08 Sentyabr 2024

Qanacaqsız keşişin qudurğanlığı

Günün bir az məzəli, bir az kuryoz, bir az da qüssəli hadisəsi qonşu Ermənistanın dumanlı-sisli Sisian rayonunda baş verib. (Əslində oralar da bizimdir, amma ta keçib, ərazi iddiası ilə çıxış etmək yeri deyil).

Hadisə belə olub: Ermənistanın baş naziri Nikol Paşinyan Sisian kilsəsini ziyarət edərkən, bir suyu bizim tösmərək axundlara oxşayan keşiş, sağ əlini ona uzadan baş nazirin əlini sıxmaqdan imtina edib. Hadisə yerindən çəkilən videodan görünür ki, keşiş bununla kifayətlənmir, üzünü çöndərib getməkdə olan baş nazirin dalınca “vızılda əə, burdan” mənası verən bir jest də edir.

Yekəbaş keşişin adı da məlumdur: Ter Parqev Zeynalyan.

Sözün düzü, uzanan əli sıxmaq məsələsinə şəxsi münasibətim bir çoxlarına çox mübahisəli görünə bilər. Mənə görə, bu, tərbiyə, qanacaq məsələsidir. Dünyanın ən pis adamının əli belə havada qalmamalıdır. Əgər o adam neçə illərdən bəri öldürmək üçün hərlədiyin qan düşmənindirsə belə, sənə əl uzadıbsa, yenə əli havada qalmamalıdır, onu tutmalısan, iki saniyə sonra sambo fəndiylə qanırıb qırmalısan, adamı təpiyinin altına salmalısan, amma əlini havada buraxmamalısan. Bu qədər birmənalı mövqe.

Əli sıxılmadığı və kilsədən qovulduğu üçün rəzil durumda qalmış Paşinyandan isə, düzünə qalsa, belə mədəni hərəkət gözləmirdim. Adam başını aşağı salıb, pərt-pərt, dinməz-söyləməz şəkildə kilsədən çıxdı.

Ya onun yerində biz olsaydıq, nə edərdik. Heç böyük vəzifə (prezident, baş nazir, nazir) yiyəsi deyilik, tutaq ki, İH başçısısıyıq və rayon məscidinin axundu nəyə görəsə əlimizi sıxmaqdan imtina edir, bizə “Allahın evini tərk et” göstərişi verir. Nə edərik?

Məni bilmirəm, amma siz adamın qulağının dibinə dərhal, əldən birini tutuzdurar, ardınca bağırarsınız ki, qurumsaq, bura sənin dədənin evidirmi?

İş bununla bitməz, əli sıxılmamış vəzifəli adam yanındakı müşayiətçilərə işarə versə də, verməsə də, qulbeçələr tökülüşər, onun dualı ağzının üstünə şapalaq çəkər, ardınca onu “Fiat Dobla” markalı maşına basıb içəri aparar, orada dövlətçiliyə qarşı çıxmağın nə demək olduğunu ona necə lazımdır, başa salarlar.

Hələ bu da son deyil. Adamın ruhani rütbəsini əlindən alar, işdən çıxararlar, gedər ucqar kəndlərdə özünümaliyyələşdirmə yoluyla ölü götürməklə məşğul olar və ömür boyu şükür edər ki, nə yaxşı onu dolaşdırıb barəsində cinayət işi açmadılar.
Hərçənd o da ola bilər. Araşdırma nəticəsində ortaya çıxsa ki, cənab axund vəzifəli şəxsin əlini sıxmamaqla dövlətçiliyiə qarşı çıxmaq tapşırığını xarici dairələrdən alıb, o, hələm-hələm canını qurtara bilməz. Maddəsi var, əfvi yoxdur.

İndi görürsünüzmü, erməni keşiş nə qədər qudurğan və məsuliyyətsiz biridir. Onun qarnının ağrısı nədir? Nə var, nə var, Paşinyan bütün dünya ermənilərinin qarışdığı və hamılıqca uduzduqları müharibədə Azərbaycana məxsus olan əmanəti daha artıq itkiyə məruz qalmadan geri verməyə məcbur olub.

Bəs nə edəydi, ay həpənd? Azərbaycan əsgəri həmin əmanəti onsuz da sökə-sökə, Aşotun mamasını rəqsə dəvət edə-edə geri alırdı, asanlıqla verməyəcəkdiniz, döyə-döyə alacaqdı. Buna Paşinyan nə etsin, Tonoyan nə etsin? Onlar əllərindən gələni etdilər, mümkün olmadı.

İndi ortada pis-yaxşı bir atəşkəs razılaşması var, günə 150 erməni əsgər ölmür, din xadiminin də borcudur ki, oturub-durub Astvasına şükür etsin, öz xalqını da, başqalarını da sülhə, barışığa çağırsın.

Amma Zeynalyan nə edir? Zeynalyan özünü mühasirəyə düşmüş, kömək gəlmədiyi üçün bölüyünü qırğına verib öz canını birtəhər qurtarmış komandir kimi aparır, gəlib batalyon komandirinin əlini sıxmır ki, sizin üzünüzdən əsgərlərim qırıldı.

Əgər yaxın günlərdə Ter Parqev Zeynalyanı gecəylə kilsədən götürüb, aparıb, başını qırxıb, qoduqluğa salmasalar, demək, ya Paşinyan əfəlin biridir və devriləcək, ya da o ölkənin keşişləri çox arxalı, güclü adamlardır.

Xoşbəxtlikdən, bizim mollalar dinc, sülhpərvər və böyük-kiçik yeri bilən adamlardır, heç vaxt vəzifəli şəxslərə qarşı nalayiq hərəkətə yol vermirlər.

P.S. Vaxt olsaydı, 18-20 il öncə Qərb rayonlarının birində İH başçısının hər gecə saat 11-də, 12-də içkili halda gəlib rayon məscidinin axundunu zorla minbərə dırmaşdırıb azan verdirməsi əhvalatını da danışardım.