22 Dekabr 2024

Putinli Xəzər Sammiti – Rusiya lideri özünü necə apardı, hansı mesajları ilə yadda qaldı?

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzər Sammiti bir çox özəlliklərə malik olub.

Bu, həm Rusiya prezidenti Vladimir Putinin Ukraynada işğalçı müharibənin başlanmasından sonra ilk xarici səfəri, həm də Türkmənistanın yeni prezidenti Sərdar Berdımuammedovun ilk beynəlxalq tədbiri olub.

Qeyd edək ki, Rusiya, İran, Türkmənistan, Azərbaycan və Qazaxıstanı birləşdirən “Xəzər beşliyi” tez-tez toplanması ilə yadda qalmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, son 20 ildə bu onların yalnız altıncı görüşüdür. Ekspertlərin fikrincə, hər yeni zirvə toplantısı regional əməkdaşlığın yeni mərhələsinə start verib.

Qazaxıstanın Aktau şəhərində keçirilən sonuncu sammit “Xəzər dənizinin hüquqi statusu” haqqında Konvensiyanın qəbulu ilə başa çatmışdısa, indiki görüşün təməl daşı regionda təhlükəsizlik məsələlərinin müzakirəsi olub.

Toplantının sonunda qəbul edilən Yekun kommünikedə təsbit olunmuş təhlükəsizlik sahəsində əməkdaşlıq prinsipləri Xəzər dənizindən dinc istifadə statusuna malik olduğunu göstərib.

Sənədlə Xəzəryanı dövlətlərin başçıları, ölkələrinin ərazisindən “beşlik”in heç bir üzvünə qarşı hərbi əməliyyatlar aparmaq üçün üçüncü dövlətlərə icazə verilməyəcəyini, Xəzər dənizində sahilyanı olmayan hər hansı dövlətin silahlı qüvvələrinin mövcudluğuna qadağa qoyulacağını bəyan ediblər.

Sənədə həmçinin, “ağlabatan kifayətlik çərçivəsində hərbi quruculuq” haqqında anlaşma əldə olunub. Bu o deməkdir ki, beşliyə daxil olan istənilən dövlətin hərbi fəaliyyəti qonşularının maraqlarını nəzərə almalı və onların milli təhlükəsizliyini təhdid etməməlidir.

Sammitdə Rusiya lideri Vladimir Putinin bir sıra ifadələri diqqəti cəlb edib. Vladimir Putin burada əsasən təhlükəsizlik və iqtisadi əməkdaşlıq haqqında danışıb.

Vladimir Putin Xəzəryanı ölkələrin regionun nəqliyyat arxitekturasının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. “İlk növbədə, söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qurulmasından gedir”, – deyə V.Putin bildirib. O, Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər gedən, uzunluğu 7 min kilometrdən çox olan nəqliyyat arteriyasının miqyasına və əhəmiyyətinə diqqət çəkib.

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığın qurulması üçün də böyük imkanları olduğunu qeyd edən Rusiya rəhbəri, Xəzər dənizində yerləşən neft və qaz yataqlarının birgə istismarına dair sazişlərin artıq həyata keçirildiyinə diqqət çəkib. “Bu, tərəflərin maraqlarını əsaslı və səmərəli şəkildə müşahidə etməyə, Xəzər dənizinin təbii ehtiyatlarından həm ənənəvi, həm də innovativ alternativ enerji sektorlarında istifadə etməyə imkan verir”, – deyə o söyləyib.


Kremlin sahibi, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyada təsbit olunmuş prinsiplərə ciddi əməl olunmasının Xəzər regionunun inkişafının təminatı olacağını söyləyib.

Rusiya rəhbərinin çıxışında Xəzərdə mədəni tədbirlərin keçirilməsinin vacibliyi, “Xəzər kinoforumu”nun keçirilməsi kimi ideyalar da səslənib.

Vladimir Putin burada həmçinin Xəzərdə turizm sektorunun inkişafından, Həştərxanda ilk səyahət laynerinin hazırlanmasından, ekoloji problemlərin həlli ilə bağlı 2003-cü ildə qəbul olunmuş “Xəzər dənizinin mühitinin mühafizəsi” haqqında çərçivə konvensiyasına əməl olunmasının vacibliyindən danışıb.

Lakin Xəzər dənizində təhlükəsizlik problemi, onun dinc statusu haqqında bəhs edən Vladimir Putin Rusiyanın Xəzər donanması vasitəsilə Ukrayna ərazilərini bombalanması faktı ətrafında susub.

Bundan başqa “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusunu gündəmə gətirən Kreml, Türkmənistan qazının Avropaya daşınmasına imkan verəcək “Transxəzər” qaz-boru kəmərinə əngəl törətmək üçün əlindən gələni edib.

Media1.az