06 Fevral 2025

“Qarabağ müharibəsini öyrənmişik, biz də dayanmayacağıq” – separatçı lider

Ukrayna prezidenti  Zelenskinin Putinlə görüşəcəyi haqda danışmağa başlayıblar: “Söhbət ölüm-qalım məsələsidir…”

Qondarma “Donetsk Xalq Respublikası”nın lideri Denis Puşilin kp.ru-ya gözlənilən müharibə ilə bağlı danışıb. 

Separatçı lider son günlər gərginliyin daha da artdığını və böyük ehtimalla, Ukraynanın genişmiqyaslı müharibəyə başlayacağını deyib. O deyib ki, müharibənin başlayacağını göstərən bir neçə faktorlar var.  “ABŞ prezidenti Baydenin bəyanatlarına, təcavüzkar siyasətinə-Suriyaya son hava zərbələrini yada salın- diqqət edin. Niyə Ukraynada da münaqişə böyüməsin? “Maydan” hərəkatı, Ukraynadakı 2014-cü il dövlət çevrilişi  Baydenin əməlidir. Bir başqa məqam da budur ki, hazırkı Amerika hakimiyyəti Zelenskini özlərinin adamı kimi görmür. İndiyə qədər onunla nə bir telefon danışığı var, nə də hansısa görüş haqda işarə”. Puşilinə görə, ABŞ Zelenskydən istifadə edir: “Zelenski Poroşenkodan daha çox anti-Rusiya kursuna sadiq olduğuna and içməyə hazırdır. ABŞ onu siyasətə gətirən oliqarx İqor Kolomoyskiyə qarşı sanksiyalar tətbiq etdi. İndi Zelenski Kolomoyskiyə qarşı cinayət işi açmalı olacaq. Zelenskidən istifadə olunur. Bəs nə qədər irəli gedəcəklər? Onu hərbi cinayətkar elan edə və hər şeyi onun üzərinə ata bilərlər. İndi Ukraynanın hansı suverenliyi haqqında danışa bilərik? Ukrayna iqtisadiyyatının çökməməsi üçün Beynəlxalq Valyuta Fondunun kreditləri ilə yaşayır. İndi Ukrayna o qədər asılıdır ki, əmr olunduğu hər şeyi edəcək”.

Separatçı lider uzun illər Minsk sənədi üzrə danışıqlarda “DXR”in daimi səlahiyyətli nümayəndəsi olduğunu yada salaraq, heç bir razılaşmanın əldə olunmamasına baxmayaraq, bu formatda qalmağın vacib olduğunu deyib.“Minsk qrupu bizim, DXR-in təmsil olunduğu yeganə beynəlxalq platformadır. Bunun xaricində heç bir əlaqəmiz yoxdur. İndi Ukraynaya baxın. Bu razılaşmaları ölü deyirlər, amma onları tərk etmirlər. Çünki bu, Rusiyaya qarşı siyasi təzyiq və sanksiyaların bir elementidir. Formatı dəyişdirmək cəhdlərini görürük. Normandiya formatına ABŞ-ı, Polşanı və İngiltərəni cəlb etmək istəyirlər. Ancaq bu, yalnız mövcud iştirakçıların razılığı ilə mümkündür”.

Maraqlıdır ki, separatçı bölgənin lideri də “Qarabağ müharibəsi təcrübəsini diqqətlə araşdırdıq” deyib:  “Qarabağ müharibəsi təcrübəsinin diqqətlə öyrəndik. Biz də ərazilərimizi qaytarmaq istəyirik. Donetsk Respublikasının sərhədləri Donetsk bölgəsinin sərhədləri ilə məhdudlaşmır. Məqsədimiz Donbas sakinlərini birləşdirməkdir. Ukrayna sərhədi keçib müharibəyə başlayarsa, biz də dayanmayacağıq”.

Ukrayna mediasının gündəmində isə hazırda iki mühüm danışıqlar gözləntisi var. Zelenskinin “Norman dördlyü” iştirakçısı olan dövlət başçısları ilə ayrı-ayrılıqda görüşməyə hazır olduğunu dedikdən sonra onun Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyi ciddi müzakirə mövzusuna çevrilib. Minsk formatındakı danışıqlarda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kravçuk bu baradə açıqlama verib. O deyib ki, görüşün formatı və mövzusu razılaşdırıldığı təqdirdə Rusiya Putinlə görüş ola bilər.

Kravçuk bunları deyib: “Bu barədə fərqli düşüncələr var, bəzilər deyirlər, Rusiya ilə danışacaq bir şey yoxdur. Amma söhbət  ölüm ya qalım kimi məsələlərdən, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyindən gedirsə, mütləq görüşüb danışmaq lazımdır. Ən azından görüşdüyünüz insanın mövqeyi aydın olacaq”. Bu arada ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti ilə telefon danışığına hazırlıq aparıldığı barədə də xəbər yayılıb.  

Orxan ƏLİYEV, 
Musavat.com