Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü-gündən inkişaf edir
Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” dövlət agentliyinə verdiyi müsahibədə Azərbaycan–Qazaxıstan münasibətlərinin bu günkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini dəyərləndirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Qazaxıstan qardaş, dost və strateji tərəfdaş ölkələrdir. Bu münasibətlərin əsasında qarşılıqlı inam, hörmət və ortaq tarixi köklər dayanır.
Müsahibədə İlham Əliyev nəqliyyat və logistika sahəsində əməkdaşlığı xüsusi önə çəkərək “Orta Dəhliz”in (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) region üçün strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan və Qazaxıstanın liman infrastrukturu, xüsusən də Aktau və Ələt limanları bu əməkdaşlığın əsas həlqələrindəndir.
Prezident, həmçinin enerji və investisiya əməkdaşlığı məsələlərinə toxunaraq bildirib ki, Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycana 136 milyon dollar həcmində sərmayə qoyub.
İlham Əliyev müsahibə zamanı həmçinin Türk Dövlətləri Təşkilatının roluna da diqqət çəkərək bu birliyin regionun siyasi və iqtisadi sabitliyinə mühüm töhfə verdiyini söyləyib.
Sonda Prezident vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək nümunəsidir və bu əlaqələr gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
