Qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir

Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində, övladlarımızın layiqli vətəndaş, vətənpərvər şəxsiyyət kimi yetişməsində qadınların rolu böyükdür. Azərbaycan qadınlarının milli ruhda tərbiyəsinin nəticəsidir ki, onların yetişdirdiyi igidlər Vətən sevgisini canlarından üstün tutaraq 44 günlük müharibədə qəhrəmanlıq göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər, ölkəmizin hərbi qüdrətini dünyaya bir daha nümayiş etdirdilər.
Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edərək layiqli töhfələr verirlər.
Nəsimi Hacıyev
YAP Ağstafa rayon təşkilatı “RİH Aparatı” Ərazi Partiya Təşkilatının sədr müavini