22 Dekabr 2024

Putin Odessanı niyə tutmur, yaxud da vurmur – ilginc müsahibə

“Yeni Müsavat”ın Ukrayna təmsilcisi, “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini Anar Natiqoğlu müharibə başlayandan Odessadakı ermənilərin yoxa çıxdığını deyir: “Bu aralar “ara” sözünü demək olar esitmirik…”

Rusiyanın əksər iri şəhərlərinə bomba yağdıran Rusiya nədənsə Odessaya “rəhm” edib. Qara dənizin və Ukraynanın bu inci şəhəri bir neçə dəfə bombalansa da, bu proses intensive xarakter almadı və hətta dənizdən hücum da baş vermədi. Rusiya, Putin hansı səbəbdən Odessanı hədəfə almayıb?

Bəzi təhlilçilərə görə, Mariupoldan sonra Ukraynanı dənizlərdən tam təcrid etmək üçün hədəfdə Odessa olmalı idi. Odessada yaşayan fəal azərbaycanlılardan biri, “Yeni Müsavat” Media Qrupunun Ukraynada akreditasiyadan keçmiş təmsilçisi Anar Natiqoğluna bu və başqa suallarla müraciət etdik:

– Anar bəy, necə bilirsiniz, Odessanın kənara qoyulmasına səbəb nə oldu? Müşahidələr və aldığınız informasiyalar nə deyir?

– Mən inanmıram ki, o plan ciddi şəkildə kənara qoyulub. Çünki ruslar Odessanı ulu nənələri Yekaterinanın tikdiyi qənaətindədirlər. Qurmaq istədikləri marionet dövlətlər, yaxud “Novorossiya” dedikləri utopik arzularının əsas paytaxtı Odessanı sayırlar. Bura vaxtilə Çar imperiyasının əsas ticari mərkəzlərindən, cənub paytaxtı olub. Ona görə də mən inanmıram ki, ruslar ciddi şəkildə o niyyətlərindən əl çəkiblər. Sadəcə, cənubda Ukrayna qoşunlarının həm Xerson, həm Dnepr istiqamətindən xeyli irəliləmələri, təxminən 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad olunması, işğalçıların Odessaya dəniz tərəfdən ən yaxın məsafədə olan Voznesenskdən – ora ilk bir ayda mühasirədəydi – 30-40 km kənara atılması, eyni zamanda Zmeyini adasının ətrafında xeyli kater, gəmiləribatırılandan, yeri gəlmişkən Moskva kreyseri də orda batırıldı,sonra bu istiqamətdən hücumlar bir az səngidi. Ümumiyyətlə, Kiyev ətrafında, Qostamel və digər bölgələrdə gərgin döyüşlər gedən vaxtda Odessa özünün müdafiəsi üçün xeyli vaxt qazandı və kifayət qədər ciddi müdafiə təşkil olundu. Dəniz kənarı zonada, sahil xətləri boyu həm texnika, həm piyada, həm gəmilər əleyhinə minaların yerləşdirilməsi həyata keçirildi. Həmçinin şəhərin özündə bəlkə də milyonlarla Molotov kokteyli hazırlandı, blok postlar quruldu, səngərlər qazıldı.Ümumiyyətlə, Odessada kifayət qədər güclü müdafiə təşkil olundu.

Bundan əlavə, qurudan Odessaya hücuma keçmək də asan olmadı. Nokolayev möhkəm müdafiə olunduğu üçün risk 50-50-yə endi.

– Zmeyi adasına hazırda kim nəzarət edir?

– Ada əsasən, İzmail şəhəri tərəfdən tərəfdən paralel müstəvidə yerləşir. Odessa ilə ara məsafəsi 140 km-lik məsafədir. Ukrayna hərbçiləri girov götürüləndən sonra bir müddət ora boş qaldı. Rus qoşunları əvvəl risk etmədi, sonra girib tutdular. Amma tutmaqları da onların xeyrinə olmadı. Ukrayna ordusu müasir silahlarla təchiz olunduqdan sonra istədiyi vaxt ruslara məxsus gəmiləri vururlar.

– Amma arabir Odessaya da mərmilər düşür. Hazırda vəziyyət necədir?

– Bu gün səhər (7 iyun – E.P.) mən gec yuxuya getmişdim. Səhər qalxdıqda atam dedi ki, 7-8 arası ən az on dəfə partlayış səsi gəldi. Teleqram kanalları xəbər yaydı ki, bizim Hava Hücumundan Müdafiə sistemləri işə düşüb.. Yəqin ki, rəsmi açıqlama olacaq. Son bir həftədə bir az rahatlıqdır, səngiyib. Amma üç gün əvvəl iki raket atmışdılar, birini bizimkilər vurdu, ikincisi düşdü. Ümumən gərginlik var.

– Bu, “tufanqabağı sakitlik” ola bilməzmi?

– Hər şey ola bilər.

– Odessadakı taxılın xarici bazara çıxarılması məsələsi də gündəmin əsas mövzularından biridir.

– Burda 20 milyon ton taxıl var, çıxara bilmirlər. Taxılın çıxarılması ilə bağlı Türkiyənin vasitəçiliyi məsələsi var. Burda ictimaiyyət bir az ümidlidir ki, ən azı dəniz yolu açılacaq. Prezident səviyyəsində deyildi ki, biz Rusiyaya güvənmirik. Həm də niyə Rusiya təkcə Türkiyə ilə danışıq aparır, Ukrayna da tərəf kimi danışıqlarda iştirak etməlidir. Bax, belə qeyri-müəyyən vəziyyətdir. Düzdür, bir az ümidlənmişdilər ki, o yol açılacaq. Rursiya deyir Ukrayna minaları təmizləsin, amma Ukrayna da hesab edir ki, ruslara güvənmək olmaz, minalar təmizlənən kimi, rus ordusu yenə də Odessa üzərinə hücuma keçəcək. Ukraynada deyirlər ki, Odessadakı 20 milyon ton taxılın çıxarılması sonra Odessanın itirilməsi ilə nəticələnəcəksə, qoy elə o taxıl batsın, bizə Odessa lazımdır.

– Elə bir az əvvəl belə bir xəbər yayıldı ki, Rusiya ordusu Ukraynanın ən məhsuldar taxıl bölgələrindən biri olan Nikolaevdəki ikinci ən böyük taxıl terminalını bombalayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell də açıqlama verib. Dediyinə görə, terminalın bomalanması dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə olduğu bir vaxtda dünyanın qida sektoruna vurulan zərbədir.

– Nikolayev terminalının vurulması xəbəri dəqiqdir. Amma orda bu günə qədər çox böyük miqdarda taxılın saxlanıldığını güman etmirəm. Müntəzəm yollarda oluruq. Bir aydan çoxdur ki, taxildasiyan böyük maşınlar həm bir, həm digər tərəfə hərəkət edirlər. Hesab edirəm ki, quru sərhədləri açıq olan ölkələrdən müəyyən daşınmalar həyata keçirilir.

Amma Rusiya işğal etdiyi ərazilərdən də xeyli taxıl daşıyıb apardı. Sanki həm də taxıl uğrunda müharibə gedir. Melitopol, Xersondan milyonlarla ton apardılar. Ukraynanın ehtiyatı 20 milyon ton ola bilməzdi ki. Hardasa 80-100 milyondan söhbət gedir.

– Zelenskinin müşaviri Almaniyadan narazılıq etmişdi, Ukraynanın gözlədiyi silahları hələ də göndərmədiyi üçün. Bu umu-küsülərdə haqq varmı? Ukrayna müdafiə və hücum üçün istədiklərini alırmı?

– Məncə, dəstək verilir. Amma bəzən gozləntilərlə reallıqlar üst üstə düşməyə bilər. Təbii ki, burada hər sözü demək olmur.

– Azərbaycan və Türkiyəyə münasibət necədir?

– Əhali razılıq edir. Azərbaycanın dövlət səviyyəsində və xalq tərəfindən humanitar dəstəyinə məmnunluqla yanaşırlar,SOCAR-ın müxtəlif xidmətlərə yanacaq dəstəyi rəğbətlə qarşılandı. Ərdoğanın vasitəçiliyi ilə Mariupolda mülki əhalinin təxliyyəsi tədbirləri xüsusi qeyd olunur.

– Bəs, yerli əhalinin əhvalı necədir? Müharibənin ilk günlərindəki ovqat qalırmı?

– İlk günlərə baxanda bir az fərqlidir vəziyyət. Xüsusən Mariupol və «Azovstal» ətrafında müzakirələr zamanı xüsusən keçmiş prezident Pyotr Poroşenkonun tərəfdarları əsasən sosial şəbəkələrdə müxtəlif ittihamlar səsləndirirlər. Muharibədə hər şey istədiyin kimi getməyə bilər, müəyyən yanlışlıqlar da olur. Məsələn Ukrayna siyasi rəhbərliyi Azovstaldan hərbçilərin çıxarılmasını xüsusi təxliyyə əməliyyatı adlandırdılar vəbildirdilər ki, xüsusi əməliyyat keçiririk, tezliklə onları geri qaytaracağıq, amma nəticədə məlum oldu ki, ruslar onları əsir götürüb. Rusiya tərəfdən də ağızlarına gələni danışırlar ki, başlarını kəsəcəyik, gülləyəcəyik, həbsə atacağıq. İyunun 6-da Zelenski açıqlama verdi ki, bizim Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsi onların azadlığı üçün əməliyyat və söhbət aparır. Yəni ümumi sözlər deyildi. Amma fakt budur ki, 2500 döyüşçü orda əsir düşdü. Həm də keçmiş dövlət başçısının həm ordunun içərisində, həm Krım tatarları icması arasında nüfuzu var.

– Anar bəy, əsir və girov götürülən ukraynalılarla bağlı müxtəlif rəqəmlər var. Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, ukraynalı əsir əsgərlərin say 6489-a çatıb. Dünyada Ukrayna taxılının bazara çıxarılmasından daha çox danışılır, nəinki əsir və girov ukraynalılardan. Ukraynadakı rəqəmlər necədir?

– Təxminən 4 minə yaxın hərbçi əsirlərdən söhbət gedir. Elə rusəsirlərin sayı da 3-4 min aarsında olar. Girov mülki əhaliyə gəldikdə, aşağı-yuxarı yarım milyon rəqəmi var. Onların böyük bir qismi məcburi aparılsa da, təhlükəsizlik baxımından könüllü şəkildə də Rusiya və ya donbas istiqamətinə üz tutanlar olub.

– Rusiyanın canlı itkiləri 31 minin üzərindədir, bəs Ukraynanın?

– Hərbçi itkisi onlardan azdır, hardasa 10 min civarında var. Amma mülki itkilər çoxdur, elə Mariupolda 20 min nəfər məhv edildi. Bir neçə gün əvvəl mənə etibarlı bir dostumuz məlumat verdi ki, Melitopol, Xerson, Mariupol tutulduğu ilk günlərdə rus ordusuna qarşı etirazlara qalxanlar var idi, amma artıq o etirazlar səngiyib. Camaatın etirazlarını təşkil edən şəxslər ki, var idi, onların kütləvi şəkildə öldürülməsi və ya yoxa çıxarılması barədə fakt olmasa da, proseslərin gedişatından bunun acı bir reallıq olduğu aydın olur. Çox güman ki, o aktivlərin hamısını qeydiyyata alıb, bir-bir sıradan çıxarırlar.

– Rusiya və Ukraynadan olan əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinə başlanılmayıb, eləmi?

– Yox. İki gün öncə Melitopol tərəfdə hər iki tərəfdən başabaş 160 meyit dəyişdirildi. Xerson tərəfdən meyvə-tərəvəz gətirənlər var idi ki, əvvəlcə onlara imkan yaradıldı, sonra da əlllərindən alındı hamısı. Ən böyük bazar ordaydı. İndi artıq ordan mülki maşınların hərəkətinə icazə verilmir, dərhal güllələyirlər.

– Ukraynanın 20 faiz ərazisinin işğal olunduğu barədə məlumat nə dərəcədə doğrudur?

– Hazırda vəziyyət dəyişib. 20 faiz ilk aylarda idi, Kiyev vilayəti işğal olunan vaxtlarda. İndi 10 faiz ola, ya olmaya.

– Ukrayna ordusu ciddi uğurlara nail olurmu?

– Severo Donetsk ərazisinin hardasa 30 faizi azad edilib. Ruslar xeyli irəliləmişdilər, 70 fazi işğaldaydı, yenidən geri qaytarıldı. Xerson vilayətində 30-35 məntəqə azad olunub. Cənubdan əks-hücum həyata keçirilir. Əsas niyyət Xersonu azad etməkdir. Ondan sonra hətta hücum edib Krımı da geri qaytarmaq olar.

– Amma Rusiya Xersonu ilhaq etməklə Donesk və Luqanskı da unutdurmaq istəyir. Hətta Xersonda «dövlət“ qurmağı hədəfləyiblər…

– Hə, maronet dövlət qurmaq istəyir. Krım telekanalının bir qolunu orda yaradırlar, rus pasportlarının paylanması məsələsi var. Rusiya bu gün Donesk-Luqanskdan daha çox Xersona əhəmiyyət verir.

– Məlumatlar və müşahidələr nə deyir: müharibə 2023-cü ilə keçə bilərmi?

– Yəqin ki, keçəcək. Hətta bu müharibə 2023-cü ildən də o tərəfə keçə bilər. Sadəcə bir məsələ var. 2014-cü ildən ötən 8 il ərzində vəziyyət necə idi? Bunlar Doneskin yarısında oturmuşdular, Ukaryna da digər yarısında. Bir kəndi o alırdı, bir kəndi də bu. Ancaq ciddi hücumlar yox idi, hadisələr lokal müstəvidə gedirdi. Amma indi başqa vəziyyətdir. Hesab edirəm ki, payızdan etibarən yenə də 2014-cü ildəki vəziyyətə qayıdacaqlar və məsələlər Qarabağdakı kimi uzanıb gedəcək, danışıqlar, qarşılıqlı ittihamlar davam edəcək. İndi bunlar Rusiyada, onlar da Ukraynada hakimiyyətin dəyişəcəyini gözləyirlər.

– Ukraynadakı azərbaycanlılar əllərindən gələn köməyi edirlər, döyüşürlər, həlak olurlar, mallarından keçirlər. Necə qarşılanır?

– Hər şey qanun çərçivəsindədir. Dövlətimiz bir sıra sahələr üzrə humanitar dəstəyini göstərir Ukraynaya. Xalq da hər zaman təşəkkür edir ki, sosial şəbəkələrdən, mediadan izləyirik, Azərbaycan daim bizi dəstəkləyir, biz də sizi dəstəkləyirik.

– Həmçinin prezident tərəfindən mükafatlandırılanlar da olur. Bütün bunlar həm də risklidir, elə deyilmi?

– Əgər Azərbaycandan gəlib burda muzdlu döyüşçü kimi döyüşsələr, o, bir başqa. Burda döyüşənlər Ukraynada illərdir yaşayan, vətəndaşlığı olan, doğulub-böyüyən, buranın hasasını udan adamlardır.

– Bəs, digər Ukrayna vətəndaşları, digər millətlərin nümayəndələri necə davranır, azərbaycanlılar kimi fədakarlıq edənlər varmı?

– Azərbaycanlılardan başqa həm döyüş cəbhəsində, həm də humanitar sahədə ikinci aktiv olanlar gürcülərdir. Bir də çeçenlər var ki, Dudayevə simpatiyası olanlar aktvlik göstərirlər.

– Pis çıxmasın, Ukrayna erməniləri necə davranır bu müharibədə? Heç bir səngərdə olurmu azərbaycanlı və ermənilər?

– Rast gəlməmişəm. Elə savaşdan qabaq biznesi, restoranıolanların da çoxu gözə dəymir artıq. Olanlar da bəlkə də xımır-xımır gözləyirlər ki, o tərəfdən ordu gəlsə, çıxıb, gül-çiçəklə qarşılasınlar. Xüsusən Ukraynadan gedən məcburi köçkünlərə Ermənistanda göstərilən aqressiv münasibətdən və Rusiyaya olan kütləvi dəstək nümayişindən sonra elə də gözə dəymirlər. Ümumiyyətlə, bu aralar “ara” sözünü demək olar eşitmirik…

Elşad Paşasoy,
“Yeni Müsavat”