22 Dekabr 2024

Putin Pekindən əliboş qayıtdı – səbəb

Bir həftə əvvəl Avropa bazarına alternativ tapdıqlarını deyirdi, amma Çin ucuz Rusiya qazını almağa həvəs göstərmir

Ötən həftə dünya siyasi gündəmini İsrail-HƏMAS qarşıdurması zəbt etsə də, iqtisadi gündəm daha  çox Pekinə kökləndi. Çin paytaxtında keçirilən “Bir kəmər-Bir yol” layihəsinə həsr olunmuş forum Rusiya prezidenti Vladimir Putinin iştirakına görə əvvəlkilərdən daha çox diqqət cəlb etdi.

Bu, Putinin Ukraynadakı işğalçı müharibə başlanandan bəri uzaq xaricə ilk səfəri olmaqla yanaşı, Pekində əldə olunması gözlənilən razılaşmalar baxımından beynəlxalq medianın gündəmində oldu. Belə ki, Putinin Çin lideri Si Cinpinlə görüşü zamanı Rusiya qazının Çinə ixracını bir neçə dəfə artıracaq “Sibirin gücü-2″ qaz kəmərinin çəkilməsini nəzərdə tutan layihə ilə bağlı konkret razılaşmanın əldə olunacağı gözlənilidi. Layihənin görüşdə müzakirə olunacağını Putinin mətbuat katibi Dmitri Peskov da elan etmişdi. Bundan əlavə, Pekinə Rusiya prezidenti ilə birlikdə “Qazprom” şirkətinin rəhbərliyi də geniş tərkibdə getmişdi.

Nəhayət, Pekinə getməzdən öncə Putin arxayın şəkildə Avropanın almadığı bütün qaz həcmlərinə alıcı tapdıqlarını elan etmişdi: “Biz bunu praktiki olaraq tapmışıq. Təchizatın həcmi hələ Avropa qitəsi ilə müqayisədə azdır, lakin bu ölkələrin iqtisadiyyatı genişləndikcə təchizat da artacaq, mən burada heç bir problem görmürəm”.

Putinin fikrincə, Avropa Rusiya qazı olmadan dolana bilmir: “Avropa ölkələri hələ ki bizim qazımız olmadan keçinə bilmir. Onların, sadəcə olaraq, əlavə qazı əldə etməyə yerləri yoxdur. Bu, yəqin ki, mümkündür, amma çətindir, hətta mövcud alternativ fiziki həcmlər belə kifayət etmir. Biz hamımız Amerika qazını almaqdan danışırıq, lakin orada da hasilat həcmi məhduddur və onu tez bir zamanda artırmaq o qədər də asan deyil. Bunlar hamısı uzun bir dövrü əhatə edən işlərdir”.

Putin və Si Cinpin Pekində ikitərəfli danışıqlara başlayıblar Ucnoqta.az

Lakin Pekində Putinlə Si Cinpin arasında 3 saatdan artıq çəkən görüşdən sonra verilən açıqlamalarda “Sibirin gücü-2″ layihəsi barədə bir kəlmə olsun məlumat səsləndirilmədi. Pekində verilən yeganə açıqlama “Qazprom”la Lin Dövlət Neft-qaz Şirkəti  CNPC arasında qaz alqı-satqısına dair əlavə sazişin imzalanması barədə oldu. Həmin saziş bu ilin sonunadək Çinə nəzərdə tutulandan əlavə 600 milyon kubmetr qazın nəqlini nəzərdə tutur. “Qazprom”un sazişlə bağlı bəyanatında bildirilir ki, “işçi görüş zamanı “Qazprom” və CNPC-nin sədrləri ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər”. “Qazprom” “Sibirin gücü” qaz kəmərinin ikinci qolunu israrla təbliğ edir, lakin çinlilər nəzakətlə susurlar. Beləliklə, ötən həftə Pekində 2023-cü ilin martındakı vəziyyət təkrarlandı: Si Cinpin Moskvada bütün təmtəraqla qəbul edildi, lakin Çin tərəfdən enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı heç bir siqnal olmadı. Rusiya mətbuatının yazdığına görə, onlar indi də “meydana çıxmayıblar”.

Çinin ilk kəmərdəki mövqeyinə görə Moskva ikincinin maliyyələşməsini birlikdə həyata keçirməyə çalışır. Məsələ burasındadır ki, “Sibirin gücü-2″ mürəkkəb marşrutlu kəmərdir və onun tikintisi ən azı 10 il çəkəcək. Bundan əlavə, layihə olduqca bahalıdır: yalnız boru xəttinin çəkilməsi 55 milyard dollar hesablanır. Kəməri qazla doldurmaq üçün iki yatağın işlənməsi, Amur vilayətində qaz emalı zavodunun və onlarla kompressor stansiyasının tikintisi xərclərini daxil etsək, layihənin dəyəri 100 milyard dollara qalxacaq. Plana görə, indi layihələndirmə işləri aparılarsa, “Qazprom” 2048-ci ildən öz vəsaitlərini geri qaytarmağa başlaya biləcək. Layihədə qazın qiyməti neftin qiymətinə bağlı olduğundan, qoyulan investisiyanın qaytarılması bir barel üçün 60-90 dollar arasında hesablanıb. Üstəlik, Çin “qiymət öldürən” alıcılardandır və kəmər hazır olduqdan sonra hansı tələblərin irəli sürüləcəyini proqnozlaşdırmaq çətindir. Buna görə də Rusiya layihənin maliyyə riskini bölüşmək istəyir, Pekin isə ümumiyyətlə, layihə ilə maraqlanmadığını açıq nümayiş etdirir.

Qeyd edək ki, 2023-cü ildə “Sibirin gücü-1″lə Çinə 22 milyard kubmetr qazın nəqli planlaşdırılır. Üstəlik, əlavə 8 milyard kubmetr maye qaz satışı gözlənilir. 30 milyard kubmetr “Şimal axını 1″lə Avropaya nəql olunan qazı belə kompensasiya etmir. Analitiklərin hesablamalarına görə, Rusiyanın Avropaya qaz tədarükü 2021-ci ildəki 201 milyard kubmetrdən 2023-cü ildə 26-27 milyard kubmetrə qədər azalıb. “Qazprom” Türkiyəyə də qaz tədarük edir. Onun qiyməti neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti qalxarsa, o zaman təklifin həcmi azalar. Məsələn, bu ilin may ayında Türkiyə qaz alışını  25 faiz azaldıb, ilin sonuna qədər isə daha 7,5 azaldacağı gözlənilir. Ümumilikdə 2023-cü ildə “Qazprom” 80 milyard kubmetr qaz ixrac edəcək ki, bu da müharibədən əvvəlki 2021-ci ildən 2,5 dəfə azdır. Bu isə o deməkdir ki, hətta “Sibirin gücü 2” işə salınsa belə, bu, Avropa bazarındakı itkilərin yarısını ancaq kompensasiya edə bilər. Lakin məsələ burasındadır ki, hətta “Sibirin gücü 1″in əsas ötürücülük gücünə – 38 milyard kubmetrə çatdırılmasına da Çin tərəfi hər hansı vəsait xərcləmək istəmir. İlk əvvəldən kəmərin bütün xərclərini qarşılayan Rusiya indi onun ötürücülük gücünü artırmaq işlərini də öz hesabına həyata keçirir. Çin tərəfinin təşəbbüskarlıq etməməsinin nəticəsidir ki, kəmərin tam ötürücülük gücünə çatması müddəti 2025-ci ildən 2027-ci ilə keçirilib.

Kreml Putin və Si Cinpinin Pekində təkbətək söhbət edəcəyini gözləyir –  "ELÇİ"

Rusiya niyə qaz ixrac bazarı kimi Çindən belə ikiəlli yapışıb? Cavab çox sadədir: Avropa İttifaqı artıq 2027-ci ilə qədər enerji sektorunu Rusiyasız quracağını bəyan edib. Maye qaz istehsalçıları yaxın 2 ildə böyük layihələr işə salacaqlar. Ən uzağı 2026-cı ildən Avropa qaz bazarında seçim imkanları 2021-ci ildəkindən daha geniş olacaq. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik “World Energy Outlook” hesabatına əsasən yeni maye qaz(LNG) layihələri üzrə istehsalın başlanması 2030-cu illərə doğru qaz bazarında təklif bolluğu yaradacaq.  Hesabat müəllifləri hesab edirlər ki, təklif bolluğu bazarda təbii qazın qiymətindəki volatilliyin qarşısını alacaq, onun ucuzlaşmasını şərtləndirəcək. Onların fikrincə, qısa müddətdə təbii qaz qiymətlərindəki dəyişkənlik davam edəcək, lakin 2025-ci ildən sonra yeni LNG layihələrinin tətbiqi ilə vəziyyət dəyişəcək ki, bu da “bazarların tarazlığını pozacaq və tədarüklə bağlı narahatlığı aradan qaldıracaq”.

Hesabatda qeyd edilir ki, artıq tikintisi davam edən və ya yekun investisiya qərarı qəbul edilən layihələr 2030-cu ilə qədər LNG istehsalını ildə 250 milyard kubmetr artırmalıdır ki, bu da bugünkü qlobal tədarükün yarısına bərabərdir. Qlobal maye qaz təklifində ən əhəmiyyətli artım 2025-ci ildən 2027-ci ilə qədər gözlənilir. Yeni layihələrin yarıdan çoxu ABŞ və Qətərdə yerləşir.

BEA-nın fikrincə, yeni LNG istehsalının tətbiqi qlobal qaz bazarında tarazlığa nail olmağa imkan verəcək, lakin onun istehlakının artım tempi də yavaşıyır. 2030-cu ilədək tələb və təklif 4,3 trilyon kubmetrə qədər artacaq ki, bu da 2022-ci illə müqayisədə 161 milyard kubmetr və 140 milyard kubmetr (təxminən 4 faiz) çoxdur. Eyni zamanda, 2050-ci ilə qədər analitiklər qaza tələbat və təklifin 3 faiz azalacağını və ildə 4,17 trilyon kubmetrə düşəcəyini proqnozlaşdırırlar.

Agentlik vurğulayır ki, yeni LNG güclərinin işə salınması, eləcə də qlobal qaz tələbatının artım tempinin aşağı düşməsi Rusiya üçün Asiya ölkələrinə “mavi yanacağın” tədarükünün diversifikasiyasında çətinliklər yaradır: “Qiymətləndirmələrimizə görə, yeni qaz tədarüklərinin üçdə birindən çoxu spot bazarda təqdim olunacaq. Bununla belə, yetkin bazarlar, xüsusən də Avropa bazarı struktur tənəzzülü yaşayır. İnkişaf etməkdə olan bazarlarda isə daha böyük həcmləri mənimsəmək üçün kifayət qədər infrastruktur olmaya bilər. Bazarda artıq LNG təklifi o deməkdir ki, Rusiya Federasiyası yeni bazarları fəth etmək üçün son dərəcə məhdud imkanlara malikdir. Onun qlobal qaz ticarətində 2021-ci ildəki 30 faizlik payı 2030-cu ilə qədər STEPS (mühafizəkar iqlim ssenarisi – IF) çərçivəsində iki dəfə azalacaq”.

Agentliyin məlumatına görə, Çində qaz istehlakının payı 2030-cu ilə qədər 24 faiz artaraq 458 milyard kubmetrə, Hindistanda – 78 faiz artmaqla 107 milyard kubmetrə, Cənub-Şərqi Asiya ölkələrinin qalan hissəsində isə 21 faiz artmaqla 191 milyard kubmetrə çatacaq.

Beləliklə, aydın görünür ki, Rusiya öz qazını Çinə satmağa, sadəcə, məcburdur. Pekin birbaşa kəmər ideyasını müsbət qarşılamadığına görə Rusiya dolayı yollarla məhsulunu Çinə satmağa çalışır: oktyabrın 7-də Özbəkistana Qazaxıstan üzərindən ildə 2,8 milyard kubmetr qazın çatdırılması prosesinə başlanıb. Özbəkistan son illərdə qaz hasilatının azalması, istehlakın sürətli artımını yaşayır. Ölkə bu səbəbdən Çinlə qaz satışına dair müqaviləyə əməl edə bilmir. İndi isə daxili istehlak üçün qazı Rusiyadan alıb, Çinə satışı artırmaq imkanı yaranıb. Eyni proses Qazaxıstanla da gedə bilər. Astana ildə Çinə 10 milyard kubmetr qaz satmaq öhdəliyinə əməl edə bilmir, amma ötən həftə Pekində tərəflər arasında qaz alqı-satqısına dair yeni müqavilə imzalanıb. Müqavilənin detalları açıqlanmadığına görə Qazaxıstanın əlavə qaz həcmlərini haradan əldə edəcəyi bilinmir. Lakin əksər analitiklər daxili istehlak üçün qazın Rusiyadan alınması, əvəzində Çinə ixracın artırılması variantının üzərində dayanırlar.

Maraqlıdır ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan  qazını Çinə daşıyan 3 xətli kəmərlər şəbəkəsinə Rusiyanın qoşulmasına hər 3 ölkə etiraz edib. Belə görünür ki, Qazaxıstan və Özbəkistan Rusiyadan qazı özləri alıb Çinə satmağa üstünlük verirlər…

Dünya SAKİT,
“Yeni Müsavat”