23 Dekabr 2024

Prinsipial məsələ: su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik

“Heydər Əliyev İli” və Azərbaycan Milli Mətbuatının yaranmasının 148 illiyi çərçivəsində iyunun 21-23-də Şuşada keçirilən Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə ölkəmizin başçısı tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentimiz Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirib.

Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək.

Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcəkdir – deyə cənab prezident qeyd edib.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi