26 Aprel 2024

Polşada Rusiya Dövlət Dumasına alternativ parlament quruldu

Polşanın Yablonna kəndində Rusiya Federasiyası xalq deputatlarının birinci qurultayı açılıb.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, qurultayda müxtəlif illərdə Rusiyanın qanunvericilik orqanlarına seçilmiş deputat korpusunun nümayəndələri toplaşıb.

Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov və qurultay nümayəndələrinin əsas çıxışları Rusiya ilə Ukrayna arasında 2014-cü ildə başlayan müharibənin rədd edilməsi və bugünkü Rusiyanın ictimai-siyasi sistemini dəyişməsi ətrafında olub.

Qurultay iştirakçıları arasında Dövlət Dumasının keçmiş deputatları Gennadi Qudkov, İlya Ponomaryov və Mark Feyqin, Voronej vilayətinin Semiluk rayon şurasının deputatı Nina Belyayeva və Dövlət Dumasının deputatı Arkadi Yankovskini görmək mümkündür.

Qurultayda “Lüstrasiya aktı”, “İnqilab aktı”, “Rusiya müxalifətinə müraciət” kimi bir sıra sənədlər qəbul edilib. “Lüstrasiya haqqında akt” layihəsində, xüsusilə, Vladimir Vladimiroviç Putini fiziki cəhətdən aradan qaldıran və ya beynəlxalq cinayət məhkəməsinə təhvil verən, yaxud belə hərəkətin həyata keçirilməsində mühüm yardım göstərən şəxsin lüstrasiyadan azad edilməsi” barədə təklifin yer alması böyük mübahisəyə səbəb olub.

Sənəddə, həmçinin Dövlət Dumasının son iki çağırışının bütün deputatlarının, eləcə də bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarının, o cümlədən Rusiya Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularının lüstrasiyası nəzərdə tutulur.