25 Aprel 2025

Qarabağda terror: “Rusiya Azərbaycana təzyiq edir” – Politoloq

“Düşünürəm ki, dünyanın ən böyük, qüdrətli ölkələrindən birinin – Rusiyanın Qarabağda bir ovuc erməni terrorçularının əlində aciz qalması, vəziyyətə nəzarət edə bilməməsini düşünmək belə sadəlövhlükdür. Kosmosdan kəşfiyyat çəkilişi aparmaq imkanı olan ölkə üçün bu, su içimi qədər asan bir işdir”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib.Nəzakət Məmmədova Nəzakət Məmmədova

Politoloq qeyd edib ki, bu təxribatlar sadəcə, Azərbaycan prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın yanvarda nəzərdə tutulduğu deyilən görüş öncəsi vəziyyətin gərginləşməsinə şərait yaratmaq və ya göz yummaqla tərəflərə, xüsusən Azərbaycana təzyiq göstərib istədiyi sülh sazişi müddəalarını imzalatmaq istəyir: “Xüsusən Azərbaycana təzyiqi ona görə qeyd edirəm ki, qalib tərəf Azərbaycandır. Deməli, sülh şərtlərini də qaliblə razılaşdırmaq lazım gələcək. Habelə, proseslər Azərbaycanın qanuni torpaqlarında baş verir, ona görə də Rusiya üçün əsas söz sahibi olan ölkəyə təzyiq göstərmək lazımdır. Bu şərtlər ən müxtəlif ola bilər, Türkiyə müşahidəçilərindən tutmuş sülhməramlıların sayının artmasına qədər.

Bizim üçün ən qorxulu gedişatlardan biri gələcəkdə Rusiyanın hərbi baza yaratması, Qarabağ əhalisinə aralıq statusu məsələsinin gündəmə çıxarılması, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün müzakirə olunması ola bilər”.

Qeyd edək ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Ramid İbrahimov