18 Aprel 2024

Qarabağda “ağıllı kənd” konsepsiyası

İşğaldan azad edilmiş ərazilərdə smart tipli şəhər və kəndlər qurmaq mümkün olacaqmı?

Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışıb. Dövlət başçısı həmin ərazilərin “smart city” və “smart village” konsepsiyası əsasında bərpa edilməli olduğunu deyib və bununla bağlı yeni nazir Rəşad Nəbiyevə xüsusi tapşırıqlar verib: “Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq”.

Bəs, “smart city” və “smart village” nə deməkdir?  Bu tip yaşayış məntəqələrini adi şəhər və kəndlərdən fərqləndirən nədir? Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu cür şəhər və kəndlərin qurulması nə dərəcədə realdır?

Bəri başdan deyək ki, “ağıllı şəhər” konsepsiyası prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb. Bu tip şəhər və kəndlərin sosial infrastrukturunun yaradılması və idarəçiliyi smart cihazlar vasitəsilə əldə edilən məlumatlar üzərində qurulur. Bu, xüsusilə nəqliyyat infrastrukturunun əlçatanlığını təmin etmək, sosial xidmətləri yaxşılaşdırmaq baxımından daha üstündür.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mövzunu “Press Klub”a şərh edərkən bildirdi ki, “ağıllı şəhər” və “ağıllı kənd” tipli yaşayış məntəqələri, adından da göründüyü kimi, daha rahat idarə olunan, mərkəzləşdirilmiş kommunikasiya ilə təchiz edilmiş, vətəndaşların sosal xidmətlərə əlçatanlığına şərait yaradan müasir şəhərsalma üsuludur.

Onun sözlərinə görə, son illər bu tip layihələr sürətlə inkişaf etməyə başlayıb:

“Çünki bu tip yaşayış məntəqələri operativliyi təmin edən mərkəzləşdirilmiş kommunikasiyalara malik olur, sosial xidmətlərə əlçatanlığı rahatdır. Belə şəhər və kəndlər daha rahat idarə olunan sistemə malikdir. Bu sisteminin özəlliyi ondan ibarətdir ki, hər hansı ərazidə komminkasiya ilə bağlı yaranan xırda bir problem idarəedici təşkilatlar və icmalar tərəfindən rahatlıqla izlənilə bilir”.

Bakının pis təcrübəsi

Ekspert qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə bu cür layihələrin tətbiqinin nə dərəcədə səmərəli ola biləcəyini əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bunun üçün isə

ilk növbədə dəqiq və hərtərəfli qiymətləndirmə aparılmalıdır. R. Osmanlının fikrincə, işğaldan azad edilmiş ərazilərdə belə layihələr tətbiq etmək mümkündür:

“Amma bir məsələ var ki, biz “ağıllı şəhər” layihəsinin bir modelini Azərbaycanda tətbiq etmişik – Bakı şəhərində “Nəqliyyatın intellektual idarə olunması” layihəsi. Təəssüf ki, biz bu layihədən gözlənilən effekti ala bilmədik, bunun da müxtəlif subyektiv səbəbləri var. Ona görə də işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və ağıllı kənd” tipli yaşayış mənqələri Bakıda qurulan “Nəqliyyatın intellektual idarə olunması” layihəsi kimi olmamalıdır. Əgər bu layihələri tətbiq etmək istəyiriksə, səmərəlilik və şəffaflıq məsələlərinə son dərəcə ciddi yanaşılmalıdır. Bu layihələri icra edən qurumlar burada subyektiv tərəflərə qaçmamalı, daha çox ölkənin inkişafı, tapşırıqların daha səmərəli icrasının təmin olunmasına çalışmalıdır”.

Sərt iqlim şəraitinə malik bölgələrdə isə (məsələn, Kəlbəcər və Laçın rayonlarında) “ağıllı şəhər” və “ağıllı kənd” tipli yaşayış məntəqələrinin tətbiqi əlverişli hesab olunmur. R. Osmanlı həmin ərazilərdə bu tip yaşayış məntəqələrinin qurulmasının çətin olacağını düşünür. Ancaq hərtərəfli qiymətləndirmələr aparılarsa, səmərəlilik və şəffalıq gözlənilərsə, bu lahihələri istənilən ərazilərdə reallaşdırmaq mümkündür:

“Hindistanın ucqar əyalətlərində bir neçə yaşayış məntəqəsi bu layihələr əsasında qurulub və kifayət qədər səmərə verib. Hər şey planlaşdırmadan, bütün reallıqları nəzərə almaqdan asılıdır. Bu mənada hesab edirəm ki, ucqarlıq, kəndin və ya şəhərin yerləşdiyi ərazinin relyefi, çoğrafi zona müəyyən problemlər yarada, xərclərin artmasına gətirib çıxara bilər. Amma bu cür yaşayış məntəqələri dəqiq qiymətləndirmələr əsasında qurularsa, gələcəkdə infrastrukturlara nəzarət və onun icrası ilə bağlı hər hansı problem görmürəm”.

Əhalinin məşğulluğu daha vacibdir

Ramil Osmanlı hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə bu tip şəhər və kəndlər salınarsa, Bakıda və digər iri şəhərlərdə məskunlaşaraq yerli mühitə uyğunlaşmış məcburi köçkünlərin yenidən öz yurduna qayıdışını təmin etmək üçün bəzi məsələlərə daha çox diqqət yetirilməlidir. Onun fikrincə, məcburi köçkünlərin qayıdışını təmin etmək üçün ilk növbədə normal infrastruktur təminatı vacibdir. Eyni zamanda, məcburi köçkünlərin ötən müddət ərzində məhrum olduqları bir sıra islahatların, o cümlədən torpaq islahatlarının aparılmasına ehtiyac var:

“Respublikanın müxtəlif ərazilərində məskunlaşmış məcburi köçkünlər əsasən əkin-biçin və kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğuldurlar və kifayət qədər də bu işin öhdəsindən gələ bilirlər. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq məcburi köçkünlərə bu şərait yaradılmalıdır. Düşünmürəm ki, bütün yaş qruplarına aid olan məcburi köçkünlərin sürətli şəkildə geri qayıtmasını təmin etmək üçün stimullaşdırıcı addımlar atmaq mümkün olacaq. Amma heç olmasa, orta yaş təbəqəsi və yaşlı əhalinin işğaldan azad olunmuş ərazilərə qayıtmasını, orada onların rahat yaşayını, yeni mühitə daha tez adaptasiyasını təmin etmək üçün bu məsələlər mütləq şəkildə həll olunmalıdır. Qısa müddət ərzində torpaq islahatı həyata keçirilməli, onların kənd təsərrüfatı və digər sahələrdə fəaliyyəti, məsələn, ictimai iaşə, hətta istehsal baxımından öz bizneslərini qurmasına şərait yaradılmalıdır. Həmin bölgələrdə azad bazar mövcud olmalıdır. Azad bazarın mövcudluğu həm də insanların geriyə qayıtmağa marağını artıracaq”.

Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev də azad edilmiş ərazilərdə həyatın əvvəlki axarına düşməsinin orada yaşayacaq əhalinin məşğulluğundan çox asılı olacağını düşünür. Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə yaşayacaq əhalinin məşğulluğu ön plana çəkilməlidir. Xüsusilə kənd yerlərində evlərin bərpası əhalinin özünə həvalə edilməlidir:

“Bunun üçün dövlət hər bir evin bərpasına görə vəsait ayırmalı, həmin vəsait hesabına hər kəs öz mülkünü bərpa etməlidir. Bu, oraya köçürüləcək əhalinin məşğulluğu baxımından vacibdir”.

Kəndlər istinad planı əsasında bərpa olunmalıdır

“Smart city”, “smart village” tipli yaşayış məntəqələrinin qurulmasına gəlincə, Cahangir Qocayev deyir ki, işğal dövründə dağıdılmış kəndlərin bərpası üçün müfəssəl plana ehtiyac yoxdur. Onun fikrincə, xüsusilə kəndlərin bərpası istinad planı əsasında həyata keçirilməlidir:

“İstinad planı olmalıdır, sadəcə yaşayış mənqtəqəsinin mövcud vəziyyətdə olan şəklini çəkib, bunun əsasında baş plan hazırlanmalıdır. Yəni, əhali ora köçürülərkən hər kəs öz evinin yerində məskunlaşmalıdır, heç kəs başqasının evinin yerində ev tikə bilməz. Kəndlərin istinad planını hazırlamaq üçün hər bir yaşayış zonasının mövcud plana uyğun layihələndirməsi olmalıdır. Baş plan isə istinad planı əsasında hazırlanmalıdır”.

Şəhərsalma üzrə ekspert azad olunmuş ərazilərdə Çocuq Mərcanlı kəndinin bərpası kimi layihələndirmənin əleyhinədir. Onun fikrincə, ərazilərin bərpası zamanı hər bir kəndin təbiiliyi saxlanılmalı, ətraf mühit, yerli şəraitə və coğrafi relyefə uyğun məskunlaşma nəzərə alınmalıdır:

“Rayon mərkəzlərinə yaxın ərazilərdə, yaxud düzənlik zonalarda Çocuq Mərcanlı tipli kəndlər salmaq olar. Ancaq bu tipli layihələndirmə dağlıq ərazilərdə yerləşən kənd yerləri üçün uyğun deyil. Bu səbəbdən də kəndlərin bərpası istinad planları əsasında aparılmalıdır. Evlərin quruluşu isə vahid plana uyğun şəkildə inşa oluna bilər”.

Qocayev bildirir ki, əhali sayının artımı nəzərə alınmaqla kəndlərin ərazisində perspektiv inkişaf planına uyğun olaraq yeni məhəllələr salınmalıdır. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə torpaq islahatı həyata keçirilməli, torpaq payları hesabına səhmdar cəmiyyətlər yaradılmalıdır:

“Keçmiş kolxozların balansında olan pay torpaqları hesabına səhmdar cəmiyyətlərin və ya kooperativ tipli müəssislərin yaradılması ilə orada yaşayacaq əhalinin məşğulluğunu təmin etmək olar”.

Elxan Salahov