Qafqazda sülh üçün vaxt yetişib
Azərbaycan dünyaya düşünülmüş və gələcəyə hesablanmış siyasətini özündə ehtiva edən təkmil inkişaf modelini təqdim edir. Bu isə ölkəmizin iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşması, yeni çağırışlara cavabların tapılması məhz ölkəmizdə müzakirə edilir. Azərbaycan müxtəlif xalqların tolerant yaşadığı azsaylı ölkələrdəndir. Tarixdə ilk dəfəidi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirilməsində rolumuz da danılmazdır: Əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəl sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın malik olduğu imkanların, hadisələrə real yanaşmalarının təqdimatıdır.
Prezident İlham Əliyev Forumdakı çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və dayanıqlı sülhün təmin edilməsi ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Bildirildi ki, münaqişələrin həlli dinc və qeyri-dinc yolla olur. Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb.
Ermənistan münaqişəni dinc yolla həll etmək üçün erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Görünən o idi ki, onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özü icra etdi. ATƏT kimi beynəlxalq təşkilatların danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq, ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.
Tağı imamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi