Qarabağ klanının siyasi “meyitlər”i – Kreml “muncuq” siyasətinə qayıdır?
Ermənistanda hakimiyyət davası yeni mərhələdə; əhalini isə nə müxalifət maraqlandırır, nə də iqtidar; yerli media: “Cəmiyyətin nifrətini qazanan Sərkisyan və Köçəryanın hakimiyyətə leqal qayıtmaq şansı yoxdur…”
Ötən həftə Ermənistanın ikinci prezidenti Robert Köçəryan siyasi mübarizəyə başlayacağı və erkən seçkilərə qatılacağının anonsunu verdi. Eyni zamanda, qələbəsinə qəti əmin olduğunu bildirdi. Bundan bir qədər sonra o və Qarabağ klanının digər odioz siması – 2018-ci ilin mayında inqilab yolu ilə hakimiyyətdən devrilmiş Serj Sərkisyan müxalifət qüvvələrinin liderləri ilə görüşlərə başladılar ki, bu da təkcə ölkə daxilində yox, xaricdə də siyasi təhlilçilərin diqqətini cəlb elədi. Çünki hazırda Ermənistan kapitulyasiya sonrası olduqca mürəkkəb bir dönəmdən keçir.
Maraqlıdır ki, həmin görüşlər fonunda ölkənin üçüncü prezidenti Serj Sərkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. Məlumata görə, görüş məhz Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və onlar Dağlıq Qarabağdakı müharibənin nəticələrini geniş müzakirə ediblər. Kopırkin müzakirə olunan mövzular çərçivəsində Rusiyanın mövqeyi barədə fikirlərini bölüşüb. Bunu da qeyd edək ki, hazırda R.Köçəryan Moskvada bir neçə günlüyə səfərdədir. İstintaq altında olan eks-prezidentə az öncə İrəvan məhkəməsi 5 günlüyə ölkəni tərk eləmək icazəsi vermişdi.
Şəksiz ki, Köçəryan Moskvaya gəzməyə getməyib. Odur ki, məntiqli sual yaranır: Qarabağ klanının siyasi “meyitləri” sayılan, Xocalı hərbi caniləri Köçəryan-Sərksiyan cütlüyünün həşiri nə ilə bağlıdır, birdən-birə onların fəallaşmasının və rəsmi Moskva ilə zondaja başlamasının arxasında hansı hədəf dayana bilər? Yoxsa Kreml təzədən “hərəyə bir muncuq” siyasətinə qayıdır?
Hər necə olmasa, indilikdə Nikol Paşinyanın hakimiyyətdə qalması Rusiyaya əl verir. İkinci yandan, Qarabağ klanının reytinqinin Ermənistanda aşağı olmasının da Moskva fərqində olmamış deyil. Bəs nə baş verir? Kreml Paşinyanı gərginlikdə saxlamaq məramımı güdür?
*****
“Burada hər şey aydındır. Qarabağ klanı hakimiyyətə qayıtmaq niyyətindədir və hazırda o, öz qüvvələrini səfərbər eləməyə başlayıb. Lakin fikrimcə, Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsi və Paşinyanın güc yolu ilə devrilməsi qeyri-mümkündür. Qarabağ klanı buna gedərsə, uğursuzluqla üzləşəcək”.
İqor Korotçenko
Musavat.com xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko Axar.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Qarabağ klanı daha legitim üsullar haqda düşünməlidir. “Onlardan biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Amma erməni müxalifət qüvvələri buna da getməyə cəsarət etməyəcək və anlayacaqlar ki, şansları olmayacaq. Hazırda erməni müxalifətinin hakimiyyətə necə gələ biləcəyi ilə bağlı müzakirələr gedir. Bundan başqa, Köçəryan Rusiyaya səfər etmək niyyətindədir (Hazırda Moskvadadır – red). Belə çıxır ki, o, Moskvada dəstək axtaracaq”.
Tevos Arşakyan
Erməni siyasi yazar Tevos Arşakyanın bu xüsusda şərhi də diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, onun Armenianreport.com-dakı redaksiya məqaləsində deyilir: “Bir sıra erməni KİV-i tərəfindən olduqca qəribə bir məlumat yayılıb. Məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin ölkəmizdəki səfiri Sergey Kopırkinlə eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə tərəflər Ermənistandakı daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə də bölgədəki yeni geosiyasi reallıqları müzakirə etdilər. Həqiqətən qəribə bir məlumatdır, deyilmi, əziz oxucular?”, – deyə o sual edir.
Arşakyan ardınca daha ironik suallara keçir: “Görəsən bu gün Serj Sərkisyan kimdir ki, Ermənistandakı daxili siyasi vəziyyət onunla müzakirə edilir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət elədiyi bir siyasi meyitdir. Onun baş nazir və ya prezident vəzifəsini tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün heç bir leqal şansı yoxdur. Bununla belə, Kremlin istəyi ilə Rusiya səfiri məhz onunla görüşüb. Nə üçün?”
Ardınca müəllif özü öz suallarına cavab verməyə çalışıb. “Üstəgəl, indi cəmiyyətimiz tərəfindən eyni dərəcədə nifrət edilən başqa bir keçmiş prezident – Robert Köçəryan Moskvadadır. Ehtimal ki, Rusiyanın siyasi rəhbərliyi ilə o, gizli görüşlər keçirir. Görünür Kreml strateqlərinin Sərkisyan və Köçəryan vasitəsilə hazırkı Ermənistan hökumətinin ən ağrılı nöqtəsini tapıb, ona yoxlayıcı zərbə endirmək istəyir. Görünən həm də budur ki, bizim XİN Rusiya səfirini xalça üzərinə çağırmalı və heç olmasa, ona hələ ki, suverenliyini saxlayan Ermənistanın daxili işlərinə qarışmağın yolverilməzliyi barədə xəbərdarlıq etməlidir”.
*****
Ancaq vassal ölkənin XİN rəhbərliyində çətin ki, belə bir cəsarət tapılsın. Özü də Ermənistanın bunca Moskvadan güclü asılılıqda olduğu indiki zamanda. Erməni xalqını isə bu dəqiqə nə müxalifət və iqtidar, nə da onların amansız hakimiyyət davası maraqlandırır. Onu yalnız çörək, normal iş yeri və soyuq qışdan necə çıxmaq düşündürür.
Qarabağ klanı da daxil, hakimiyyət üçün əldən gedən müxalifət isə hər şeydən, o cümlədən Azərbaycana qarşı revanşizmdən dəm vurur, lakin sadə ermənini təqib edən ağır sosial-iqtisadi problemlərin həllindən heç nə demir, konkret “yol xəritəsi” təklif eləmir. Çünki belə bir “xəritəyə”, sadəcə, malik deyillər.
Yenə onlarla müqayisədə Paşinyan hökuməti nəsə edir, hətta ara-sıra onun özü və təmsilçiləri qonşu Türkiyə və Azərbaycanla əlaqələrin bərpası vacibliyindən söz açırlar. Ona görə yox ki, daha Türkə nifrət eləmirlər, o səbəbə ki, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən sonra Ermənistan üçün başqa alternativ xilas yolu qalmayıb…
Siyasət şöbəsi,
“Yeni Müsavat”