24 Dekabr 2024

Putindən sonrakı dövr: yığdıqları varidatı təhlükəyə atmaq istəmirlər

Bu gün Putinə qarşı Navalnıya dəstək olanlar arasında Kremlə ən yaxın olan insanlar da var

Rusiyanın dünyada və bölgəmizdə ciddi rolu var, postsovet məkanını həmişə öz arxa baxçası hesab etdiyinə, böyük dövlət, imperiya olmağın ərazi ilə ölçüldüyünə inandığına görə, istər-istəməz bütün keçmiş SSRİ dövlətləri öz siyasətlərində Kremli nəzərə almağa məcburdular.

Putin SSRİ-nin dağılmasını 20-ci əsrin ən böyük faciəsi adlandırmışdı, halbuki 20-ci əsrdə milyonlarla insanların həlak olduğu İkinci Dünya müharibəsi, milyonlarla insanları öldürən İspan qripi, Rusiyada Vətəndaş müharibəsi, Stalin repressiyaları olub: bütün bunlara baxmayaraq, Putin məhz SSRİ-nin çökməsini ən böyük geosiyasi fəlakət adlandırmışdı. Günü bu gün də Kreml ideoloqları, hətta Kremlə qarşı olan müxalif kəsimin bir hissəsi də postsovet ölkələrinin müstəqilliyini həzm edə, bununla barışa bilmirlər. Əslində, bu, bütün imperiyalara xas inersiyadır, amma Rusiyada bu daha aqressiv təzahür edir.

Putin Predictions of Yore: What the Pundits Thought 20 Years Ago - The  Moscow Times

Rusiyanı müstəqillikdən bəri  isim olaraq 2 nəfər idarə edib – Boris Yeltsin və Vladimir Putin. Şərti olaraq Yeltsin dövrünü “liberalizm”, Putin dövrünü isə “avtoritarizm” dövrü adlandırırlar. Əslində isə hər iki dövrü xüsusi xidmət orqanlarının və hərbi-sənaye kompeksinin (HSK) dövrü, generallar idarəçiliyi adlandırmaq daha doğru olardı. Yeltsin dövründə idarə olunan xaos yaradaraq, kiçik bir kəsim qısa zaman kəsiyində ağlasığmaz dərəcədə varlandı – Putinin “dəstəsi” də məhz həmin dövrdə böyük pullar qazandı. Yəni, Yeltsin dövrü elə Putini yaratmaq üçün idi (onun qısa zaman kəsimində başgicəlləndirici karyera qurması buna sübutdut), nəticədə 21 il əvvəl Yeltsin elə həmin dəstənin təkidi ilə kreslonu Putinə verib siyasətdən üzüsulu, toxunulnaz şəkildə getdi. Sonra Putini gətirənlər arasında resurslara çıxış uğrunda münaqişələr qızışdı, pul hərisliyi, qazanc həvəsi bu davanı apoqeyə çatdırdı, nəticədə, guya, oliqarxlarla mübarizə başlandı, xüsusi xidmət orqanları və HSK bir odioz dəstəni çıxdaş edərək, əvəzinə daha loyal və daha sözə baxan dəstəni irəli çıxartdı (Berezovski və ko.-nun başına gələnləri xatırlayın).

Formal siyasi səhnə isə köhnə oyunçularla dizayn edilmişdi – daimi müxalifət rolu kommunistlərə, Kremlin “xoxanı” rolu Jirinovskiyə həvalə edildi. Kreml özü isə bir yox 3 hakim siyasi cərəyan yaradaraq aralarında görüntü rəqabəti yaratdı (“Edinaya Rossiya”, “Spraverliviya Rossiya” və “Narodnıy Front Rossii”). Azsaylı liberal kəsimlə iş isə “Yabloko”ya (Yavlinski) tapşırıldı. Zaman-zaman sağ-liberal qanada yeni oyunçular gətirdilər – Proxorov bu layihələrdən biri idi, amma tutmadı, tuta da bilməzdi.

İndi görünən odur ki, köhnə oyun qaydaları işləmir, yeni nəsl yetişib, hansını ki, “90-ci illərlə” qorxutmaq, Yeltsinlə hürkütmək olmur – Putin hakimiyyətə gələndə anadan olanların bu gün 22 yaşı var, onlar artıq 4 ildi seçicidirlər.

Alexei Navalny Poisoning Allegations: Putin Under Pressure | Time

Xüsusi xidmət orqanları və HSK Putindən daha ağıllı və daha uzaqgörəndilər, aralarında əsl “patriotlar” da var. Onlar yeni nəslin daha köhnə qaydalarla yaşamaq istəmədiklərini gördülər, ilk siqnal “Bolotnı” hərəkatı zamanı oldu. Orta sinif, kreativ gənclik küçələrə çıxdı və yeni formatların zəruriliyini ortalığa çıxartdı. Bu zaman Aleksey Navalnı yarandı, tək şəxs kimi yox, funksiya kimi də çox bacarıqlı və ardıcıl mövqe ortalığa qoymağa başladı. Yeni nəslin istər-istəməz yaxın gələcəkdə həlledici rol alacağını görən gözəgörünməz “elita” və onların “Forbes” jurnalının siyahalarında görünən üzləri artıq yeni “oyun qaydalarının” yaranmasının vacibliyini anladılar. Mən israr etmirəm ki, Navalnı “layihədir”, sadəcə maraqların üst-üstə düşməsi baş verdi, onun komandasına maliyyə və informasiya dəstəyi göstərməyə və Navalnı Putinə qarşı “torpedo” rolunu oynamağa başladı.

Bütün bunlar azalan iqtisadi fürsətlərə çıxış və ən əsas isə bu günə qədər yığdıqları yüzmiylardlarla dollar varidatın qorunması üçün gedən mübarizədir. Bu məsələdə Putin artıq ən böyük maneədir – Co Bayden administrasiyasi Rusiyaya qarşı daha böyük sanksiyalar gətirəcək, Putinin bütün yaxın ətrafı Qərbdə olan hər şeyini itirə bilər. Bu gün Putinə qarşı Navalnıya dəstək olanlar arasında, əminəm ki, Kremlə ən yaxın olan insanlar da var.

Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilib — Fotolar+Video  +Yenilənib

2021-ci il Dumaya seçkilər ilidir, ənənəvi siyasi elita və partiyalar fiaskoya uğrayıb – kommunistlərə səs verənlər fiziki olaraq sıradan çıxır, mənəvi olaraq da inamlarını itirirlər. Çünki Zyuqanov və dəstəsi Rusiyanın ən varlı adamları sırasındadırlar – belə kommunist olmur. Jirinovski isə artıq aktuallığını itirib, təlxəkliklə bir yerə qədər getmək olardı.  Kremlin 3 siyasi təşkilatı isə ideoloji “bankrotdu”, cəlbedici hekayələri yoxdur. Bu il baş tutacaq seçkilərdə yeni, gənc partiyalar önə çıxacaqlar, Navalnı əsas moderatorlardan biri olacaq. Duma seçkiləri Putindən sonrakı dövrə ən böyük addım ola bilər, çünki vəziyyət artıq yetişib. Heç kim 1 nəfərin ambisiyalarına görə 30 ildir yığdığı varidatı təhlükəyə atmaq istəmir.Müəllif: 

Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert