28 Mart 2024

Putinə qarşı hazırlanmış iki variant: Ya istefaya məcbur ediləcək, ya da devriləcək

Kreml sahibinin hakimiyyəti üçün real daxili təhlükənin yaranmaqda olduğu barədə müəyyən məlumatlar mövcuddur… Prezident Vladimir Putin tədricən Rusiyanın hərbi-siyasi elitasının dəstəyini itirməyə başlayıb…

Ukrayna savaşı həlledici mərhələyə keçmiş kimi görünür. Bu mərhələ Rusiyanın gələcək taleyini müəyyən edə biləcək məzmun daşımağa başlayıb. Və bu baxımdan, Kremlin mövcud situasiyada necə davranacağı, hansı qərarları alacağı böyük önəm daşıyır.

Məsələ ondadır ki, hazırda Rusiya həqiqətən də real təhlükə ilə üzləşib. Ukrayna savaşında Rusiya ordusu olduqca ağır hərbi böhranla qarşı-qarşıya qalıb. İndi artıq Rusiyanın Ukrayna savaşında qalib gəlmə ehtimalı ümumiyyətlə, inandırıcı görünmür.

Bir tərəfdən, Rusiyanın hərbi-texniki potensialı tükənmək üzrədir. Kreml müasir hərbi texnika ehtiyatını artıq demək olar ki, sərf edib. Ona görə də, son vaxtlar Rusiya ordusu ötən əsrdən, daha doğrusu, keçmiş SSRI-dən qalmış köhnə hərbi texnikadan istifadə etmək məcburiyyətində qalıb.

Ancaq Rusiya ordusunun köhnəlmiş hərbi texnika ilə təchizatında da ciddi problemlər yaşanır. Belə ki, Ukrayna ordusu ABŞ və Qərbin tədarük etdiyi müasir döyüş texnikası, xüsusilə də yeni raket sistemləri ilə Rusiyanın təchizat marşrutlarına zərbələr endirir. Rusiya ordusunun silah-sursat anbarlarını partladır. Və Rusiya ordusu hər ötən gün daha ağır vəziyyətə düşür.

7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB)

ABŞ-ın dövlət katibi Entoni Blinken NATO rəhbərliyi ilə görüşdən sonra bildirib ki, Rusiya ordusunun döyüş potensialı sarsıdılıb: “Prezident Vladimir Putin düşünürdü ki, Ukraynaya hərbi müdaxilə Rusiya ordusunun qüdrətini bütün dünyaya göstərəcək. Ancaq bunun əvəzində Rusiya Ukrayna savaşının yeddinci ayında İran və Şimali Koreyaya hərbi yardım üçün xahiş etmək məcburiyyətində qalıb”.

Maraqlıdır ki, Qərb xüsusi xidmət servisləri Rusiyanın öz quru qoşun növlərinin 80 faizini artıq Ukraynaya göndərdiyini iddia edirlər. Həmin iddialara görə, Ukrayna savaşında Rusiya müasir hərbi texnikasını tükəndirməklə yanaşı, həlak olanlar və yaralananları birlikdə hesabladıqda 80 min hərbçi itirib. Və bu, Rusiya ordusunun öz döyüş qabiliyyətini itirməsi ilə nəticələnib.

Onu da qeyd etmək lazımdır ki, bu iddialarda həqiqət payının olduğunu Ukrayna savaşında baş verənlər də sübut edir. Belə ki, Rusiya ordusu artıq uzun müddətdən bəri hücum strategiyasını müdafiə taktikası ilə əvəzləmək məcburiyyətində qalıb. Halbuki, Rusiya ordusunun müdafiə taktikasının öhdəsindən gələ bildiyini iddia etmək çox çətindir.

Məsələ ondadır ki, Ukrayna ordusu xeyli müddət əvvəldən hazırlaşmağa başladığı hücuma keçid mərhələsinə artıq start verib. İndi Ukrayna ordusu cəbhənin bəzi bölgələrində uğurlu hücum əməliyyatları reallaşdırır. Son məlumatlara görə, Ukrayna ordusunun kifayət qədər ciddi önəmli hərbi nailiyyətləri də olmamış deyil.

Hər halda, Xarkov və Xerson istiqamətlərində Rusiya ordusu geri çəkilmək məcburiyyətində qalıb. Bəzi strateji yaşayış məntəqələri Ukrayna ordusunun nəzarətinə keçib. Hətta Rusiya ordusuna aid hərbi qruplaşmanın mühasirəyə düşmə təhlükəsi yaranıb. Rusiya ordusunun silah-sursatla təchiz edildiyi bəzi marşrutlar Ukrayna ordusunun nəzarəti altına düşüb.

3310d881-e862-4f04-a353-f6d98db26520.jpg (110 KB)

Belə anlaşılır ki, Ukrayna savaşı başlayarkən, uzağı bir həftə ərzində paytaxt Kiyevə girməyi planlaşdıran Rusiya ordusu indi sarsıdıcı məğlubiyyətə doğru yaxınlaşır. Əgər, Rusiyanın hərbi rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmazsa, yaxın aylarda Rusiya paytaxtı Moskvada “məğlubiyyət paradı” qaçılmaz ola bilər. Və bu halda, Rusiyanın gələcək taleyinin ciddi müzakirə mövzusuna çevriləcəyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, Rusiya mətbuat resurslarında tədricən pessimist məlumatlara təsadüf edilir. Həmin məlumatlarda vurğulanır ki, Rusiya hərbi qruplaşmasının mühasirəyə alınması böyük fəlakətə səbəb ola bilər: “Hərbi taktika baxımından, geri çəkilmək qərarı indiki ağır situasiyada tamamilə düzgündür. Düzdür, bu, faciəvi və acı bir reallıqdır, lakin qlobal qarşıdurma epizodudur”.

Göründüyü kimi, Rusiya media resursları məğlubiyyət təhlükəsini Ukrayna ordusu deyil, ABŞ və Qərblə qarşıdurma üzərindən izah etməyə çalışır. Əslində, bunda kifayət qədər həqiqət payı da olmamış deyil. Çünki, ABŞ və Qərbin hərbi dəstəyi olmasa, Ukrayna ordusu bu savaşda tab gətirə və indi əks hücum əməliyyatlarına başlaya bilməzdi.

Qərb mətbuatında yer alan məlumatlara görə, ABŞ-ın Ukrayna savaşındakı hədəflərə də kifayət qədər düzəlişlər edilib. Savaş başlayarkən, əsas hədəf Rusiyaya sürətli qələbə imkanı verməmək idi. Buna nail olunduqdan sonra Ukrayna savaşının mümkün qədər uzadılaraq, Rusiyanın zəiflədilməsinə cəhdlər göstərilirdi. İndisə, ABŞ-ın hədəfi daha da konkretkəşib və Rusiyanın mütləq məğlubiyyətinə nail olunmasına qərar verilib.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Maraqlıdır ki, uzun müddətdən bəri susqunluğunu qoruyan NATO-nun baş katibi Yens Stoltenberq də Ukrayna ordusunun hərbi uğurlarına münasibət bildirib. Ukraynada savaşın həlledici fazaya daxil olduğunu vurğulayıb: “Ukrayna ordusu rusların hücumunu dayandıra və əks zərbələr ilə bəzi əraziləri yenidən nəzarət altına ala bilib. Son bir neçə gün ərzində Xerson və Xarkov bölgələrində olduqca ciddi dəyişikliklər baş verib”.

Yens Stoltenberq onu da qeyd edib ki, savaş ucbatından maliyyə-iqtisadi təzyiqlər güclənsə də, NATO ölkələri Ukraynaya hərbi yardımları davam etdirəcək: “Unutmaq olmaz ki, biz Rusiya aqressiyasının dəyərini yalnız maliyyə vəsaitləri ilə ödəyirik. Ancaq Ukrayna bunu öz vətəndaşlarının həyatı ilə ödəmək məcburiyyətində qalıb”.

Bütün bunlar onu göstərir ki, Rusiyanın nəinki sürətli, hətta ümumiyyətlə, qələbə planları iflasa uğrayıb. İndi Kreml məğlubiyyətdən yayınmaq barədə düşünmək məcburiyyətində qalıb. Rusiyanın məğlubiyyətdən yayına biləcəyi isə indiki halda, o qədər də inandırıcı görünmür. Və bu, Rusiyanın hərbi-siyasi dairələrindəki əhval-ruhiyyəyə birbaşa təsir göstərir.

293d5b5d795c6cbfde16746b30ed4b09.jpg (123 KB)

Məsələ ondadır ki, Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, prezident Vladimir Putin Rusiya ordusunun məğlub duruma düşməsindən olduqca qəzəblidir. Kreml sahibinin tez-tez Rusiya generalitetinə qarşı sərt ittihamlar irəli sürdüyü bildirilir. Hətta son vaxtlar prezident Vladimir Putin və bəzi rus generalları arasında münasibətlərin gərgin olduğu barədə də iddialar mövcuddur.

Kreml sahibi üçün real daxili təhlükənin yaranmaqda olduğu barədə də müəyyən məlumatlar mövcuddur. Həmin məlumatlara görə, prezident Vladimir Putin tədricən Rusiyanın siyasi elitasının dəstəyini itirməyə başlayıb. Rusiya siyasi elitası Kreml sahibinin Ukrayna ilə savaşa başlamasından və ordunun məğlub duruma düşməsindən ciddi şəkildə narazıdır. Hesab olunur ki, Kreml sahibi doğru hesablamalar aparmadan başlatdığı bu savaşla Rusiyanın beynəlxalq nüfuzuna sarsıdıcı zərbələr vurub.

Əgər, bu məlumatlar doğrudursa, deməli, prezident Vladimir Putinin hakimiyyətinə ciddi təhlükələr mövcuddur. Hətta paytaxt Moskvada bəzi deputatların Putinin istefasını tələb etməyə başladıqları barədə də müəyyən məlumatlar var. Və bu, o deməkdir ki, yaxın vaxtlarda prezident Vladimir Putin ya istefaya məcbur edilə, ya da Ukrayna savaşında məğlubiyyət qaçılmaz olacağı təqdirdə, ümumiyyətlə, devrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu