaq mümkün də deyil. Hazırda və qarşıda görüləcək işlərimiz çoxdur…
Belə bir dönəmdə sözsüz ki, son günlərdə sosial şəbəkələrdə yayılan bəzi videolar da diqqəti cəlb edir. Söhbət hansısa çatışmazlıqlara dair müraciətlərdən, şikayətlərdən gedir. Əsasən bəzi əsgərlər və ya onların yaxınları şəraitdən, infrastrukturdan, təminatdan və digər çatışmazlıqlardan gileylənirlər. Bu haqda bir sıra saytlar da yazır, sosial şəbəkələrdə də paylaşımlar edilir.
Əlbəttə, həmin müraciət və şikayətləri edən şəxslərə hücum çəkmək, “ağzını yum, danışma” demək də doğru olmaz və bu, problemin həlli demək deyil.

Mən də o qənaətdəyəm ki, əsgərimizi narahat edən problemlər aradan qaldırılmalıdır və əminəm, həm də məlumatlıyam ki, dövlətimiz də bunun üçün əlindən gələni var gücü ilə edir.

Ancaq müharibənin bitməsi soyuq qış aylarına təsadüf etdiyindən, problemlər də əsasən keçilməz, mürəkkəb relyefli ərazilərdə olduğundan təəssüf ki, onları dərhal həll etmək praktik baxımdan mümkün olmur.

Çünki bu ərazilər işğaldan yenicə azad olunub. Döyüş bölgəsindən çəkilən videolardan da görünür ki, Qarabağda daş daş üstə qalmayıb, mənfur ermənilər ötən 27 il ərzində hər yanı viran qoyublar, yandırıblar, dağıdıblar. Əksər ərazilərə getmək üçün yol, daldalanmaq üçün bina yoxdur. Yağmursuz, qarsız dönəmdə gediş-gəliş çətinliklə də olsa mümkün idi. Ancaq indi, məsələn, Şuşa yaxınlığına, Laçına, Kəlbəcərə getmək bəzən iki gün çəkir. Yol yox, infrastruktur yox, ətraf ərazilər tamamilə minalanıb…

Yaramaz ermənilərin vandallığının acı nəticələri bu gün də davam edir və bu səbəbdən maddi-texniki təminatda, çatdırmalarda problemlər, yubanmalar olur. Bu, danılmazdır və əsasən təbiidir. Bunu dövlətin əsgərə münasibəti kimi təqdim etmək, qəzəbi dövlətə yönəltmək insafsızlıq olardı. Bu, işğalın, erməni vandallığının, müharibənin ağır, hələ də davam edən fəsadlarıdır.

 

 

 

 

 

 

Bəlkə hansısa bir başıpozuqluq edən, əsgərin payına göz dikə bilən tapıla da bilər. İstisna deyil. Amma onun gözünü ilk növbədə dövlət çıxaracaq və çıxarır, buna da əminəm.

Fakt bundan ibarətdir ki, hansısa lokal, səbəbi obyektiv olan bir problem çatdırılan, duyurulan kimi, dövlət ən azı vətəndaşlar qədər narahat olur və onun ən qısa zamanda həlli üçün addımlar atılır. Bəzən yuxarı komandanlığın bir kiçik bölükdə, səhra çadırında yaranan problemdən dərhal xəbər tutmaması mümkündür. Ancaq reallıq budur ki, indi dövlətin bütün diqqəti məhz orduya və Qarabağa yönəlib. Düşünməyək ki, bu problemlərə etinasız yanaşılır və hansısa işlər görülmür. Ədalət naminə, dövlətin bütün qüvvələri bu istiqamətdə səfərbər olunub. Qarabağadakı qüvvələrimizlə kommunikasiyanı təmin etmək üçün sürətlə yollar çəkilir, ərazilər minalardan təmizlənir.

Şuşada ilk istehsal müəssisəsi – çörək istehsalı sahəsi də açılıb.
20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. Müəssisə əsgər və zabitlərimizi çörəklə təmin edir.

 

 

 

 

 

Əsgərlərin maddi-məişət problemlərinin həllinə dəstək məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə iki gündür böyük kampaniya başlayıb.

 

 

 

 

 

 

Artıq bir sıra iş adamları, şirkətlər, kompaniyalar bu prosesə qoşulublar və biz bir dövlət, xalq olaraq vəhdət şəklində ordumuzun, əsgərimizin qayğılarının qarşılanması üçün birliyimizi davam etdiririk. Düşmən sevindirməyəcəyik biz bir daha və heç zaman! Problem varsa, onu yumruq kimi birləşib həll etməliyik və edəcəyik. Təbii şəkildə, müharibənin yaratdığı ağır nəticələri dövlətə qəzəblə yox, birgə mübarizə aparmaqla həll edə, aradan qaldıra biləcəyik. Məhz bu qayda tətbiqi ilə hər şey yoluna düşəcək.

Bu gün Qarabağdakı müxtəlif ərazilədəki səhra çadırları müvəqqətidir. Həmin mövqelərdə olan hərbçilərin bir qismi səfərbərliklə çağrılan, döyüşə könüllü yollanan rezerv qüvvələrdir. Onlar çox yaxın vaxtda evlərinə qayıdacaq. Müvəqqəti qurulan mövqelər, çadırlardakı qardaşlarımız geri gələcəyi üçün orada kazarma, infrastruktur qurmağa ehtiyac da duyulmur. Yalnızca onların istilik, quru, isti yataq problemlərinin həlli zərurəti varsa, bu da diqqətdən kənarda qala bilməz.

Nizami ordunun daimi yerləşəcəyi mövqelərdə isə hərbi hissələrin qurulmasına xeyli öncədən başlanılıb. Bu mövqelərdə infrastruktur qurulur. Ancaq , kazarmalar – hamısı yüksək səviyyədə olacaq. Sadəcə bir az vaxt çəkəcək və bunu hər birimiz anlamalıyıq.
Çətin günün ömrü az olar. Qarabağı azad edən dövlət hərbçisini də göz bəbəyi kimi qoruyacaq.

Tam səmimi deyim, öz kanallarımızla dəqiqləşdirmişik ki, mövcud lokal çətinliklər haqda məlumat daxil olan kimi, dövlətin müvafiq strukturları anındaca hərəkətə keçir. Müdafiə Nazirliyi son həftələrdə bütün imkanları ilə hərbçilərimizin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ciddi işlər görür. Çatışmazlıqlar maksimum səylərlə həll olunur. Bunu əks etdirən videolar, fotolar rəsmi səhifələrdə bir neçə dəfə yayılıb. Onların bəziləri yazının sonuna əlavə edilir. Gecikmələr, yubanmalar relyeflə, yolsuzluqla bağlı olur daha çox, anlayışla qarşılamaq lazımdı. Erməni şərəfsizliyinin acılarını hələ də yaşayıyıq. Bunu da geridə qoyacağıq ən qısa müddətdə.

Elşad MƏMMƏDLİ

“Yeni Müsavat”