28 Mart 2024

Prezident erməni dəstəkçilərinə son sözünü dedi – gorbagor olmuş status xortlamayacaq!

Ermənilər üçün ikinci yol qalmır; “Sonuncu silahlı erməni ərazimizdən çıxana qədər bu əməliyyatlar davam edəcək və etməlidir”

Prezident İlham Əliyev Basqalda AzTV-yə verdiyi müsahibəsində siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı son dövrlərdə cərəyan edən hadisələrə münasibətdə net bəyanatlar və mesajlar verdi, xəbərdarlıqlar etdi. Onun çıxışı son günlərdə geniş şərh olundu.

Dövlət başçısının fikirləri içərisində xüsusilə diqqət çəkən daha bir məqam ermənilərin havadarlarına – onlar üçün status iddiası ortaya atanlara və revanşa sürükləyənlərə mesaj və son xəbərdarlıq idi.

Sitat: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

Digər fikir isə bu yöndə həm ermənilərə, həm də onların dəstəkçilərinə mesaj oldu:  “”Qisas” əməliyyatı cəza tədbiri idi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

Yəni ermənilər kimlərəsə arxayın olmasınlar  və o “kimlərsə” Azərbaycana təzyiq edib mövqeyindən döndərə biləcəklərinə qətiyyən inanmasınlar.

Bəs ermənilər və erməniyanlılar bu xəbərdarlıq və mesajlardan lazımi nəticəni çıxaracaqmı?

Elman Məmmədov prezidentə kömək etməkdənsə... - » Yenixeber.org - Oxu,  xəbərin olsun

Elman Məmmədov

Milli Məclisin deputatı Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ermənilər Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmamağın onlara necə baha başa gəldiyini artıq bir neçə dəfə təcrübədə yaşayıblar. Ona görə də bu dəfə nəticə çıxarmalıdırlar. Nəticə çıxarmaları ilk növbədə ermənilərin özlərinin xeyrinə olar: “Prezidentimizin ermənilərə xəbərdarlığı ilk dəfə deyil. 44 günlük Vətən müharibəsindən sonra xəbərdarlıqlar dəfələrlə edilib. Xəbərdarlıqlar təkcə ermənilərə deyil, onlara vəd verib, arxayınlaşdırıb bəd əməllərini davam etdirməyə sövq eləyənlərə olub. Hər dəfə də ermənilər bu xəbərdarlıqlardan nəticə çıxarmayanda cəzalarını alıblar. İki ilə yaxındır məhz belədir. “Qisas” əməliyyatından öncə də ermənilərə xəbərdarlıq olunmuşdu. Ancaq nə ermənilər, nə də onlarla birlikdə olan rus sülhməramlıları nəticə çıxarmadılar. Onlar elə zənn edirdilər ki, ruslar ərazidə olduğu üçün Azərbaycan əməliyyat keçirməz. Lakin Azərbaycan onlara sübut etdi ki, onun xəbərdarlıqları boşuna deyil, əgər nəticə çıxarılmayacaqsa, Azərbaycanı kimsə durdura bilməz. Bundan sonra da belə olacaq-sonuncu silahlı erməni ərazimizdən çıxana qədər bu əməliyyatlar davam edəcək və etməlidir. Azərbaycan ərazisi tamamilə bunlardan təmizlənməlidir. Həmin silahlı ermənilər təmizləndikcə, onların arxalandıqları hərbi kontingentə də ehtiyac qalmayacaq və Azərbaycan ərazisini tərk edəcəklər. Azərbaycan artıq sübut elədi ki, biz istənilən vaxt, istənilən yerdə istədiyinə nail olmaq gücündədir və heç kim bizə mane ola bilməz. Bir neçə həftə öncəyədək Laçında qanunsuz məskunlaşmış suriyalı, liviyalı ermənilər pafoslu bəyanatlar verirdilər, deyirdilər bizi buradan heç bir qüvvə çıxara bilməz, döyüşəcəyik. İndiki durumlarına baxın. Ona görə də Azərbaycan ərazisində qanunsuz yerləşən bütün ermənilər bax bundan nəticə çıxarmalıdırlar. Qanunsuz yaşayan, qanunsuzluqlar edən kimsənin gözünün yaşına baxılmayacaq, ya özləri gedəcəklər, ya güc yolu ilə çıxarılacaqlar. Sadəcə, hər şeyin öz zamanı var. Azərbaycan müharibə vərəqini qatlayıb, sülhün tərəfdarıdır. Sadəcə, Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməsi tələbi yerinə yetirilməlidir. Bunlar yerinə yetirilməsə, Azərbaycan istənilən vaxt məsələni güc yolu ilə həll edəcək. Nə olur-olsun Azərbaycan öz ərazilərini separatçılardan, terrorçulardan təmizləyəcək. Buna Azərbaycanın iradəsi, gücü var. Bütün beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir”.   

hikmet.jpg (238 KB)

 Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri Azərbaycanın iradəsinə qarşı çıxmağın baha başa gəldiyini bir daha göstərdi: “Azərbaycanda yaşayan, yaxud da yaşamaq istəyən hər kəs ölkə qanunlarına qeydsiz-şərtsiz əməl etməlidir. Qarabağda yaşayan ermənilərin davranışlarına və onların mümkün perspektivlərinə toxunan Prezident İlham Əliyev ilk dəfə idi ki, bəzi məsələləri açıq şəkildə ictimailəşdirdi. Bəlli oldu ki, ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif xahişlər edirlər. Bu isə özlüyündə Azərbaycan qanunlarına tabe olmağın və cəmiyyətimizə inteqrasiya olunmağın ilkin addımları kimi qiymətləndirilə bilər. Ona görə də Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha çox konkret şəkildə bəyan edərək bir sıra ünvanlara olduqca ciddi mesajlar verdi. Prezident İlham Əliyev bildirdi: “”Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”. Bu fikirdən belə aydın olur ki, ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün bir sıra ünvanlara çoxsaylı yalvarışlar ediblər. Ancaq bunun heç bir xeyri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırkı vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır”.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov isə bildirdi ki, Prezident İlham Əliyev müsahibəsində çox dəqiq, konkret, aydın mesajlar verdi, xəbərdarlıqlarını etdi. “Qisas” antiterror əməliyyatının həyata keçirilməsindən sonra siyasi müstəvidə də Azərbaycanın bir sıra uğurlu gedişləri müşahidə olunmaqdadır: “Yeni strateji yüksəkliklərin silahlı qüvvələrimizin nəzarətinə keçməsi Azərbaycanı siyasi cəhətdən də gücləndirir, geostrateji baxımdan mühüm üstünlüklər qazandırır. Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının bütün maddələrinin reallaşdırılması istiqamətində gərgin fəaliyyət həyata keçirir. Bəyanatın 6-cı maddəsinə uyğun olaraq Laçın yoluna alternativ yolun tikintisi başa çatdırılıb və Laçın şəhəri, Zabux, Sus kəndləri hazırda qanunsuz məskunlaşan ermənilərdən boşaldılır. Həmin ərazilər Azərbaycanın nəzarətinə veriləcək. Sonra isə alternativ yola Rusiya sülhməramlılarının dislokasiyası həyata keçəcək. Ənənəvi Laçın dəhlizi adlanan yol tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası texnologiyaları üzərində də işləyir. Bununla da ermənilərin və havadarlarının siyasi, diplomatik müstəvidə apardıqları müəyyən fəaliyyət də iflic edilmiş olur. Ermənilər və havadarları uzun illər müstəqillik və ya buna yaxın status əldə etmək istiqamətində fəaliyyət göstərsələr də, bu gün artıq yeni geosiyasi reallıqlar tamamilə başqa mənzərəni diktə edir. Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə veriləcək hüquqlar və imtiyazlar bütün Azərbaycan vətəndaşlarına verilən hüquq və imtiyazlarla eynilik təşkil edəcək. Cənab Prezidentin bu qətiyyətli mövqeyi bütün regionda vasitəçilik imkanlarını səfərbər edən tərəflərə də xüsusi mesajdır. Həm ermənilər, həm də ermənilərə müxtəlif istiqamətlərdə dəstək olan tərəflər bu mesajlardan və xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar. Nəticə çıxarmayacaqlarsa, yenə də ermənilər bundan ziyan görəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”