22 Dekabr 2024

Post-kapitulyasiya dönəmi -2: İrəvanın hərbi məğlubiyyəti “daşlaşır”

Ermənistanın Azərbaycan, Türkiyə və Rusiya ilə bağları bərkidilir – əsas hədəf; “müharibə partiyası”nın “qapıları” qapadılır; Bakı və Ankara proseslərin lokomotivi rolunda…

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş və bu görüş nəticəsində əldə edilən üçlü, yazılı razılaşma şübhə yox ki, bölgədə ən əvvəl yeni müharibə riskini ciddi şəkildə azaldacaq. Ona görə ki, 10 noyabr analoji bəyanatı bununla böyük ölçüdə konkretlik və dolğunluq qazanıb, regionda sülh və inteqrasiya prosesləri üçün geridönməz məzmun kəsb edib. Bir üçlü bəyanat digər üçlü bəyanatla möhkəmləndirilərək, daha etibarlı, daha güclü və daha işlək hala gətirilib.

Bunu Ermənistanın hərbi kapitulyasiyasının tədricən “daşlaşması” kimi də qiymətləndirmək olar. Ona görə ki, belə sənədlər İrəvanda və Xankəndində revanş hissi ilə alışıb-yanan separatçı-dağıdıcı qüvvələrin xülyalarına sarsıdıcı zərbədir, ümumiyyətlə, onların siyasi səhnədən sürətlə silinməsinə hesablanan çox mühüm gəlişmələrdir.

Söhbət öncəliklə Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçılarının müavinləri səviyyəsində ortaq komissiyasının yaradılması haqda razılaşmadan gedir. Yəni bu, artıq daha praktik bir səndədir. Həm də o səbəbə ki, Ermənistanı da özündə ehtiva edən çox dərin iqtisadi inteqrasiyanı hədəf alıb.

*****

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır - Sergey Markov  | Hafta.az

Bu xüsusda rusiyalı tanınmış politoloq Sergey Markovun şərhi diqqət çəkir. Putin, Əliyev və Paşinyan arasındakı danışıqları uğurlu sayan politoloqa görə, ən əsas məsələ bölgədəki kommunikasiyanı bərpa etmək üçün baş nazir müavinlərindən yüksək səviyyəli bir işçi qrupunun yaradılması haqda anlaşmadır: “Bu da o deməkdir ki:

Ermənistandan Rusiyaya gedən yol yaradılacaq. Bu, Ermənistanın Gürcüstandakı qərbyönlü anti-Rusiya rejimindən və İrandan asılılığını azaldacaq.

Azərbaycandan Naxçıvana və Türkiyəyə yol yaradılacaq. Yenə də Rusiya və Türkiyə Gürcüstan ərazisindən yan keçən dəmir yolu ilə birləşdiriləcək.

Dağlıq Qarabağın hələlik Ermənistan tərəfindən idarə olunan hissəsi ilə Azərbaycanın əsas hissəsi arasında yollar yaradılacaq. Bu, Bakının Dağlıq Qarabağın hələlik Ermənistanın nəzarətində (əslində rus sülhməramlılarının nəzarətində – red.) olan hissəsinin Azərbaycana inteqrasiyasının növbəti, dinc iqtisadi mərhələsinə başlamasına imkan verəcək.

Ermənilərlə azərbaycanlılar arasında barışıq mərhələsi başlayacaq. Putin və Əliyev onsuz da bundan danışır. Bu səhifəni bağlamalı və gələcəyimizi düşünməliyik.

Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü  keçirilir

Paşinyan hərbi əsirlərlə bağlı məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra ələ keçən 62 erməninin Ermənistana verilməsinə razı olmadı, çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə hərbi basqın etmişdilər.

Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin həll olunmadığından şikayətləndi. Ermənistan bunun Dnestryanı kimi muxtariyyət, demək olar ki, müstəqillik olmasını istəyərdi. Azərbaycan isə bunun Qaqauziya kimi ən minimum mədəni muxtariyyət olmasına razı ola bilər. Qüllələrdə kimin bayraqları olacaq? Hələ razılaşma yoxdur.

Yerlərdə tərəflərin bölünməsi ilə bağlı suallara da baxıldı. Bir çox detal var. Liderlər bunlara ətraflı girmədi.

Sülh müqaviləsinin ATƏT və ya BMT vasitəsilə beynəlxalq səviyyədə konsolidasiyası məsələləri nəzərdən keçirildi. Orada öz rolunu artırmaq və Ermənistanı daha güclü dəstəkləmək istəyən Fransanın inadkar mənfi mövqeyini aradan qaldırmaq lazımdır. Bu, Putin üçün bir işdir. Danışıqlar hamı üçün mənfəətli bitdi”.

*****

Xocavənddəki alayın komandiri fərarilik etdi, əsgərləri itkin düşdü - RƏSMİ  - modern.az

Əlbəttə, Dağlıq Qarabağda silahlı ermənilər qaldıqca, belə anlaşmaların reallaşmasına risklər də qalacaq. Sözsüz ki, bu amil həmişə diqqətdə saxlanılacaq – ələlxüsus da Azərbaycan və Türkiyə tərəfindən. Elə Rusiyaya və onun ərazidəki sülhməramlılarına da silahlı erməni lazım deyil. Çünki o halda həm sülhməramlı missiya təhlükə altına düşür və Moskvanın reputasiyası zərbə alır. Üstəgəl, Kremlin yeni müharibədə maraqlı olmadığı artıq dəqiqdir.

Başqa yandan, regionda tərəflər arasında iqtisadi-ticari inteqrasiya prosesləri dərinləşdikcə qanunsuz silahlı elementlərin və terrorçuların meydanı da daralmış olacaq. Nədən ki, onların erməni əhali arasında dayaqları minimuma enəcək. Rifaha və təhlükəsizliyə qovuşmuş sadə erməni niyə də bu terrorçuların ardınca gedib öz “isti aşına soyuq su qatmalıdır”?

*****

“Moskva görüşü Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazım idi”.

Bunu isə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvadakı üçtərəfli danışıqları şərh edərkən deyib.

Onun fikrincə, Ermənistan cəmiyyəti hazırda qisas istəmir, çünki Paşinyanı devirmək cəhdləri nəticəsiz qalıb: “Heç bir qisas hissi yoxdur və olmayacaq da. Dağlıq Qarabağ Azərbaycanın olub, Azərbaycanındır və həmişə də Azərbaycanın olacaq. Bundan irəli gələrək Ermənistan öz siyasi sistemini qurmalıdır. ”Böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək. İndi Ermənistan gücünü bərpa etməli, iqtisadi proseslərə qoşulmalı, Türkiyə və Azərbaycanla əlaqələr qurmalıdır. Ermənistanın buna ehtiyacı var”.

İqor Korotçenko: Biz görürük ki, nasizmin qəhrəmanlaşdırılması Ermənistanda  fəal şəkildə davam edir - İki sahil

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ ərazisi tam demilitarizasiya olunmalı, istisnasız olaraq bütün erməni hərbi birləşmələri oradan çıxarılmalıdır: “Azərbaycan ərazisində silahlı erməni olmamalıdır. İkinci məsələ sərhədlərin müəyyənləşdirilməsi və demarkasiyasıdır. Üçüncü məsələ Ermənistandan keçməklə Naxçıvana açılacaq nəqliyyat dəhlizidir. Həmçinin qaçqınların geri qaytarılması məsələlərinə də toxunmaq lazımdır…”

*****

Beləliklə, Ermənistanın Azərbaycan, Türkiyə və Rusiya ilə bağları bərkidilir. Bu prosesdə Rusiyanın əsas hədəfi şəksiz ki, İrəvanda hakimiyyət başında kimin olmasından asılı olmayaraq, Ermənistanın Qərbə sarı boylanmasını istisna eləmək, ölkənin siyasi-iqtisadi inkişaf vektorlarını sırf bölgəyə bağlamaqla onun Qərbdən asılılığını minimuma endirməkdir.

Yaxın və orta perspektiv üçün bu, Bakı və Ankaranın da maraqlarına tam cavab verir. Çünki Qərbin məkrli çevrələrinə, bəzi qlobal güc mərkəzlərinə və erməni diasporuna arxayın olan Ermənistandakı revanşist qüvvələr, Dağlıq Qarabağ konfliktinin həmişəlik sönməsini istəməyən “müharibə partiyası”, daşnak-faşist ünsürlər hələ güclüdür. Daim Türkə nifrəti körükləyən bu qüvvələrin ictimai rəyə zəhərli təsir imkanları qaldıqca Azərbaycan və erməni əhali arasında barışıq, qarşılıqlı iqtisadi və humanitar-insani inteqrasiya prosesinin vüsət alması mümkün görünmür. Demək, üçtərəfli sənədlərdə nəzərdə tutulan proses erməni xalqının da maraqları istiqamətində gedir.

Bakı və Ankaranın narahatlığı üçün isə zərrəcə əsas yoxdur. Çünki 12 yanvar bəyanatından da göründüyü kimi, bütün bu inteqrasiya proseslərinin lokomotivi rolunda məhz Azərbaycan və Türkiyə çıxış edəcək, proseslərin episentrində məhz iki qardaş ölkə duracaq – özlərinin bənzərsiz və üstün iqtisadi-maliyyə, energetik və logistik resursları ilə…

Analitik xidmət,
“Yeni Müsavat”