21 Noyabr 2024

“Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” adlı şeir müsabiqəsi keçiriləcək

Müsabiqə Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə gerçəkləşəcək

Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə “Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” adlı şeir müsabiqəsi keçiriləcək. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunacaq müsabiqədə Azərbaycandakı bütün məktəblərin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirak edəcəyi gözlənilir.

AYNA xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş müsabiqənin təşkil edilməsi ilə bağlı təəssüratlarını paylaşıb.

Şeirin tarix boyu türk toplumlarının məramını ifadə edən bir vasitə olduğunu qeyd edən Büyükbaş bunları deyib: “Şeir-dastan ənənəsi qəhrəmanlıq, tarixi hadisələri, adət-ənənələrimizi və dövrün həyat tərzini gələcəyə daşıdığı üçün türk tarixinin işıqlandırmasında sənəd xarakteri daşıyır. Pandemiya dövründə Azərbaycan ordusunun Qarabağ qələbəsinə şahid olan övladlarımızın bu şərəfli dastanı şeir dili ilə gələcəyə daşımalarını istədik. Çünki şeirlər çap edilərək kitab halına gətiriləcək və şahid olduqları bu qələbə uşaqların gözləri ilə tarixi bir sənəd olacaq. Bu işin əsas məqsədi bir tərəfdən uşaqlarımıza və gənclərimizə milli şüur qazandıraraq yaşadıqları coğrafiyada vətən sevgisini gücləndirmək, digər tərəfdən isə yaşadıqlarını yazaraq şeir ifadə qabiliyyətlərini inkişaf etdirməkdir”.