Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir
Bu gün əksər ölkələrdə qadınlar cəmiyyət həyatında mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişlənib. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırıb. Sosial həyatda qadınlara yaradılan geniş imkanlar isə öz nəticəsini bir çox sahələrdə göstərir. Qadınların kişilərlə bərabər təhsil imkanlarına sahib olması cəmiyyətin inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Təhsil hüquqlarından istifadə edən qadın sosial həyatın elm, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrinin də inkişafına fayda verə bilir. Digər tərəfdən, yüksək intellektual, mədəni keyfiyyətlərə sahib olan qadınlar toplumun gələcəyi olan sağlam düşüncəli, yüksək dəyərlərin daşıyıcısı olan, savadlı yeni nəsil yetişdirirlər.
Tarixən də Azərbaycan qadını özünün cəsarəti, mərdliyi ilə seçilib. Qədim dastanlarımızdakı qadın obrazları da Azərbaycan qadınının nüfuzundan, siyasi-ictimai məsələlərdəki mühüm rolundan xəbər verir.
Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikasında həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Ümumiyyətlə, müstəqil Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda qadın hərəkatı yeni vüsət almış, Azərbaycan qadınları dünyada qadın hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində getmişlər.
Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapıb. Eyni zamanda, gender siyasətinin daha da inkişaf etdirilməsi üçün ölkəmiz gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub.
Müstəqilliyimizin ilk illərində həmçinin böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Beləliklə, 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalandı ki, bu sənədlər də qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Ölkəmizdə qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti böyükdür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu. Komitə bu sahədə Dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar qaçqın və məcburi köçkün ailələrindən olan yüzlərlə yeniyetmə xarici dil, kompüter və peşə kurslarında təlim keçib.
Bu məqamda xüsusi olaraq qeyd etmək yerinə düşər ki, özünün çoxşaxəli fəaliyyəti, liderlik keyfiyyətləri ilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan qadınını böyük uğurla təmsil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri ilə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yönündə tədbirlər həyata keçirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri